Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin Rusiyada bir sıra zərbə sistemlərinin inkişafının yekun mərhələsini açıqlayıb. Musavat.com xəbər verir ki, Rusiya dövlət başçısı iyulun 28-də Rusiya Hərbi Dəniz Qüvvələri Günündə çıxışında belə deyib. Putin deyib ki, bu, ABŞ raketlərinin Almaniyada yerləşdirilməsinə cavab tədbiridir.
Putin çıxışında Ağ Ev administrasiyasının 2026-cı ildən Almaniya Federativ Respublikası ərazisində Amerikanın uzaqmənzilli yüksək dəqiqlikli raket sistemlərinin yerləşdirilməsi planlarını xatırladıb.
Rusiyanın Ali Baş Komandanı qeyd edib ki, bu plan gerçəkləşərsə Rusiyanın mühüm dövlət və hərbi idarəetmə obyektləri, inzibati və sənaye mərkəzlərini və müdafiə infrastrukturu hədəfə çevriləcək. Nüvə başlıqları ilə təchiz oluna bilən belə raketlərin Rusiya ərazisindəki hədəflərə uçuş müddəti təxminən 10 dəqiqə olacaq. O, həmçinin əlavə edib ki, ABŞ artıq öz ərazisindən Danimarka və Filippinə raket sistemlərinin ötürülməsini planlaşdırıb. Bu vəziyyət isə Amerikanın orta mənzilli “Perşinq” raketlərinin Avropa ölkələrində yerləşdirildiyi “soyuq müharibə” dövrünə qayıdış kimi qiymətləndirilir.
“Əgər Birləşmiş Ştatlar bu cür planları həyata keçirsə, biz özümüzü orta və qısa mənzilli zərbə silahlarının yerləşdirilməsinə, o cümlədən donanmamızın sahil qüvvələrinin imkanlarının artırılmasına dair əvvəllər qəbul edilmiş birtərəfli moratoriumdan vaz keçəcəyik. Bu gün bir sıra belə raket sistemlərinin hazırlanması son mərhələdədir” - deyə dövlət başçısı qeyd edib.
Putinin sözlərinə görə, Rusiya ABŞ-ın və onun Avropa və dünyanın digər ölkələrindəki peyklərinin hərəkətlərini nəzərə alaraq öz donanmasını hipersəs sistemləri ilə təchiz etməyə davam edəcək.
Yada salaq ki, iyulun 10-da Pentaqon 2026-cı ildə Almaniyada uzaqmənzilli silahlar yerləşdirməyə başlayacağını açıqlamışdı. Söhbət SM-6 zenit sistemlərindən, “Tomahawk” qanadlı raketlərindən və hipersəs silahlarından gedir. Almaniya kansleri deyib ki, Amerika silahlarının onun ölkəsində yerləşdirilməsi Rusiya ilə gərginliyə səbəb olmayacaq. Daha sonra kansler bildirib ki, Amerika raketlərindən imtinanın şərti Ukraynada xüsusi əməliyyatın dayandırılmasıdır. Almaniya hökumətinin sözçüsü isə iyulun 15-də ABŞ-ın Almaniyada uzaqmənzilli sistemlərinin yerləşdirilməsi qərarını üçüncü tərəfləri qorxutmaq zərurəti ilə izah edib, həmçinin Rusiyanı tərksilah mövzusunda dialoqa çağırıb.
Kreml rəsmisi Dmitri Peskov öz növbəsində qeyd edib ki, Amerikanın uzaqmənzilli raketlərinin Avropada yerləşdiriləcəyi təqdirdə Rusiyanın onların qarşısını almaq üçün kifayət qədər potensialı var. Onun sözlərinə görə, bundan yalnız Avropa paytaxtları zərər çəkəcək.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ