İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Putinin “mozol”una basır - Ukrayna gələn ilin yayınadək...

“Ukrayna hərbçiləri yaxın 2 ay ərzində Rusiya hərbçilərini 23 fevral 2022-ci il tarixinədək olan sərhədlərə qova biləcək. Bunun mümkün olmasının şərtlərindən biri də Amerika Birləşmiş Ştatlarının Ukraynaya davamlı dəstəyidir”.

Bu sözləri ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı, Vaşinqtonun Avropa Siyasətinin Təhlili Mərkəzinin eksperti Ben Hodces Ukrayna Vətəndaş Palatasının müşaviri Aleksiy Aretoviç və rusiyalı hüquq müdafiəçisi və müxalifətçi Mark Feyqinə müsahibəsində deyib.

“İnanıram ki, Ukrayna qoşunları iki ay ərzində rus qoşunlarını 23 fevral xəttinədək geri sıxışdıracaq və 2023-cü ilin yayına qədər Krımı azad edəcəklər. Bir şərtlə ki, Birləşmiş Ştatlar Ukraynaya dəstəyini davam etdirsin və Rusiyaya qarşı bütün sanksiyalar olduğu kimi qalsın”, - ABŞ-ın təqaüddə olan generalı bildirib.

O qeyd edib ki, Kreml çox güman ki, belə bir ssenarinin mümkünlüyünü anlayır.

Hodces vurğulayıb ki, Rusiya hazırda ABŞ-dakı seçkilərdən sonra Ukraynanın ABŞ-dan dəstəyini itirə biləcəyinə ümid edərək müharibəni zamana yaymağa çalışır. Noyabrın 8-də ABŞ Konqresinə aralıq seçkilər keçiriləcək. Seçkilərdən sonra Konqresin aşağı palatasının - Nümayəndələr Palatasının tərkibi bütünlüklə, Senat üzvlərinin isə üçdə biri yenilənəcək. Hazırda Konqresdə demokratlar üstünlükdədir (Bayden də Demokratlar Partiyasındandır).

Yayadək Ukrayna ordusu Krıma çıxa bilərmi? Əgər Putin Krımı az qala, doğulduğu Peterburq qədər doğma Rusiya ərazisi sayırsa?

Bu arada xəbər yayılıb ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns oktyabrın əvvəllərində Ukrayna Prezidenti Vladimir Zelenski və digər rəsmilərlə görüşmək üçün gizli şəkildə Kiyevə səfər edib. Bu barədə CNN mötəbər mənbələrə istinadən məlumat yayıb.

“O, Ukraynaya Rusiya təcavüzünə qarşı mübarizədə dəstək vermək, o cümlədən kəşfiyyat məlumatlarını bölüşməyə davam etmək barədə öhdəliklərini gücləndirib”, - məlumatda deyilib.

Niyə məhz indi? Bu özəl səfərin motivi nə ola bilər və müharibənin gedişinə hansısa təsirləri mümkündür?

BAXCP sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli hesab edir ki, Rusiya üçün Krımın geri alınması çox şeyin sonu ola bilər: “Ukrayna ordusu əgər Vaşinqtonun Avropa Siyasətinin Təhlili Mərkəzinin eksperti Ben Hodcesin iddia etdiyi kimi, 2 ay ərzində müharibədən öncəki sərhədlərinə qayıda biləcəksə, o zaman bu ya nüvə müharibəsinin başlanğıcı, ya da Rusiyanın indiki siyasi hakimiyyətinin sonu olacaq. Üçüncü ssenari də var, şübhəsiz. Bu da Rusiyanın başqa bir müharibəni stimullaşdırması və başlatması, eləcə də bu savaşa Ukrayna-Rusiya müharibəsində tərəf olmayan ölkələri cəlb etmək ehtimalıdır. Bu, həddindən artıq təhlükəli ssenaridir, amma Rusiya prezidentinin son açıqlamaları belə bir ehtimalın olduğunu düşünməyə əsas verir.

Elçin Mirzəbəyli: Öz gücümüzə, potensialımıza, mütəxəssislərimizin  peşəkarlığına inamımız “Qarabağ” yatağına qayıdışımızı təmin etdi - AZƏRTAC

Elçin Mirzəbəyli: “Rusiyanın Krımdan çıxması indiki şəraitdə o qədər də inandırıcı görünmür”

Rusiyanın Krımdan çıxması isə, indiki şəraitdə bir o qədər də inandırıcı görünmür. Krım məsələsinə Rusiya ictimaiyyətinin yanaşması da fərqlidir. Yəni ruslar ordularının Donbasdan, Luqanskdan geri çəkilməsini Krımın tərk edilməsi qədər ağrıyla qarşılamayacaqlar. Krımın itirilməsi isə Rusiya üçün Qara dənizdə zəncirvari itkilərə səbəb ola bilər. Bu ərazinin əldən çıxması Rusiya üçün Qara dənizdəki mövqelərinin əhəmiyyətli hissəsinin əldən verilməsi, Kerç boğazı üzərində nəzarəti əhəmiyyətli dərəcədə itirməsi, Qara dəniz donanmasının, xüsusilə də donanmanın mərkəzi bazasının indiki əlverişli, üstün mövqelərindən geri çəkilməsi deməkdir. Krımın geri qaytarılması Rusiya üçün Qara dənizdəki ərazi sularının yarıbayarıya azalması, Azov dənizindəki manevr imkanlarının sıradan çıxması, yaxud təhlükə altına düşməsi ola bilər. Rusiyanın Ukraynadakı savaşının təməlində Qara dənizdə əsas güc olmaq iddiası dayanır. Bu klassik Rusiya siyasəti üçün ənənəvi davranış deyil. Rusiya heç vaxt talaccokratik güc olmayıb və olmayacaq da. Rusiya tellurokratik gücdür və bu ölkənin indiki şəraitdə imkanları və potensialı ilə uyğun gəlməyən iddiaları onu uçuruma aparır.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börnsün Ukraynaya səfərinə gəldikdə isə, bu amilin Rusiyanın son manevrlərindən qaynaqlandığını söyləmək mümkündür. Rəsmi Moskva artıq müttəfiqlərini də, başını da itirməkdədir. Ukrayna ssenarisinin uğursuzluğu Rusiyanın postsovet məkanındakı mövqelərinə də təsir göstərib və 90-cı illərdə başladılan prosesi yarımçıq qoyan Qərb, ola bilsin ki, Rusiyaya qarşı daha sərt tədbirlər həyata keçirməyi, Ukrayna ordusunun hücum imkanlarını artırmağı planlaşdırır".

Millet.az Müstəqil İnformasiya Agentliyi

Rəşad Bayramov: “Krım Rusiyanın Ukraynadakı ”son qalasıdır”

AMİP Mərkəzi Aparatının rəhbəri, politoloq Rəşad Bayramovun fikrincə, üstünlük sürətlə Ukrayna tərəfinə keçir: “Son bir neçə gündür ki, Xerson istiqamətində işğalçıların ard-arda uğradığı məğlubiyyət, eləcə də oktyabrın 27-dən etibarən Luqanskın bəzi yaşayış məntəqələrinin azad edilməsi ilə bağlı məlumatlar Ukraynanın yaxın 2 ay ərzində Rusiya hərbçilərini 23 fevral 2022-ci il tarixinədək olan sərhədlərə qova biləcəyi ilə bağlı ehtimalları artırır. İran tərəfindən təmin edilən PUA-lar müəyyən müddət Ukraynanın əks-hücum planlarını ertələsə də, indi bütün cəbhə boyu üstünlük Ukrayna tərəfinə keçib. Təbii ki, burada ABŞ və Ukraynanın Qərb tərəfdaşlarının davamlı yardımları da öz sözünü deyir. Əgər bu yardımlar kəsilməyəcəksə və Rusiyaya qarşı tətbiq olunan sanksiyalara bütün Avropa İttifaqı Dövlətləri riayət edəcəksə, o zaman Rusiyanın sıxışdırılmasına nail oluna biləcək.

Təbii ki, Rusiya da bunları görür və başa düşür. Odur ki, çıxış yolları axtarır. İndiki məqamda Rusiya üçün ən əlverişli olan müəyyən müddətə də olsa atəşkəs elan olunması, imitasiya üçün belə olsa danışıqlar masası arxasında oturmaqdır. Rusiya belə bir fürsətə öz gücünü toparlamaq imkanı kimi baxır. Əslinə baxsaq elə son nüvə təlimləri də dolayısıyla məhz bu məqsədə xidmət edir. Məlum olduğu kimi nüvə təlimləri, başqa adla quru, dəniz və hava strateji çəkindirmə qüvvələrinin təlimi Vladimir Putinin rəhbərliyi altında keçirilir. Təlimə qanadlı raketləri buraxan uzaqmənzilli “Tu-95MS” təyyarələri də cəlb olunub. Eləcə də hərbi komandanlıq və idarəetmə orqanlarının hazırlığı, rəhbər və əməliyyat heyətinin qoşunların idarə olunmasının təşkili üzrə bacarıqları yoxlanılıb. Məlumata görə, Plesetskdən “Yars”, Barents dənizindən “Sineva” ballistik raketi, Kamçatkadakı “Kür” poliqonundan qitələrarası ballistik raket buraxılıb.

Bu təlimlərlə Rusiya çoxkombinasiyalı gediş edir desək daha düzgün olar. Birincisi, Xerson istiqamətində Ukrayna Silahlı Qüvvələrinin rus qoşunlarını geri çəkilməyə məcbur etməsi, Rusiyanın işğal etdiyi ərazilərdəki mütəmadi itkiləri, eləcə də sanksiyalar səbəbilə hər gün daha çox çətinliklərlə üzləşən Rusiya üçün indi müvəqqəti də olsa atəşkəs elan edib danışıqlar aparmaq olduqca vacibdir. Rusiya bununla öz gücünü yenidən səfərbər etmək üçün əlavə vaxt əldə etmək istəyir. Bu mənada nüvə təlimləri Rusiya üçün Ukraynaya təzyiq göstərmək üçün bir vasitədir.

İkincisi, Rusiya bu təlimlərlə həm də ABŞ-a və onun müttəfiqlərinə də mesaj vermiş olur. Başqa sözlə desək, Rusiya ehtiyac yarandığı halda nüvə silahından istifadə etməkdə qəti olduğunun görüntüsünü yaradaraq bir tərəfdən Qərbə Ukraynanı silahlandırmağı dayandırmaq, digər tərəfdən isə yenə də Zelenskini danışıqlara məcbur etmək üçün təzyiq göstərir. Təbii ki, burada ABŞ-da keçirilməsi gözlənilən seçkilər də var. Rusiya ümid edir ki, Demokratlar Partiyasının Konqres seçkilərində məğlubiyyəti nəticə etibarilə Nümayəndələr Palatası və Senatda Bayden adminstrasiyasının mövqeyini zəiflədə bilər və bununla da Ukraynaya olunan davamlı yardım zəifləyə bilər. Bütün bu deyilənləri nəzərə alaraq mən ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı Ben Hodcesin Rusiyanın Ukraynanın ABŞ-dan dəstəyini itirə biləcəyinə ümid edərək müharibəni zamana yaymağa çalışması ilə bağlı verdiyi açıqlama ilə razıyam.

O ki qaldı yayadək Ukrayna ordusunun Krıma çıxa bilməsi ilə bağlı suala, bu o qədər də inandırıcı görünmür. Ona görə ki, Krım Rusiyanın Ukraynadakı “son qalasıdır” və Putin hakimiyyəti onun itirilməsi ilə heç bir halda razılaşa bilməz. Əslinə baxsan heç ABŞ və müttəfiqləri də bunu real saymır. Onlar artıq istədiklərinə nail olublar. Rusiyanı elə bir bataqlığa salıblar ki, bundan sonra Rusiyanın əvvəlki gücünü bərpa etməsi üçün onilliklər tələb olunacaq. İkinci bir tərəfdən sərhədlərində NATO qoşunlarını görmək istəməyən Rusiyanın ən yaxın sərhədlərindəki dövlətlər Finlandiya və İsveç artıq NATO-ya qəbul olmaq üzrədir. Başqa sözlə Qərb istəyinə artıq çatıb".

Politoloq ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börnsün Kiyev səfərinə də toxundu: “Bu, ilk səfər deyil. Börns bundan əvvəl də Ukraynada olaraq həm Zelenski, həm də digər Ukrayna təmsilçiləri ilə görüşlər keçirib. Onun budəfəki səfəri və hansı kəşfiyyat məlumatlarını gətirməsi haqda məlumat olmasa da həmin səfərdən dərhal sonra ABŞ-ın Ukraynada silahlara nəzarət planı hazırlaması ilə bağlı məlumat verilməsi bəzi mətləblər haqqında fikir yürütməyə imkan verir. ABŞ Dövlət Departamentinin bəyanatında deyilir ki, Qərb tərəfdaşları Ukraynaya silah tədarükünü sürətləndirib. Bu da öz növbəsində qeyd aparmaq və onları qorumaq öhdəsini özündə ehtiva edir. Dövlət Departamenti hər nə qədər də bu addımı Qərb silahlarının ələ keçirilməsinə qarşı mübarizə planına əsasən atdığını desə də, görünən odur ki, əsas məqsəd təkcə silahların uçotunun aparılması deyil, həm də bu məqamdan istifadə edərək təhlükəsizlik qüvvələrinə, hüquq-mühafizə orqanlarına və sərhəd nəzarəti orqanlarına nəzarəti təmin etməkdən ibarətdir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR