Onlayn ictimai-siyasi qəzet
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə “Respublika Perinatal Mərkəzi” PHŞ-də baş vermiş yanğınla bağlı cinayət işi üzrə araşdırmalar davam edir.
Musavat.com-un xəbərinə görə, hakim qarşısına mərkəzin direktoru Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev, dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli çıxarılıblar.
Prosesdə zərərçəkmiş Gülbahar Zülfüqarova ifadə verib.
Şahid deyib ki, mərkəzdə birinci mərtəbədə yerləşən qəbul şöbəsində işləyib, vəzifəsi xəstələri qəbul etmək olub:
“Mən birinci mərtəbədə işləmişəm, hadisə 4-cü mərtəbədə baş verib. Həmin gün jurnalı götürdüm, yoxlamaya başladım. Bu zaman yanğın baş verdiyini gördüm.
Soruşdum ki, qurumlara məlumat verilib? Dedilər, 102-yə məlumat verilib. Mən özüm 112-yə və Mehriban Abasquliyevaya zəng edərək xəbər verdim. Daha sonra hadisə yerinə qayıtdım. Artıq hər yer alışmışdı. Yanğının söndürülməsinə kömək etməyə başladıq. Yuxarıda yeriyə bilməyən xəstələr var idi, həmçinin küvəzdə saxlanılan uşaqlar var idi. Onlar həkim nəzarətində idi. Mənim onları götürməyə və ya yerlərini dəyişməyə ixtiyarım yox idi. Küvəzin ortadan yandığını gördüm. Sonra jalüz yandı, içəri keçmək mümkün olmadı”.
Gülbahar Zülfüqarova qeyd edib ki, Mehriban Abasquliyevaya özü də gəlib, birlikdə yanğının söndürülməsi ilə məşğul olublar:
“Bizdə maska yox idi. Ağır şəraitdə yanğın olan yerdə işləmişik, heç yerə qaçmamışıq. Mən zərərçəkmiş qismində tanınmağımı istəmirəm. Yanğın olan şöbə ilə əlaqəm olmayıb”.
Digər zərərçəkmiş Vaqif Hacıyev isə mərkəzdə təcili yardım şöbəsində mühafizəçi olub və yanğın onun növbədə olduğu gün baş verib:
“Mən mərkəzin mühafizəçisiyəm. Məndən başqa növbədə olan Elçin də vardı, o, Daxili İşlər Nazirliyindən təhkim olunmuş mühafizəçi idi. Həmin vaxt mən yeməkxanaya düşmüşdüm. Bir qədər sonra Gülşən zəng etdi və nəsə dedi, amma başa düşmədim. Yanğın söhbətini eşitmədim. Təcili yardım şöbəsinə gələndə isə orada heç kəsin olmadığını gördüm. Sonra eşitdim ki, dördüncü mərtəbədə yanğın olub. Mən də cəld yuxarı qalxdım. Göz-gözü görmürdü, hər yer qatı tüstü idi. Biz çalışdıq ki, orada olan şəxslərə köməklik edək. Yanğın söndürənlər gələndən sonra küvəzi aşağı düşürdük”.
Daha sonra prosesdə məlum olub ki, bəzi zərərçəkmişlər məhkəməyə gəlmək istəmirlər. Bu səbəbdən məhkəmə onların məcburi gətirilməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, ötən il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin yanğın təhlükəsizliyi qaydalarını pozma maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib. Cinayət işi üzrə zərərçəkmiş qismində “Respublika Perinatal Mərkəzi”, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam oğlu Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.
Proses aprelin 28-də davam edəcək.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ