İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağalıya yeni köç: Şuşa və Laçında məskunlaşma tezləşməlidir

Sentyabrın 7-də Ağalı kəndinə əhalinin köçürülməsinin ikinci mərhələsinə başlayıb. Zəngilan rayonunda “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə Böyük Qayıdışa uyğun olaraq daha 25 ailə (125 nəfər) köçürülüb. On iki ailədən ibarət birinci köç karvanı Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən yola düşüb. Ağalı kəndinə köçənlərin sırasında olan Şıxnəsib Mahmudov təəssüratlarını “Trend”lə paylaşıb.

 “Bu gün çox sevincliyik, çünki doğma yurdumuza qayıdırıq. Biz neçə ildir ki, bu günləri gözləyirdik. Bu günə görə ilk növbədə şəhid analarına, şəhid atalarına, Prezident İlham Əliyevə, Azərbaycan Ordusuna minnətdaram. Sevincimi ifadə etmək mənim üçün olduqca çətindir”, - Ş.Mahmudov vurğulayıb.

 Ağalı kəndinə bu gün köçməyə hazırlaşan Məhəmməd Mənsumov deyib ki, Zəngilanın işğaldan azad edilməsi xəbərini eşidəndə keçirdiyi hissləri ifadə etmək qeyri-mümkündür.

 “Səbirsizliklə kəndimizə köçəcəyim günü gözləyirdim. Nəhayət, həmin gün yetişdi. Zəngilana köçmək bu otuz ildə mənə yaşadığım bütün ağrıları unutdurur. Mənə bu sevinci yaşatdıqlarına görə Azərbaycan Ordusuna və Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevə təşəkkürümü bildirirəm”,- deyə M.Mənsumov bildirib.

İşğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı Strateji Fəaliyyət Planına əsasən, bərpa işlərinin məskunlaşma zonalarının miqyasından və iqtisadi potensialından asılı olaraq 3 mərhələdə aparılması təklif olunur. Əlbəttə ki, əhalinin köçürülməsi üçün infrastrukturlar yaradılmalıdır. Bunun üçün də şübhəsiz ki, vaxt tələb olunur. Amma bəzi ərazilərdə, məsələn, Şuşa, Laçın və Kəlbəcərin bəzi yerlərində müəyyən şərait var, oralara əhalinin köçürülməsini sürətləndirmək olar. Ekspertlər də hesab edir ki, Xankəndi və ətrafında erməni planlarının iflası üçün xüsusən Şuşa və Laçında məskunlaşma sürətlənməlidir. Bu, həm insanların öz yerlərinə qayıdıb həsrətlərinə son qoyması, həm də ermənilərin məkrli niyyətlərinin qarşısının alınması üçün vacibdir. Qeyd edək ki, bugünlərdə şəhərin ərazi planlaşdırılma layihələrinin təqdimatında bildirilib ki, 2040-cı ilə qədər Şuşanın əhalisinin sayının 25 min nəfərə çatdırılması nəzərdə tutulur. Bildirilib ki, Şuşada mənzil fondunun 750 000 kvadratmetr olması planlaşdırılır. Məktəbəqədər təhsil müəssisələri 2 250 nəfərlik, ümumi və orta təhsil müəssisələri üçün 4 500 nəfərlik, poliklinika 750 nəfərlik, xəstəxana isə 86 nəfərlik olacaq. Vaxtın bu qədər uzun olması isə haqlı suallar yaradıb. Şuşada və Laçında yaşayış üçün evlər mövcuddur. Həmin evlərə sakinlərin köçürülməsi tezləşdirilməlidirmi?

Aqil Abbas: "Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur", General-mayor Polad  Həşimovun adına Qəbələdə küçə - BBC News Azərbaycanca

Aqil Abbas: “Şuşada və Laçında çox az sayda salamat evlərin olması o demək deyil ki, orada şərait Ağalıdakı kimidir”

Milli Məclisin deputatı Aqil Abbas “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, çox da uzaq olmayan gələcəkdə Şuşaya və Laçına sakinlərin köçürülməsinə başlanacaq. Bu məsələdə tələskənliyə yol vermək olmaz: “Çünki əhalini həmin ərazilərə köçürməzdən öncə infrastruktur işləri həyata keçirilməli, məşğulluq məsələləri həllini tapmalıdır. Bütün bu işlər həyata keçirilmədən əhalini aparıb Şuşaya və ya Laçına tökmək o insanların vəziyyətini ağırlaşdırar. Düzdür, Laçın camaatı təsərrüfatla məşğul olmağı yaxşı bacarır və bununla özünü həmişə yaxşı saxlayıb. Yəqin Laçına köçəndən sonra da belə olacaq. Amma nəzərə almaq lazımdır ki, ermənilərin tərk etdiyi digər yerlərdə normal şərait yoxdur. Xəstəxana yox, məktəb yox, digər həyat üçün vacib infrastruktur mövcud deyil. Bax, bu məsələlərin həlli nəzərdə tutulub. Bu işləri həyata keçirdikdən sonra təbii ki, əhalinin Şuşaya da, Laçına da köçürülməsinə start veriləcək. Zəngilanın Ağalı kəndində yaşayış üçün hər şərait yaradılıb. Məhz buna görə kəndin əhalisinin oraya köçürülməsinə başlanıb və bu proses davam edir. Şuşada və Laçında çox az sayda salamat evlərin olması o demək deyil ki, orada şərait Ağalıdakı kimidir. Onu da deyim ki, Ağdamda və Füzulidə tikinti işləri gedir. Hesab edirəm ki, Ağdama və Füzuliyə əhalinin köçürülməsi 5 ildən sonra başlayacaq. Özü də bu köçürülmə prosesi təxminən 5 il davam edəcək. Tələsmək lazım deyil, insanlarımız 30 il gözləyiblər, bir neçə il də səbir eləsinlər. ”Tələsən təndirə düşər" deyimini unutmaq olmaz".

Elçin Mirzəbəyli: Ermənistan tarixinin ən acınacaqlı günlərini yaşayır -  AZƏRTAC

Elçin Mirzəbəyli: “Bir ərazidə insanların yaşaması üçün çoxsaylı komponentlər nəzərə alınmalıdır”

Politoloq Elçin Mirzəbəyli isə bildirdi ki, işğaldan azad edilmiş ərazilərimizdə 2 ilə yaxındır ki, infrastruktur layihələrinin həyata keçirilməsi ilə yanaşı, məcburi köçkünlərin öz doğma yurd yerlərinə köçürülməsi üçün iş aparılır, peşəkar ekspertlərin, mütəxəssislərin iştirakı ilə azad edilmiş hər bir yaşayış məntəqəsindəki vəziyyət təhlil edilir və buna uyğun olaraq da müvafiq ssenarilər hazırlanır: “İnsanları bu və ya digər əraziyə köçürmək lazımdır demək çox asandır. Bir ərazidə insanların yaşaması üçün çoxsaylı komponentlər nəzərə alınmalıdır və ilk növbədə məşğulluğun təmin olunması istiqamətində tədbirlər həyata keçirilməli, təhlükəsizlik tədbirləri görülməli, ayrı-ayrı yaşayış məntəqələrində yaşayan insanların lokal və daha geniş miqyasda ətraf mühitlə təmasının qurulması üçün addımlar atılmalıdır. Bu hələ mənim təsəvvür etdiklərimdir. Doğrusu, hər kəsin fikrinə sayğı ilə yanaşıram, amma hesab edirəm ki, dövlət bu məsələdə vahid strategiya üzrə hərəkət edir və nəyi necə, nə vaxt edəcəyini də çox yaxşı bilir. Həmçinin hesab edirəm ki, dövlətimiz məcburi köçkünlərin öz doğma yurdlarına tez bir zamanda köçürülməsində hamıdan daha çox maraqlıdır".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR