Onlayn ictimai-siyasi qəzet
Ekoloji sistemə qəsdən genişmiqyaslı, uzunmüddətli və ciddi zərər vuran əməllər 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Cinayət Məcəlləsinə əlavə edilən yeni 104-1 (Ekosid) maddəyə əsasən, bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən törədilməsi, bu əməllər ekoloji fəlakətə səbəb olduqda və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükə yaratdıqda on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Tullantıların ətraf mühitə atılmasına görə cərimələrin miqdarı 50 manatdan 300 manata qədər artırılıb. İl ərzində təkrar pozuntu törədilərsə, 700 manat cərimə və ya 60-100 saat ictimai işlər müəyyənləşdirilib. Mütəmadi olaraq meşəlik ərazini kəsməklə təbiətə külli miqdarda ziyan vuranlarla bağlı sərt cəzalar tətbiq edilir.
Lakin sərt cəzalara və cərimələrə rəğmən meşə sahələrində qiymətli ağac növlərinin qanunsuz olaraq kəsilməsi barədə məlumatlar daxil olur.
Görünür, bəzi şəxslər Azərbaycanda ağacların kəsilməsi, təbiətə zərər vurulması ilə bağlı kimliyindən asılı olmayaraq hər kəs məsuliyyətə cəlb olunacağını anlamır.
Mövzu ilə bağlı Musavat.com -a danışan ekoloq Məhərrəm Mehdiyev deyir ki, ağacları kəsmək oğurluq etməyə bərabərdir:
“İxtiyarım olsaydı, ağacları kütləvi kəsən insanların əlini kəsərdim ki, hər kəsə dərs olsun. Doğrudur, biz demokratik ölkədə yaşayırıq, belə cəzalar mümkün deyil. Ancaq həbslərin və ya cərimələrin də xeyri olmur. Bir də görürsən ki, hansısa vəzifəli şəxs və ya biznesmen ağacları mişarın altına verdirib. Bu adamlar hansı cinayətləri törətdiklərini dərk etmirlər. Öz maraqları, işləri naminə təbiətin qatilinə çevrilirlər.
Avropa ölkələri hazırda yaşıllıq içərisindədir. Ötən əsrin əvəllərində onlar da meşələri qırırdılar. Lakin hökumət bu işi ələ aldı və meşələrin məhv edilməsinə son qoydu. Ağacların məhv edilməsi, nadir növ heyvanların öldürülməsi həyatın yox olması deməkdir. Avropa əhalisi bunu anladı və təbiətə zərərə görə ən sərt cəzaları tətbiq etdilər.
Azərbaycanda məktəbdən başlayaraq bu mövzuda güclü maarifləndirmə işləri aparılmalıdır. İnsanlar təfəkkür olaraq anlamalıdırlar ki, bir ağac nə üçün belə qiymətlidir. Televiziyalar da bu məsələdə aktiv olmalıdırlar. Biz COP29-u keçirmiş ölkəyik. Ətraf mühitlə bağlı ciddi işlər görülməlidir. Bakı elə də geniş şəhər deyil, sıxlıqdır. Maşınların havaya vurduğu ziyanı aradan qaldırmaq üçün yaşıllığın, park salmanın sayı mütləq çoxaldılmalıdır. Əks təqdirdə maşınlardan qalma müxtəlif qazlar ciyərlərimizi məhv edəcək.
Koroğlu metrosunda Mərdəkana qədər yaşıllıq zonaları salınıb. Görün bu, nə qədər faydalıdır. Amma Bakı üçün bu, çox azdır. Bu şəhərdə dayanmadan tikinti işləri gedir, maşınların sayı artır. Yaxşı ki, 90-cı illərdə zərərli qazlar buraxan zavodların çoxu bağlandı. Yoxsa lap fəlakətli olardı. Ağac əkmək insanın təbiətə qayıtması deməkdir. Ona görə də dövlət ağacları kəsənlərə qarşı güzəşt etməməlidir”.
Şahanə Rəhimli
Musavat.com
21 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ