İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evin “anakonda həlqəsi” - ABŞ-Çin qarşıdurması dünyanı hara aparır-ilginc gəlişmələr

İki nəhəngin üz-üzə gəlməsi halında Rusiya-Ukrayna müharibəsi “toya getməli” ola bilər; bəşəriyyət növbəti fəlakətin astanasında; deputat: “Dünya dəyişir və bundan sonra heç vaxt bizim əzbərlədiyimiz kimi olmayacaq”

Artıq aylardır Qərb-Rusiya soyuq savaşının böyük müharibəyə, hətta nüvə toqquşmasına çevrilə biləcəyi barədə həyəcanlı ehtimallar, proqnozlar irəli sürülür. Amma gündəmdə daha bir təhkükəli qarşıdurma var, söhbət ABŞ-Çin qarşıdurmasından gedir.

Müşahidələrə görə, əslində Ukrayna müharibəsi də Çinlə ABŞ arasında rəqabətin və soyuq savaşın nəticəsidir. Amerika Rusiyanı həm də Çinə görə zəiflədir. Bəlkə də belə bir savaşın Qazaxıstan “poliqon”unda baş verməsi planı var idi masada, lakin tərəflərdən hansısa birinin döyüş yerini dəyişməsi prosesləri Ukrayna müstəvisinə keçirdi. Görünən budur ki, Ukraynada savaşın tezliklə bitəcəyini söyləmək üçün ciddi əsaslar yoxdur. Əksinə, Avropanın bəzi ölkələri hələ indi silahlanmanın yeni mərhələsinə start veriblər, ABŞ da özünün silah arsenalı ilə yanaşı, maliyyə dəstəyini də əsirgəmir. Bu mənada savaşın digər ölkələrə keçmə ehtimalını da kənara qoymaq olmaz. “Ön cəbhə”dəki ölkələr isə sadəcə, aysberqin görünən hissəsini təşkil edir, daha böyük hədəflərdən çox az danışılır, ya da heç danışılmır da.

Rusiya Çinlə Qərb arasında buferdir. ABŞ prezidenti Co Baydenin altı günlük Asiya səfəri də bunu təsdiqləyir. Yaponiya, Hindistan və Avstraliya liderləri ilə Tokioda sammitdə çıxış edən Bayden Çini hədələyib, “İnsan haqları harada pozulursa, biz buna qarşıyıq” deyib. ABŞ-ın rəqiblərinə qarşı ən güclü silahı demokratiya, insan haqları, kimyəvi silahlar, nüvə başlığı-filan kimi nağıllardır. Amerika indiyə kimi bir çox ölkələri insan haqlarının pozulması, demokratiyanın olmaması, kimyəvi silahlar, terrorizm və s. arqumentlərlə xaraba qoyub. Çin qüdrətli dövlət olması səbəbi ilə Amerika onu (Çini) öz meydançasında - Asiya qitəsində zəiflətməyə çalışır. Çinin də bulunduğu bölgədə ittifaqlar qurur. Məsələn, Tokio sammiti kimi. Tokioda “Dördlük” kimi tanınan qeyri-rəsmi qrupun sammiti zamanı Yaponiyanın baş naziri Fumio Kişida, Hindistanın baş naziri Narendra Modi və Avstraliyanın yeni seçilmiş baş naziri ntoni Albanese ABŞ prezidenti Co Baydenlə birlikdə Ukraynada müharibəni pisləyiblər. “Biz ümumi tariximizin qaranlıq dövrünü yaşayırıq. Rusiyanın Ukraynaya qarşı amansız və əsassız müharibəsi humanitar fəlakətə səbəb olub” - Bayden bildirib. Dördlük liderləri Çinə yönəlmiş açıq mesajda Asiyada oxşar təcavüzkar hərəkətlərin qarşısını almağa söz verib. “Biz həmçinin razılaşdıq ki, status-kvonu güc yolu ilə dəyişdirmək üçün birtərəfli cəhdlərə heç vaxt heç bir yerdə yol verilməyəcək” - Yaponiyanın baş naziri Fumio Kişida deyib. Çinin işğal etdiyi halda ABŞ-ın Tayvanı müdafiə etmək üçün müdaxilə edə biləcəyini söylədikdən bir gün sonra Bayden ABŞ-ın Tayvanla bağlı strateji qeyri-müəyyənlik siyasətinin dəyişməz olduğunu bildirib. “Bu siyasət, ümumiyyətlə, dəyişməyib. Bunu dünən açıqlama verəndə demişəm” - Bayden bildirib.

Bu yerdə xatırladaq ki, iki gün əvvəl Çinə məxsus 30 hərbi təyyarə Tayvan adasının hava hücumundan müdafiə zonasının (ADIZ) yaxınlığında uçuşlar həyata keçirib.

Tayvan Müdafiə Nazirliyinin məlumatına görə, Çinə məxsus təyyarələrdən 22-si qırıcı, qalanı radioelektron müharibə, havadan erkən xəbərdarlıq və sualtı qayıq əleyhinə təyyarələr olub. Tayvan Çin təyyarələrini uzaqlaşdırmaq üçün öz qırıcılarını havaya qaldırıb və hava hücumundan müdafiə sistemlərini aktivləşdirib.

Dünyada onsuz da gərginliyin gündən-günə artması halında Çin Tayvan adasının öz ərazisi olduğunu iddia edib. Lakin Tayvan Çindən ayrıldığını və demokratik ölkə qurduğunu elan edib. Çin tez-tez Tayvanın müdafiəsini yoxlamaq üçün adanın yaxınlığına hərbi təyyarələr göndərir. ABŞ prezidenti Co Bayden isə qəti şəkildə xəbərdarlıq edib ki, Çin adaya hücum etsə, Birləşmiş Ştatlar hərbi müdaxilə edəcək. Çoxları Çinin Tayvanı işğal etməsindən ehtiyat etsə də, Çinin militarizasiya siyasətinin ən çox Pekinin süni adalar yaratdığı və hərbiləşdirdiyi Cənubi Çin dənizinin mübahisəli sularında hiss olunduğu bildirilir. Çin hərbi xərclərini kəskin şəkildə artırıb və hazırda ABŞ-dan sonra dünyada ikinci ən böyük müdafiə büdcəsinə malikdir. Durumu şərh edən dəyərli respondentlərimiz də bir sıra mühüm məqamlara diqqət çəkdilər.

Hikmət Babaoğlu: Paşinyan müstəqil siyasətçi deyil, qlobal güc  mərkəzlərinin siyasi layihəsidir - AZƏRTAC

Hikmət Babaoğlu 

Deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, hazırda dünyada baş verənləri ABŞ-Çin müharibəsi kimi qiymətlədirmək real mənzərəni tam təsəvvür etmək imkanlarını bir qədər məhdudlaşdırmış olardı: “Çünki indiki mürəkkəb tarixi mərhələni obyektiv izah etmək üçün Jan Jak Russonun dünyanı ”hamının-hamıyla müharibəsi" kimi təqdim etməsi fəlsəfəsinə qayıtmaq lazımdır. Əslində Russo özünün bu fəlsəfəsini daxili sosial - ictimai proseslər kontekstində irəli sürür. Daha çox cəmiyyətdaxili münasibətlər sistemini hamının-hamı ilə müharibəsi kimi qiymətləndirir. Ancaq nəzərə almaq lazımdır ki, dövlətlər də elə cəmiyyəti təşkil edən insanların yaratdığı süni təsisatdır. Doyayısı ilə insanlar, daha dəqiqi, siyasətçilər və siyasi liderlər öz xarakterlərini həm də idarə etdikləri dövlətə vermiş olurlar. Yəni dövlətlər də beynəlxalq münasibətlər sistemi içərisində onu idarə edənin xarakterinə uyğun olan davranış sərgiləyir. Ona görə də biz, məsələn, Yeltsin Rusiyası ilə tutaq ki,  Putin Rusiyasını, yaxud Tramp Amerikası ilə Bayden Amerikasını fərqləndiririk. Belə olan halda, deməli, elə dövlətlərarası münasibətlər də “hamının-hamı ilə müharibəsi”dir".

Ona görə də deputat hesab edir ki, məsələ təkcə ABŞ-Çin məsələsi deyil: “Amma elə həm də ABŞ-Çin məsələsidir. Yəni ən müxtəlif prizma və maraqlardan ən müxtəlif şərhlər vermək mümkündür. Ancaq nəticə eynidir: hamı hamı ilə müharibə edir. Bu müharibənin detallarına vardıqda isə əlbəttə, biz əslində paralel olaraq çoxsaylı müharibələrin getdiyinin şahidi oluruq, lakin müxtəlif formalarda və müxtəlif səviyyələrdə. Məsələn, bu gün kollektiv Qərb Rusiyaya qarşı hibrid müharibənin birbaşa iştirakçısıdır. Ancaq ayrılıqda hər bir Qərb ölkəsi bu müharibədə müxtəlif səviyyədə və formada iştirak edir. Çünki axı həm də Qərb ölkələri öz aralarında müharibə edirlər. Tutaq ki, Macarıstan bir fərqli formada öz ittifaqına qarşı savaşır, ancaq Almaniya bunu tamamilə fərqli formada edir. Yaxud Avropada Roma-German İttifaqı Anqlosakson İttifaqına qarşı savaşır, ancaq ilk baxışda biz bunu görə bilmirik. Ya da elə az qala bütün Qərb ölkələri həm də ABŞ hegemoniyasına qarşı savaşdığı halda, bizə elə gəlir ki, kollektiv Qərb, sadəcə, Rusiyaya qarşı savaşır. Yəni demək istəyirəm ki, məsələ çox mürəkkəbdir. Ona görə də bir qədər konkretləşdirib ümumi qiymət verməyə çalışsaq, görəcəyik ki, baş verənlər yeni dünya nizamının formalaşması hadisəsidir. Yəni dünya dəyişir və bundan sonra heç vaxt bizim əzbərlədiyimiz kimi olmayacaq. Bu dəyişmənin təşəbbüskarı və icraedicisi isə Avroatlantik blok, yaxud ABŞ-dır. 2021-ci ildə NATO öz yeni hərbi-strateji doktrinasını elan edərkən ilk dəfə onun rəsmi təhlükəsizlik sənədlərinə Çin adı düşdü. İkinci mühüm hadisə isə NATO-nun Avstraliya - Yeni Zelandiya və hətta Yaponiya xətti üzrə yeni təhlükəsizlik kəməri maraqlarını dilə gətirməsi oldu. Əgər biz Finlandiya və İsveçdən uzanan yeni təhlükəsizlik kəmərinin Avstraliya və Yeni Zelandiyadan keçərək, Yaponiyaya qədər uzandığına diqqət etsək, görəcəyik ki, bu kəmər Alyaska vasitəsilə şimal qütbündə birləşir. Ona görə də mən bu təhlükəsizlik xəttini ABŞ-ın ”anakonda həlqəsi" adlandırardım. Qısacası, həlqə birləşmək üzrədir. Əgər bu tamamlanarsa, ondan sonra Çin də, Rusiya da bu anakonda həlqəsinin içərisində hər gün bir qədər daha çox sıxılmağa məhkum qalacaq. Ancaq bu ssenari o qədər də optimist, ya da perspektivli sayıla bilməz. Çünki dünya siyasətinin məntiqi bunu qəbul etmir. Heç bizim milli maraqlarımız baxımından da belə ssenari arzuedilən deyil. Bütün bu proseslərin içərisində “demokratiya silahı”na gəldikdə, bu silah avropalıların köhnə silahı olsa da, hələ də ondan effektiv istifadə edirlər. Lakin Rusiyaya qarşı müharibədə “demokratiya silahı” heç bicə atəş belə aça bilmədilər. Yaxın Şərq və Afrikada isə bu silah hələ də olduqca səmərəli işləyir" .

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən  koronavirus sınağından da uğurla çıxmasının başlıca

 İlyas Hüseynov 

Politoloq İlyas Hüseynov isə bildirdi ki, Çinin geosiyasi ambisiyaları, Cənubi Çin dənizində fəaliyyəti, süni adalar yaratması, sürətlə silahlanmas və bu sahəyə böyük maliyyə ayırması, eləcə də Tayvanın işğalı ehtimalları ABŞ strateqlərini narahat edir: “Eyni zamanda Birləşmiş Ştatlar uyğurların hüquqlarının pozulması kontekstində də rəsmi Pekini ittiham edir. Şübhəsiz ki, Rusiya-Ukrayna müharibəsi dünyada bütün daşları yerindən oynadıb. Bütün dövlətlər yeni dünya nizamında özünə yer tapmağa çalışır və yaranan qeyri-müəyyən vəziyyəti öz xeyrinə həll etməyə çalışırlar. Rusiya-Çin ittifaqının genişlənməsi də Qərbi narahat edir. Bu xüsusda ABŞ prezidenti Baydenin Uzaq Şərqə səfəri onu deməyə əsas verir ki, Amerika Çini öz arealında təzyiqdə saxlamağa çalışacaq. Yaponiya, Hindistan, Avstraliya və ABŞ ittifaqı yeni geosiyasi dördbucaqdır və Rusiya-Çin ittifaqına qarşı yönəlib. Tokioda təşkil olunan sammitə yeni üzvlərin daxil olması da istisna edilmir. Yaponiyanın Rusiyaya qarşı ərazi iddiaları ilə çıxış etməsi də bu qəbildən olan təzyiq mexanizmlərindən biri hesab oluna bilər”. Ekspert onu da qeyd etdi ki, fevralın 24-dən əvvəl hətta gizli Rusiya-Qərb ittifaqının Çinə qarşı yönəlməsi iddia olunsa da, bu gün vəziyyət tamamilə dəyişib: “Avropa ailəsi tərəfindən açıq və ya gizli şəkildə Rusiyanın ayaqda saxlanılması istiqamətində addımlar atılsa da, siyasi bəyanatlarda Rusiyanın Ukraynaya müdaxiləsi tənqid olunur. Lakin Çinə qarşı genişmiqyaslı planlar həyata keçirilir. Bu gün beynəlxalq hüququ heç kim saymır və beynəlxalq təşkilatlar iflic vəziyyətindədir. Bunu görən BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olan Çin də özünü qoruma instinkti olaraq silahlanır və açıq müharibəyə hazırlaşır. Status-kvonu güc yolu ilə dəyişdirmək bu gün trend halına gəlib və müdafiə sənayesi sahəsinə ayrılan milyardlar güc faktorunun ön plana çıxması ilə əlaqədardır”.

Gərginlik artan xətt üzrə davam edərsə, o halda Ukrayna-Rusiya müharibəsi “toya getməli” ola bilər. Bu mənada demək olar ki, bəşəriyyət növbəti fəlakətin astanasındadır. Söhbət dünyanın iki nəhənginin toqquşmasından gedir...

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR