Onlayn ictimai-siyasi qəzet
ABŞ Türkiyəyə “F-16” qırıcı təyyarələrinin satışına qoyduğu yasağı aradan qaldırmamaq üçün müxtəlif əsassız aqrumentlər, bəhanələr gətirir. Əlbəttə, böyük siyasi proseslərdə Amerika bundan təzyiq kimi istifadə edir və müxtəlif şərtlər də səsləndirir.
Qeyd edək ki, Türkiyə Birləşmiş Ştatlardan 40 ədəd “F-16” “Block 70" və Hərbi Hava Qüvvələrinin arsenalında olan təyyarələri modernizə etmək üçün 80 ədəd "Block 70" dəsti almağa çalışır. Ankara Rusiyadan “S-400” zenit-raket kompleksləri alması səbəbindən beşinci nəsil “F-35” qırıcı-bombardmançı təyyarələrinin istehsalı proqramından çıxarıldıqdan sonra “F-16” təyyarələri əldə etməyə istiqamətlənib. Artıq ABŞ neçə ildir ki, Türkiyəyə öz pulu ilə “F-16”ları satmaqdan yayınır. Bir NATO ölkəsinin öz müttəfiqinə qarşı bu sayaq davranması əslində nonsesdir. Yeri gəlmişkən, hətta 44 günlük müharibədə ABŞ-ın Türkiyəyə Azərbaycana dəstəkdən imtina etməsi müqabilində “F-16”ların satıla biləcəyi barədə şərt irəli sürdüyü barədə də mətbuatda məlumatlar yayıldı və rəsmən təkzib olunmadı. Beləcə, ABŞ Türkiyənin “əsəb”ləri ilə oynamaqdadır. Söhbət 21-ci əsr hərb sənayesinə müstəsna uğurları ilə töhfələr verərək, heyrətləndirən, “Bayraktar”ları, “Akınçı”ları və digər müasir silahları ilə bir çox “özündən deyən” ölkələri geridə qoymağı bacaran Türkiyədən gedir və ABŞ-ın süründürməçiliyi uzun davam edə bilməz.
Sözügedən məsələ ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın son açıqlaması maraq doğurur. “Türkiyə İsveçin NATO-ya üzvlük protokolunun parlament tərəfindən təsdiqlənməsi müqabilində Ankaraya “F-16” qırıcılarının satışı ilə bağlı ABŞ-dan qarşılıq gözləyir”, - deyə Ərdoğan bildirib. O, Macarıstandan qayıdarkən jurnalistlərə deyib ki, Ankara, həmçinin İsveçin terrorla mübarizəyə dair verdiyi vədləri yerinə yetirməsini istəyir: “Hesab edirəm ki, həm “F-16” qırıcı təyyarələrinin Türkiyəyə tədarükü, həm də Kanadanın öz vədlərini yerinə yetirmək məsələsində gözlədiyimiz pozitiv dəyişikliklər parlamentin bu istiqamətdə müsbət münasibətini sürətləndirəcək. Digər tərəfdən, biz İsveçin Vilnüsdə verdiyi vədlərin həyata keçiriləcəyini gözləyirik və hadisələri diqqətlə izləyirik”. Zaman-zaman verdiyi vədlərdən, qarşılıqlı proseslərdən müxtəlif manevrlərlə birtərəfli qaydada yayınmağı adətə çevirən ABŞ Türkiyənin məlum davranışı qarşılığında “F-16” məsələsində yasağı aradan qaldıracaqmı? Başqa sözlə, Ağ Ev Ankaranın gözlədiyi qarşılığı səmimi şəkildə verəcəkmi, yoxsa yeni tələblər, şərtlər ortaya atılacaq?
Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, Türkiyə regionun aparıcı dövləti olmaqla yanaşı, baş verən mürəkkəb proseslər fonunda bölgədə liderliyi ələ almağa çalışır: “Belə olan halda o, hərbi gücünü artırmaq və hava məkanını müdafiə etmək üçün ABŞ-a bir sıra hava hücumundan müdafiə sistemləri, o cümlədən “F-16”ları almaq üçün müraciət edib. Lakin Türkiyənin Rusiya ilə olan ilıq münasibətləri və Suriyada ardıcıl olaraq həyata keçirdiyi hərbi əməliyyatlar ABŞ-ı bu barədə düşünməyə vadar edir. Bildiyimiz kimi,Türkiyə NATO-nun şərq cinahının ən qüdrətli ordusudur. Zənnimcə, ABŞ Qara dənizdə öz müttəfiqlərinin, dolayısı ilə NATO-nun güclənməsi məqsədilə Türkiyənin “F-16” almaq istəyinə qarşı gəlməməlidir”.
Arzu Nağıyev
A.Nağıyev qeyd etdi ki, digər tərəfdən İsveçin NATO-ya üzvlük məsələsi var idi: “Hansı ki Türkiyəni narahat edən məsələlərdən biri İsveçin terrorçulara himayədarlıq etməsi idi. Bu məsələ də qismən həllini tapdığı üçün hesab edirəm ki, Co Bayden müttəfiqlik və ikitərəfli ABŞ-Türkiyə münasibətlərini stabil saxlamaq üçün artıq heç bir əngəlin qalmadığını başa düşür. Hesab edirəm ki, ABŞ-dan “F-16”ların alınması Türkiyənin müdafiə qabiliyyətini və hərbi gücünü nəzərə çarpacaq dərəcədə artıracaq ki, bu da region üçün önəmli əhəmiyyət kəsb edir”. Deputat digər mühüm məqama da diqqət çəkdi: “Blinkenə istinadən bilidirilir ki, ABŞ “F-16”ların satılması ilə bağlı "yox" da demir. Ola bilsin Alyansa daxil olan bir sıra dövlətlər Türkiyənin güclənməsinə qısanclıqla yanaşır, buna baxmayaraq, Macarıstanın Ankaranı dəstəkləməsinə də diqqət yetirmək lazımdır. Türkiyənin Türk dövlətlər birliyində mühüm rolu və gələcəkdə hətta hərbi bir qurumda təmsil oluna biləcəkləri perspektivi də başlıca amildir. Yəni İsveç də gələcəkdə Türkiyə ilə birlikdə terrora qarşı mübarizə aparan tərəfdaş və ya Alyans üzvü olmaq istəyirsə, qarşılıqlı addım atmalıdır".
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd etdi ki, ABŞ-Türkiyə münasibətlərində gah gərginlik müşahidə olunur, gah da bir az yumşalmalar qeydə alınır: “Son aylar bir qədər yumşalma meyllərinin göründüyünü deyə bilərik. Bu da səbəbsiz deyil. Amerikada anladılar ki, Türkiyə ilə münasibətlərin gərgin saxlanılması həm münasibətlərə zərər verir, həm də elə ABŞ-ın maraqlarına ziddir. Necə ki, ABŞ Azərbaycanla münasibətlərini gərginləşdirdi və bunun yanlış olduğunu Dövlət Departamenti anladı, yarı yoldan qayıtmağa çalışdı, eləcə də Türkiyə ilə bağlı siyasətin yanlış olduğunu yəqin ki, anlamağa başlayıblar”. E.Şahinoğlu bildirdi ki, buna baxmayaraq, yenə də sualların sayı azalmır: “FETÖ yenə də Amerikada fəaliyyətini rahat şəkildə davam etdirir. ABŞ Türkiyəyə vəd etdiyi “F-16”ları satmır, bununla bağlı şifahi razılaşmalar var. Amma Türkiyə də öz mövqeyini ortaya qoyub ki, əgər ABŞ İsveçin NATO üzvü olmasını istəyirsə, “F-16”ları Türkiyəyə satmalıdır, zatən, onun pulu da ödənilib. Olmasa, Türkiyə parlamentinin İsveçin NATO üzvlüyünə dəstəyini səsvermə yolu ilə qeydə alması çətin olacaq. Yəqin ki, cənab Ərdoğan bunu Baydenə izah edib. Məntiq onu deyir ki, ABŞ “F-16”ları Türkiyəyə satacaq. Əslində Türkiyə daha modern "F-35" təyyarələrini istəyirdi. Amma Vaşinqton o təyyarələri satmaqdan birmənalı şəkildə imtina etdi. Sonra isə alternativ variant kimi “F-16”ların üzərində dayanıldı, Türkiyə buna da razılaşdı. İndi Bayden özü razılaşsa da, Konqresin üzərinə məsuliyyəti ata bilər ki, Konqres razılığını verməlidir, guya Konqres Türkiyəyə satışın əleyhinədir. Ona görə də, əlbəttə, şifahi razılaşma olsa da, şifahi razılaşmanın yaxın aylarda reallaşacağını gözləmək də bir qədər çətindir”.
İlyas Hüseynov
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov vurğuladı ki, ABŞ Türkiyəyə “F-16” qırıcı təyyarələrini verməmək üçün dəridən-qabıqdan çıxır: “Bununla da Türkiyəyə qarşı öz təzyiq siyasətini həyata keçirmək əzmindədir. Hətta zaman-zaman “F-35”lərin veriləcəyi vədi də səslənməkdədir. Lakin vəd edilənlər daha sonrakı mərhələdə müxtəlif tələblərlə bərkidilir. Bir müddət öncə də çıxışlarımda qeyd etmişdim ki, İsveçin NATO-ya üzvlüyü ilə bağlı Türkiyə daha ehtiyatlı davranmalıdır. “F-16”lar alınandan sonra parlament Stokholm üçün Şimali Atlantika Alyansına yaşıl işıq yandırmalıdır. Əks təqdirdə, hiyləgərliklər bir-birini əvəzləyəcək. Əvvəl elə zənn edirdik ki, problem ermənipərəst, turkafob Bob Menendesdədir. Lakin bu cür "fiqurlar" böyük məqsədləri yerinə yetirmək üçün ortaya atılır". İ.Hüseynov Ankaradan növbəti addım gözləyir: “Qardaş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son çıxışı da göstərir ki, artıq Ankaranın gözləmək və səbr etmək fikri yoxdur, konkret addımlar atılmalıdır. Türkiyəyə qarşı bu cür laqeyd münasibət və qeyri-səmimi davranışlar Türkiyəni yenidən düşünməyə vadar edir. Son nəticədə yenə də ABŞ Türkiyənin xarici siyasəti ilə bağlı korrektələrə çağırır”.
Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı da maraqlı məqama diqqət cəlb etdi: “Türkiyə prezidenti bu dəfə “F-16”larla bağlı qərarın İsveçin NATO-ya üzvlüyü məsələsinin TBMM-də səsvermyə qoyulmasının paralel aparılmasını istəyib. Nədən? Çünki Amerika "F- 16"ların Türkiyəyə satışı məsələsi ortaya çıxandan bəri heç vaxt səmimi olmayıb. Hər dəfə müxtəlif bəhanələrlə Türkiyənin pulunu ödədiyi təyyarələri verməyib. İndi Ərdoğan Baydenə inanmamaqda haqlıdır. Mənə elə gəlir ki, artıq məsələ son həddə yaxınlaşıb. İsveçə Türkiyə parlamentindən səs verilərsə, ABŞ-ın yapacağı bir şey, uyduracağı başqa bəhanə qalmayacaq”. Q.Çaxmaqlı qeyd etdi ki, gələcək illərdə Türkiyənin bu təyyarələrə heç ehtiyacı da olmayacaq: “Türk mütəxəssislər hətta “F-16”-dan daha üstün təyyarələrin istehsalı üzərində çalışırlar. Türkiyə Milli Hərbi Sənayesi sürprizlər etməyə davam edəcək”.
Elşad PAŞASOY,
“Yeni Müsavat”
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ