Onlayn ictimai-siyasi qəzet
“Daxili baxışda tamaşa haqqında nəticə çıxartmaq olmaz. Söhbət “Qadınım” tamaşasından gedir. Tamaşaçıların öhdəsinə buraxılmazdan əvvəl biz tamaşaya daxili baxış edirik ki, orada hər kəs öz fikrini bildirsin. Sonda isə əlbəttə ki, bu fikirlərlə rejissor razılaşır və tamaşaya əl gəzdirir. Ona görə də daxili baxışda tamaşa haqqıda resenziya yazmazlar”
Musavat.com xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı deyib.
O daha sonra əlavə edib:
“Mən istərdim ki, su içdikləri quyuya tüpürməsinlər. Bu, sizin teatrınızdır. Siz bu teatrdan məvacib alırsınız, teatrın halallığını almalısınız. Ayıbdır! Hərənin öz fikri var, mən bunlara əhəmiyyət vermirəm. Mən gözümlə gördüyümə əhəmiyyət verirəm. Teatrşünas Aydın Talıbzadənin fikirləri də mənim üçün çox önəmlidir. Bir çoxları “Qadınım” tamaşası haqqında yüksək fikirdədir. Əmrah da, Gültac da böyük ürəklə oynayırlar. Biz bu dəqiqə özümüzə Qərbi örnək bilirik. Amma dünya mədəniyyətini Şərqlə öyrəniblər. Şərqin mədəniyyəti qat-qat Qərbin mədəniyyətindən üstündür, varlıdır və gözəldir. Əgər biz dünya ilə hesablaşmaq istəyiriksə, bu tip tamaşaların olması normaldır. Bu, türk pyesidir, özünüz də görürsünüz ki, aktyorlar orada canlı oxuyurlar, çıxış edirlər, canlarını qoyurlar. Onların zəhmətini yerə vurmaq olmaz. Əgər o uşaqlardan hansısa sənin tələbən olubsa, müəllim birdən-birə o sözü tələbəsinə deyə bilməz. Deməli, sən pis öyrətmisən ki, tələbə belə pis olub. Ama tələbə çox gözəl oynayır. Rejissor İradə Gözəlova da tamaşaya möhtəşəm quruluş verib. O, birinci dəfə deyil ki, teatrda tamaşa hazırlayır. Tamaşa mənim çox xoşuma gəldi. İki dəfə tamaşaçı qismində izləmişəm. Əmrahla Gültacın oyununu, musiqi seçimini çox bəyənirəm. Onların zəhmətini qiymətləndirirəm. Teatrda “Paris Notrdam kilsəsinə ithaf”, “Anamın kitabı”, “Psix”, “Mənim günahım” və s. tamaşalar olduğu halda “Qadınım” tamaşasının olması da çox vacibdir. Bu cür müasir tamaşaların oynanılması vacibdir, mütləqdir. Bütün bunlara hazır olmaq lazımdır, bu, teatrdır. Teatr aləmdir. Teatr başqa bir dünyadır. Əgər sən ora təsadüfi daxil olmusansa və orada gördüklərini anlamırsansa, çox xahiş edirəm rədd ol, çıx oradan. Nəinki başqa artıq-əskik sözlər yazasan”.
Xalq artisti “Şən gənc” layihəsində münsif olaraq iştirak etdiyini qeyd edib:
“Bu layihəyə görə Gənclər və İdman Nazirliyinə öz minnətdarlığımı bildirirəm. “Bu şəhərdə” komandası ilə birgə hazırlanır. Rafael də, Coşqun da, Müşfiq də hər zaman incəsənətimiz üçün, teatrımız üçün çalışan insanlardır. Belə bir durğunluq, həyəcan vaxtında biz yeni tapıntılardan, yeni kəşflərdən, gələcəyin aktyorlarından danışırıq. Biz həm də orada narkomaniyadan, gənclərin pozulmasından, cəmiyyətdə özlərini apara bilməmələrindən danışırıq. Bu, tərbiyəli, əhəmiyyətli verilişdir. Mən “Bu şəhərdə” komandasına və Gənclər və İdman Nazirliyinə xüsusi minnətdarlığımı bildirirəm. Layihə çox gözəldir. Onlar hələ cavandırlar, gəncdirlər. Ona görə də onlara ehtiyatlı yanaşmaq lazımdır. Onlarla elə davranmaq lazımdır ki, sabah canlarından artıq sevdikləri, çox maraq göstərdikləri sənətə tüpürüb getməsinlər. Münasibətdən çox şey asılıdır. Onlar bu dəqiqə intizarla bizim gözümüzə baxırlar ki, görsünlər, bu sənətkarlar nə irad tutacaqlar? Biz onlara zarafatla, könüllərini oxşamaqla cavab veririk. Bunun da nəticəsi odur ki, onlar yarışmadan sanki mükafat alıb çıxırmışlar kimi gedirlər. Mükafatın təsis olunması da gözəldir. Biri var idi, soruşdum ki, qızım, sən qalib olsan nə edəcəksən?! Dedi ki, mənim musiqi təhsilim var, amma pianinom yoxdur. Pianino alıb, mahnılar bəstələmək istəyirəm. Biri deyir ki, mən kompyuter almaq istəyirəm. Mən onların bu istəklərini Gənclər və İdman Nazirliyinə çatdırdım. İmkan daxilində bu istəkləri, arzuları yerinə yetirmək lazımdır”.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ