İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ lideri Zelenskini də, Putini də təhdid edir...

Ağ Ev rəhbəri Ukraynaya yardım ayırmağı axmaqlıq sayır və hərbi dəstəyi dayandırır, Kreml liderinə isə mesaj verir ki, masaya oturmasa, sanksiyalar gələcək; Tramp əvvəl bir sutka deyirdi, indi müharibəni bitirməyə 100 gün vaxt ayırır - iki rəy

ABŞ prezidenti Donald Tramp Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqa Ukrayna münaqişəsini 100 gün ərzində başa çatdırmaqla bağlı tapşırıq verib. “Yeni Müsavat” bildirir ki, bu barədə “The Wall Street Journal” (WSJ) jurnalı məlumat yayıb. Jurnalın qiymətləndirmələrinə görə, Rusiya prezidenti Vladimir Putinlə sazişin bağlanması Trampın təsəvvür etdiyindən daha çətin məsələ olacaq. 

O, seçkiqabağı kampaniya zamanı dövlət başçısı kimi vəzifəyə başlayana qədər münaqişəyə son qoyacağını bəyan edirdi. Mənbələr Trampın Ukrayna üzrə danışıqlar prosesinin gedişinə şəxsən nəzarət etmək niyyətində olduğunu bildiriblər. Kelloqun keçmiş həmkarları onun müstəqil fiqur olmadığını və tamamilə prezidentin fikrindən asılı olduğunu iddia edirlər. Bu səbəbdən Kelloq guya ABŞ-la Rusiya arasında hər hansı real danışıqlara buraxılmayacaq. 

“Vladimir Putin Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqlardan imtina edərsə, Ağ Ev Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər”. Bunu ABŞ prezidenti Donald Tramp deyib. Administrasiyasının Ukraynaya silah satışını da nəzərdən keçirdiyini deyən Tramp Avropa İttifaqının Ukraynaya daha çox yardım etməli olduğuna inandığını vurğulayıb. “Biz Volodimir Zelenski ilə danışırıq, çox yaxında prezident Putinlə danışacağıq”, - Donald Tramp bildirib. Prezident kimi fəaliyyətə başladıqdan bir neçə saat sonra jurnalistlərin suallarını cavablandıran Tramp deyib ki, Putin Rusiyanı məhv edir və işləri o qədər də yaxşı getmir. Qərb şərhçiləri qeyd edirlər ki, bu, Donald Trampın Vladimir Putinə qarşı ən sərt tənqidi bəyanatlarından biridir.

Tramp Bayden dövründə Ukraynaya verilən dəstəyin davamlı olması ilə bağlı suala təəccüblü cavabı ilə yadda qalıb. “Bizimlə Ukrayna arasında bir okean var. Bu, Avropaya daha yaxın olan ölkədir. Müharibə onlara daha çox təsir edəcək. Biz axmağıq? Avropa Ukraynaya kömək etməlidir”, - deyə Tramp bildirib. O deməkdir ki, ABŞ Kiyevin yardımını kəsə bilər. Hətta silah satışının nəzərdən keçirilməsi o deməkdir ki, Vaşinqton Ukraynanı pulsuz hərbi yardımla təmin etməyəcək. Ancaq ikibaşlı danışan Tramp Putinə də xəbərdarlıq edib. Ən azından sanksiyaların davam etdiriləcəyini deməklə...

“ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişəni bir gündə ona görə həll etməyib ki, bu, diplomatiyanın gərgin işini tələb edir”. Dövlət katibi Mark Rubio deyib. “Bu problemləri həll etməyin yeganə yolu praqmatizmə və ciddiliyə qayıtmaqdır və bu, diplomatiyanın gərgin işidir. ABŞ-ın burada rolu var. Biz Ukraynanı dəstəklədik, lakin bu münaqişə bitməlidir”, - Rubio bildirib. 

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

 Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğlunun sözlərinə görə, Tramp andiçmə mərasimində xüsusi olaraq Rusiya-Ukrayna müharibəsi barədə danışmasa da, dünyadakı müharibələri bitirəcəyini vəd etdi: “Trampı Ukraynanın və Avropanın taleyi maraqlandırmır. Tramp müşavirlərinə və dövlət katibinə Rusiya-Ukrayna müharibəsində ilkin mərhələdə atəşkəsə nail olmağı tapşıracaq və bunu xarisi siyasətdə qələbəsi kimi təqdim edəcək. Rusiya prezidenti Vladimir Putin andiçmə mərasimindən əvvəl Trampı prezident seçilməsi münasibətilə təbrik edib. Bu o deməkdir ki, Putin Trampla görüşməyə hazırdır. Putin sanksiyalardan qurtulmaq və Trampla Avropa dövlətləri arasında ixtilafı dərinləşdirmək üçün Ağ Evin yeni sahibinin atəşkəs tələbini qəbul edə bilər”.

Şahin Cəfərli/ Foto: pressklub.az · Mikroskop - Qısa, vizual, izahlı

Şahin Cəfərli

Təhlilçi Şahin Cəfərlinin fikrincə, Tramp-Putin görüşündən və iki ölkə nümayəndələrinin təmaslarından sonra Ukrayna məsələsində anlaşma əldə etməyin mümkün olub-olmayacağı barədə təsəvvür yaranacaq: “Rusiyanın hazırkı mövqeyi onu deməyə əsas verir ki, razılığa gəlmək olduqca çətin məsələdir. Çünki əvvəla, Rusiyanın Ukraynada müharibəni dayandırmaqla bağlı şərtləri çox ağırdır və Tramp nə qədər müharibəni tez bitirmək istəsə belə, bu şərtlərlə razılaşması mümkün görünmür. Əlbəttə, istənilən tərəfin maksimalist mövqeyi danışıqlar öncəsi taktika da ola bilər və masada geri addım atılması, güzəşt ehtimalı hər zaman var. Amma məsələ burasındadır ki, Rusiya tərəfi müzakirələrin təkcə Ukrayna ilə məhdudlaşmamalı olduğunu deyir. Putin hesab edir ki, ümumən "problemi doğuran səbəblər" Rusiya və ABŞ arasında müzakirəyə çıxarılaraq həll olunmalıdır". 

Ş.Cəfərliyə görə, Rusiya məsələyə bütün Avropada təhlükəsizlik arxitekturasının yenidən qurulmasının zəruriliyi nöqteyi-nəzərindən yanaşır və bu coğrafiyada öz maraqlarının ABŞ tərəfindən tanınmasını, yəni bir növ nüfuz dairələrinin bölüşdürülməsini təklif edir: “2021-ci ilin dekabrında Rusiya bu barədə təkliflərini ultimativ formada ABŞ və NATO-ya təqdim etmişdi. İndi belə görünür ki, Moskva müzakirələrin həmin mövzular əsasında aparılmasını istəyir. Tramp əlbəttə ki, nə Avropanın dərdinə yanır, nə də Ukraynanın. Amma ABŞ dövlətinin başçısı kimi Rusiyanın bu absurd tələbləri ilə razılaşması mümkün deyil. Qısaca deyim ki, reallıqdan uzaq, Putinin imperialist təxəyyülünün məhsulu olan məsələlərdən söhbət gedir. Əgər Rusiya məqbul şərtlərlə atəşkəsə "hə" deməsə, ABŞ sanksiya rejimini daha da ağırlaşdıra bilər".

Qeyd edək ki, Qərb ölkələri Rusiyaya qarşı, xüsusən də onun Ukraynaya təcavüzündən sonra iqtisadiyyatın müxtəlif sahələrinə qarşı sanksiyalar tətbiq edib. Bundan başqa, minlərlə hüquqi və fiziki şəxs sanksiyalara məruz qalıb. Rusiya neft treyderlərinə və neft istehsalçılarına təsir edən ən genişmiqyaslı sanksiya paketlərindən biri ABŞ-da hakimiyyət dəyişikliyindən bir neçə gün əvvəl Co Bayden administrasiyası tərəfindən qəbul edilib. “Trampın Rusiya hökmdarı Putini Ukraynaya qarşı müharibəni tez bir zamanda dayandırmağa məcbur etmək rıçaqları var”. Bu fikri Lester Craun adına liderlik təcrübəsi üzrə  professor və Yel Universitetinin İcraçı Liderlik İnstitutunun prezidenti Cefri Zonnenfeld “Time” jurnalında dərc olunan məqaləsində bildirib. Zonenfeldin qeyd etdiyi kimi, Tramp haqlıdır ki, Putinin müharibədən qaynaqlanan iqtisadiyyatı ölkənin bütün sektorlarda can damarını qurudur. “Rusiya real bəla içindədir, iqtisadiyyatı çökdüyü üçün Putin Rusiyanı məhv edir. Və daha önəmlisi, Trampın qayıdışı Rusiya iqtisadiyyatını "qayadan ata" bilər, Putinin sarsılmış rejiminə ölümcül zərbə vura bilər", - deyə professor qeyd edib. Onun sözlərinə görə, sanksiyalar düzgün tətbiq olunarsa, Rusiya iqtisadiyyatı Pasxa bayramı öncəsi ipdən asılı olacaq.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR