Onlayn ictimai-siyasi qəzet
Tramp administrasiyası gələcəkdə Ukraynada bütün əsas infrastruktur investisiyalarına və mineralların işlənməsinə nəzarət etməyə çalışır ki, bu da Vaşinqtona Kiyevin digər müttəfiqlərinin iştirakına veto hüququ verə və onun Avropa İttifaqına qoşulma cəhdini sarsıda bilər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, saziş imzalanması təqdirdə Birləşmiş Ştatlar yollar, limanlar, mədənlər, neft, qaz və faydalı qazıntılar daxil olmaqla bütün infrastruktur və təbii sərvət layihələrini ələ keçirəcək. ABŞ-ın Ukraynada iqtisadi təsirinin misli görünməmiş dərəcədə artması rəsmi Kiyevin Aİ-yə yaxınlaşmağa çalışdığı bir vaxta təsadüf edir.
Sənədə əsasən, layihələrdən əldə olunan gəlirlər ABŞ-ın nəzarəti altında olan xüsusi yenidənqurma fonduna daxil olacaq. Üstəlik, 2022-ci ildən Kiyevə verilən bütün hərbi və iqtisadi yardımlar Vaşinqtonun bu fonda töhfəsi hesab olunacaq. Əslində bu o deməkdir ki, Kiyev fonddan vəsait almamışdan əvvəl ABŞ-a bütün xərcləri kompensasiya etməli olacaq.
Müqavilə layihəsində Ukraynanın ABŞ-ın “strateji rəqibləri” olan ölkələrə kritik minerallar satması da qadağan edilib. Kiyevdən bütün layihələri baxılmaq üçün fonda təqdim etmələri tələb olunacaq, rədd edilənlər isə bir il ərzində digər tərəflərə daha sərfəli şərtlərlə təklif oluna bilməz.
Agentliyin dəqiqləşdirdiyi kimi, danışıqlar davam edir və sazişin yekun variantına düzəlişlər edilə bilər. Ukrayna öz düzəlişlərini bu həftə təqdim etməyi planlaşdırır.
Musavat.com
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ