İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Qafqazı QAN ÇANAĞINA ÇEVİRİR - SÜLHƏ TƏHDİD

Bayden gedərayaq bölgəni qarışdırır; Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərilməsi açıq təxribatdır; Moskva Paşinyanı cəzalandıracaqmı - Bakıdan baş verənlərə reaksiya

Yanvarın 14-də Vaşinqtonda Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması mərasimi olub. Ermənistan tərəfindən sənədi xarici işlər naziri Ararat Mirzoyan, ABŞ tərəfindən isə dövlət katibi Antoni Blinken imzalayıb.

Sənədə görə, Ermənistan Respublikası və Amerika Birləşmiş Ştatları dostluq münasibətlərinin və strateji tərəfdaşlığın əhəmiyyətini təsdiqləyirlər.

“Onlar iki ölkənin mənafeyi naminə tərəfdaşlığı dərinləşdirməyə və geniş qarşılıqlı prioritetlər çərçivəsində əməkdaşlığı genişləndirməyə çalışırlar.

İki demokratik ölkə arasında bu əməkdaşlığın ümumi dəyərlərə və ümumi maraqlara əsaslandığını vurğulayırlar. Bunlara demokratiya və iqtisadi azadlığın təşviqi, suverenliyin və ərazi bütövlüyünün qorunması, qanunun aliliyinin, insan hüquqlarına və əsas azadlıqlarına hörmətin gücləndirilməsi, innovasiya və texnoloji tərəqqinin dəstəklənməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi daxildir.

Onlar diplomatik, iqtisadi, enerji, yüksək texnologiyalar, təhsil, elm, mədəniyyət, hüquq, müdafiə və təhlükəsizlik sahələrində əlaqələri gücləndirmək üçün qarşılıqlı istəklərini vurğulayırlar", - sənəddə qeyd edilib.

Mirzoyanın ABŞ səfəri zamanı həmçinin məlum olub ki, ABŞ gələn həftə sərhəd təhlükəsizliyini  gücləndirmək məqsədilə Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərəcək.

Bu barədə ABŞ dövlət katibi Entoni Blinken ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündə məlumat verib.

“Bu istiqamətdə müvafiq işləri gücləndirəcəyik”, - Blinken bildirib.

ABŞ-Ermənistan yaxınlaşması bununla da bitməyəcək. Xarici işlər naziri Ararat Mirzoyan strateji tərəfdaşlıq haqqında sənədin imzalanması mərasimində bəyan edib ki, Ermənistan və ABŞ nüvə enerjisi sazişi üzrə danışıqlara başlayır. O, tərəflərin “Saziş 123" kimi tanınan nüvə əməkdaşlıq sazişi üzrə danışıqlara başladıqlarını deyib: "Bu, nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq üçün çərçivə təmin edəcək və nüvə enerjisinin dinc yolla inkişafına, təhlükəsizlik və nüvə silahlarının yayılmaması ilə bağlı ən yüksək standartlara sadiqliyimizi vurğulayacaq".

Cənubi Qafqazdakı vəziyyətə toxunan Mirzoyan bildirib ki, “Ermənistan regionda sabit və davamlı sülhün əldə edilməsinə verdiyi töhfəyə görə ABŞ-a minnətdardır”.

Qeyd edək ki, Ermənistanda Rusiya texnologiyasına əsaslanan Metsamor AES fəaliyyət göstərir. Rusiya ölkədə ikinci AES tikintisini təklif etmişdi. Ermənistanın ABŞ-la imzaladığı saziş ölkənin bu sahədə Rusiya ilə əməkdaşlıqdan uzaqlaşmaq niyyətində olduğunu göstərir.

Belə bir vaxtda Rusiyadan ilginc ittihamlar səslənib. “ABŞ Cənubi Qafqazda destabilləşdirici rol oynayır”, - deyə Kremlin mətbuat katibi Dmitri Peskov Ermənistan və ABŞ-ın Vaşinqtonda Ermənistanla strateji tərəfdaşlıq haqqında müqavilə imzalayacağına münasibət bildirərkən deyib.

Peskovun dediyinə görə, ABŞ yeni ölkələri özünün arxasınca sürükləməyə çalışır.

Kremlin sözçüsü vurğulayıb ki, Rusiya Ermənistanla münasibətlərini yüksək qiymətləndirir.

“ABŞ daxil olmaqla, bütün ölkələrlə münasibətləri inkişaf etdirmək Ermənistanın suveren hüququdur”, - deyə Peskov əlavə edib.

O da maraqlıdır ki, ötən həftə ABŞ Dövlət Departamenti Ermənistan xarici işlər nazirinin bəyanatlarına münasibət bildirərkən qeyd eləmişdi ki, Vaşinqtonun belə bir sənədin imzalanması ilə bağlı “hazırda nəzərdən keçirməli və ya elan edəcəyi heç nə yoxdur”...

Bayden Administrasiyasının səlahiyyət müddətinin başa çatmasına bir neçə gün qalmış Ermənistanla strateji sənədin imzalanması Trampa “miras” qoymaq məqsədi daşıyır: ABŞ-ın yeni hakimiyyətinin Ermənistana münasibətdə sələfindən fərqlənəcəyi, Cənubi Qafqazda daha çox Azərbaycana önəm verəcəyi proqnozlaşdırılır. Trampın Baydendən fərqli olaraq, Bakı-İrəvan arasında balans xəttini qoruması belə Ermənistanın “əlini zəiflədəcək” amildir. 

Strateji tərəfdaşlıq sənədinin imzalanması ilə yeni administrasiyanın üzərinə Ermənistanı dəstəkləmək öhdəliyini qoymaq istəyirlər, hərçənd Trampın buna nə qədər əməl edəcəyi sual altındadır. O da istisna deyil ki, Mirzoyanla Blinkenin əsas müzakirə mövzularından biri yeni administrasiyanın sənədə sadiq qalmasını təmin etməyin yollarıdır və bu prosesdə erməni diasporu/lobbisinin aktivlik nümayiş etdirəcəyi gözləniləndir. Strateji sənəd Trampın Bakı-İrəvan xəttində balansı saxlamaq imkanlarını zəiflədir. Yeni administrasiya Cənubi Qafqazla bağlı siyasətində ya bu sənədi əsas götürə, ya da Azərbaycanla da eyni razılaşma əldə edə bilər. Əks təqdirdə, Trampın regiondakı siyasəti effektsiz olacaq. “ABŞ Cənubi Qafqazda sabitləşdirici rol oynamayıb. Rusiya Ermənistanla bütün istiqamətlərdə əməkdaşlığı davam etdirməyə hazırdır”. Bunu RF Prezidentinin mətbuat katibi Dmitri Peskov strateji tərəfdaşlıq sənədini şərh edərkən deyib. Beləliklə, Bayden administrasiyası Paşinyanı sona qədər müdafiə etdiyini ortaya qoydu. Buna qədər də ABŞ Ermənistana müxtəlif istiqamətlərdə dəstək olub: 5 aprel görüşünün nəticələri, amerikalı hərbçilərlə birgə təlimlər, verilən dəstək bəyanatları... 

Elşad Məmmədli 

Siyasi analitik, “Yeni Müsavat”ın redaktoru Elşad Məmmədli hesab edir ki, ABŞ-ın gələn həftə sərhəd təhlükəsizliyini gücləndirmək adı ilə Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərmək qərarı Bayden hökumətinin gedərayaq Cənubi Qafqazı qarışdırmaq üçün səpdiyi növbəti “toxumlardan” biridir: “Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhəd bölgəsində yerləşdirmiş olduğu müşahidə missiyasının əhatəsini genişləndirmək qərarının ardınca ABŞ-ın Ermənistana sərhəd mühafizə qrupu göndərmək planı birmənalı olaraq təxribatdır. Faktiki olaraq bölgəyə ”desantlar" yollayır. 

Hələlik bu qrupun hansı sərhəd zonasına yerləşdiriləcəyi dəqiq bildirilməsə də, bu addım Azərbaycanla Ermənistan arasında sülh prosesini növbəti dəfə tormozlamaq cəhdi ilə yanaşı, bütövlükdə Qafqazda sabitliyi pozmağa hesablanıb. 

Təbii ki, bu məkrli plana Azərbaycan adekvat reaksiya verəcək və heç şübhəsiz ki, qısa zamanda dövlət görəvliləri konkret mövqe bildirəcəklər.

Proseslərə geniş - Qafqaz maraqları, bölgədə gedən nüfuz savaşı (Gürcüstan-Qərb qarşıdurması, paralelində Ermənistanın Qərbin ruporuna çevrilmək kursu götürməsi) prizmasından yanaşdıqda isə çanaq Ermənistanın başında çatlayacaq. 

Amerika NATO timsalında Ukraynada, Rusiya yaxınlığında əsgəri qüvvə yerləşdirmək istədi, nəticə bəllidir: Ukrayna əraziləri işğal və ilhaq olundu, rəsmi Kiyev acı tale yaşayır. 

Daha əvvəl isə Gürcüstan Qərbə qucaq açanda rus tankları Tiflis yaxınlığınadək gəlmişdi. Amerikanın “xeyir-duası” ilə növbədə Ermənistandır". 

Maraqlı bir xronologiya var: 19 dekabr 2008-ci ildə (Krımın işğalından öncə) ABŞ Ukrayna ilə, 10 yanvar 2009-cu ildə ABŞ Gürcüstanla, 10 noyabr 2021-ci ildə yenə ABŞ Ukrayna arasında oxşar saziş imzalanıb. Nəticələri bəllidir.

Ermənistanın ABŞ-la imzaladığı sənəd Rusiya və İran üçün təhdid kimi də şərh edilir. Yanvarın 20-dən sonra Vaşqintonun bu siyasəti davam etsə, Tehran və Moskva İrəvana təzyiqi adekvat şəkildə artıracaqlar.

Odur ki, bu saziş Ermənistanı xüsusilə Rusiya-ABŞ arasındakı qarşıdurmanın tam poliqonuna çevirəcək. İrəvan “ikinci ”Ukrayna" ola bilərmi?

fikret.jpeg (167 KB)

 Fikrət Yusifov

Professor Fikrət Yusifov “Yeni Müsavat”a şərhində bildirdi ki, Ermənistan bu gün çox təhlükəli siyasi gedişlər edir. Rusiyanın Cənubi Qafqazda Azərbaycan torpaqlarında “qurub yaratdığı” bir dövlətin belə “şıltaqlıqlarına” nə qədər dözəcəyi sualı indi daha ciddi şəkildə səslənir: “Rusiya rəsmiləri Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq barədə bağlanmış müqaviləni çox soyuqqanlı şərh edirlər. Sergey Lavrov deyir ki, əsas olan müqavilə deyil, əsas olan budur ki, o müqavilədə nə var və onlar necə həyata keçiriləcək. Rusiya prezidentinin köməkçisi Peskov da sazişi sakit bir formada şərh edib və deyib ki, Ermənistan Cənubi Qafqazda bizim müttəfiqimizdir, bizim üçün önəmli olan budur. 

Rusiya rəsmilərinin bəyanatlarından göründüyü kimi, Rusiya Ermənistanın başqa dövlətlərlə belə müqavilələr bağlamasına onun suveren hüququ kimi “baxır” və ermənilərin bu addımlarında heç bir “qəbahət görmürlər”. Əslində Rusiya Ermənistan hökumətinin Baydenin hakimiyyətdən getməsinə bir neçə gün qalmış belə bir saziş imzalamasına çox pis baxır. Ermənistanın KTMT-də fəaliyyətini “dondurmasını” da Rusiya rəhbərliyi ironiya ilə şərh edir. 

Bu gün xarici ticarət dövriyyəsinin 40%-dən çoxu Rusiyanın payına düşən, sərhədləri Rusiya hərbiçiləri tərəfindən qorunan, əmlakının böyük bir payı Rusiyaya aid olan, Rusiyadan ucuz enerji resursları alaraq yaşayan  Ermənistanın bu bölgədə Rusiyanın müəyyən etdiyi oyun qaydalarından çıxması ona böyük təhlükələr yarada bilər. Ermənistan hakimiyyətinin bunun fərqində olmadığını demək mümkün deyil. Lakin bu gün Paşinyan hökuməti bu riskləri göz önünə alıb, öz bildiyi yolla gedir. Bu gedişlərin sonunun heç də yaxşı olmayacağı daha inandırıcı görünür. Rusiya qədər aqressiv, siyasət meydanında oyun qaydaları olmayan bir dövlətlə belə oynamaq çox təhlükəlidir. Düşünürəm ki, Rusiya Ukrayna ilə müharibəni bitirdikdən sonra Ermənistanla daha ciddi “məşğul olacaq”. 

ABŞ-la bağlanan strateji tərəfdaşlıq müqaviləsinə gəlincə isə bu müqavilənin Ermənistana nə verəcəyi bəlli deyil. Sorosun yetirməsi olan Paşinyana və onun hakimiyyətinə, Sorosdan zəhləsi gedən ABŞ-ın yeni prezidenti Donal Tramp hansı münasibəti bəsləyəcək? Heç şübhəsiz, Paşinyan bu münasibətin necə olacağını öncədən yaxşı bildiyindən, Tramp kürsüyə oturana qədər ABŞ-la tələm-tələsik bir tərəfdaşlıq sazişinin bağlanmasını istədi".

Bəs strateji tərəfdaşlıq sazişi imzalanan kimi ABŞ-ın gələn həftə sərhəd təhlükəsizliyini gücləndirmək məqsədilə Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərəcəyini açıqlaması nədən xəbər verir? Xüsusi mühafizə qrupu Ermənistanın hansı ölkə ilə sərhədində yerləşdirilə bilər?

Politoloq Elxan Şahinoğlu bildirdi ki, ABŞ-ın sərhəd təhlükəsizliyini  gücləndirmək məqsədilə Ermənistana xüsusi sərhəd mühafizə qrupu yerləşdirməsinə hazırlıq çoxdan başlayıb, sadəcə, sazişin bu bəndini məxfi saxlamağa çalışıblar: “Bundan əvvəl baş nazir Paşinyan hiyləgər addım ataraq, İranla sərhəddə Rusiya hərbçilərini erməni hərbçilərlə əvəz edib. Çünki bunu etmədən Qərbi Zəngəzurda amerikalı hərbçiləri yerləşdirmək çətin olardı. ABŞ mühafizə qrupu böyük ehtimalla Avropa İttifaqı müşahidəçi missiyasının yerləşdiyi yerə yaxın ərazidə yerləşəcək”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

Paşinyan hakimiyyətinin ilk illərində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru olmuş, “Hayrenik” Partiyasının sədri Artur Vanetsyan “Ermənistan və ABŞ arasında strateji əməkdaşlıq haqqında sənəd”lə tanış olduqdan sonra narahatlıq keçirdiyini bildirib. Modern.az xəbər verir ki, Vanetsyanın sözlərinə görə, gedişata əsasən, baş nazir Nikol Paşinyan tezliklə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxdığını elan edəcək.

“Rusiya Federasiyası öz növbəsində mahiyyətcə bildirdi ki, Ermənistan Avropa İttifaqına üzvlük məsələsini gündəmdə saxlaya bilməz və Avrasiya İqtisadi İttifaqının üzvü olaraq qala bilməz.

Aydındır ki, Nikol Paşinyanın xarici siyasəti hələ də avantüra sferasındadır və vətənimizə növbəti fəlakət gətirmək təhlükəsi yaradır.

İstənilən hökumət qərarı vətənin mənafeyinə və bu qərarın nəticələrinin diqqətlə hesablanmasına əsaslanmalıdır. Bu arada, bu işdə başqalarının maraqlarından doğan tələskənlik göz qabağındadır. Bu o deməkdir ki, istisnasız olaraq hamımızın əziyyət çəkəcəyi ciddi nəticələr ola bilər", - Vanetsyan bildirib.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR