İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İsraillə ərəb ölkələrinin barışığından narahatdır, yoxsa...

Blinkenin Yaxın Şərq səfərinin pərdəarxası; siyasi şərhçi: “O, ərəblərin könlünü almağa çalışacaq”

ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərq səfərinə başlayır. O, ərəb-İsrail sammitində iştirak edəcək və regional tərəfdaşlarla İranın nüvə müzakirələri və Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı danışıqlar aparacaq.

Blinken martın 30-dək davam edəcək Yaxın Şərq və Şimali Afrika səfərinin ilk mərhələsində İsrailin baş naziri Naftali Bennett və xarici işlər naziri Yair Lapid ilə görüşəcək. Gündəmin əsas mövzusu İsrail və Körfəz ərəb dövlətlərinin ciddi şübhələrini dilə gətirdiyi İran nüvə danışıqları və Rusiyanın bir aydır Ukraynaya müdaxiləsi, İsrailin potensial vasitəçi kimi ortaya çıxdığı münaqişədir.

Qeyd edək ki, nüvə danışıqları bir neçə həftə əvvəl Rusiya ABŞ-dan son dəqiqə tələblərini irəli sürərək, Moskvanın Ukraynaya müdaxiləsi ilə bağlı tətbiq etdiyi tələblərin İranla ticarətinə təsir etməməli olduğunu bildirənə qədər razılaşmaya yaxın idi. İsrail Blinken və Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Mərakeşdən olan həmkarlarını İsrail səhrasında qonaq edəcək və əməkdaşlığın necə inkişaf etdiriləcəyini müzakirə edəcək. Üç ərəb ölkəsi 2020-ci ildə ABŞ-ın keçmiş prezidenti Donald Tramp administrasiyasının vasitəçiliyi ilə İsraillə əlaqələri normallaşdırmaq üçün imzalanmış “Abraham Accords” adlanan sazişin bir hissəsi olub. Şənbə günü İsraillə sülhün 43-cü ilini qeyd edən Misirin xarici işlər naziri də sammitə qatılacaq. Blinkenin səfəri İsrail və BƏƏ kimi əsas müttəfiqlərin Bayden administrasiyasının bölgəyə sadiqliyini şübhə altına aldığı üçün Yaxın Şərqdəki bir neçə ölkə ilə əlaqələrin çətinliklərlə üzləşdiyi bir vaxta təsadüf edir. Vaşinqtonun strateji diqqəti Çində olsa da, Rusiyanın Ukraynaya müdaxiləsi ABŞ-ın xarici siyasət prioritetlərini daha da çətinləşdirib.

Amerika İsrailin aparıcı ərəb ölkələri ilə yaxınlaşmasından narahatdırmı? Bu yeni ittifaqa şərik çıxmaq üçünmü məlum sammitdə iştirak etməyi planlaşdırıb?

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

 Kənan Rövşənoğlu 

Siyasi yazar Kənan Rövşənoğlu deyilənlərin baş verəcəyini zənn etmir: “İsrail və ərəb ölkələri arasında barışığın memarı ABŞ olub. Sadəcə, Bayden zamanında ABŞ-ın strategiyası dəyişdi. Demokratlar, yəni indi Bayden və daha əvvəl Obama Yaxın Şərqdə bütün tərəflərlə masa arxasında oturmaq, dialoq və əməkdaşlıq yoluna üstünlük verirlər. Çünki ABŞ qlobal lider rolunu oynamaq istəyir. Tramp isə İranla gərginliyi artırmaqla müttəfiqləri Amerika ətrafında sıx birləşdirməyə çalışırdı. ABŞ siyasi xəttində dəyişiklik müəyyən mənada ərəbləri incik salıb. Ona görə də Blinken yəqin ki, ərəblərin könlünü almağa çalışacaq. İstənilən halda ərəblərin və İsrailin İran qarşısında yeganə söykənə biləcəyi və ya güvəndiyi güc ABŞ-dir. Digər tərəfdən, son zamanlar Çinin regionda səssizcə fəallığı, ABŞ-ın regional müttəfiqi İsrail və Səudiyyə Ərəbistanı ilə yaxınlaşması Vaşinqtonu narahat edir. Çinin İsraildə infrastruktur layihələrinə daxil olmaq cəhdi, Körfəz ölkələri ilə hərbi sahədə əməkdaşlığı artırması Vaşinqtonda narahatlıq doğurur. Nəzərə alsaq ki, Çin artıq regionun iki nəhəng neft-qaz ölkəsi olan İran və İraqla böyük həcmdə enerji sazişi imzalayıb, bu narahatlıq başadüşüləndir”.

Ermənistan Türkiyənin forpostu olacaq” iddiası

Azər Hüseynov

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov burada Türkiyə qorxusunu daha çox görür: “Amerika İsrailin ərəb dünyası ilə yaxınlaşmasından daha çox bu sahənin də Türkiyənin nəzarətinə keçə biləcəyindən qorxur. Ukrayna-Rusiya dialoqunda bunu görür. İndi düşünün, post-Osmanlı bölgəsi olan Yaxın Şərqdə durum necə ola bilər. Amerika İranla əlaqə qurmağa məcburdur. Bu, Rusiyanın neft embarqosu zamanı xüsusilə lazımdır. İsraili də incitmək olmaz. Çünki yəhudi lobbisi Amerikada real gücdür. Bir sözlə, bu sahənin də Türkiyənin nəzarətinə keçəcəyini, inşallah, görəcəyik”.

Rusiya açıq şəkildə Qarabağda anti-Azərbaycan siyasətini davam etdirir" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə: “ABŞ-ın Yaxın Şərq siyasəti demokratların dönəmində ciddi şəkildə zəifləmişdi. Trampın prezidentliyə gəlişi və İsraillə əməkdaşlıq fonunda körfəz ölkələri ilə İsrail arasında İbrahim sazişi imzalandı. Hazırda Bayden administrasiyası çalışır ki, ərəb ölkələri ilə əməkdaşlığı inkişaf etdirsin və Səudiyyə Ərəbistanı və BƏƏ neft hasilatını artırsın. Səudiyyə Ərəbistanı ilə ABŞ administrasiyası arasında soyuq münasibətlər hökm sürür. Ər-Riyad Vaşinqtonla bir çox hallarda razılaşmır. Məhz Blinkenin səfərində bu məsələlər müzakirə ediləcək, həmçinin Rusiyaya qarşı sanksiyalar fonunda neftin gündəlik barelinin artırılması istiqamətində danışıqlar olacaq. Ümumiyyətlə, Vaşinqton çalışır ki, ərəb ölkələrini yenidən öz təsir dairəsinə alsın. Yəmənlə Səudiyyə Ərəbistanı arasında müharibə, Suriya ilə BƏƏ arasında normallaşma prosesi, İranın nüvə məsələsi Yaxın Şərqdə yenidən bir siyasi nizamın formalaşmasına zəmin yaradır. Ona görə də ABŞ daha da fəal siyasət ortaya qoyub. İsrail də məhz ABŞ vasitəsilə ərəb ölkələri ilə əməkdaşlığı inkişaf etdirir. Burada İsrailə qarşı ABŞ-ın əks mövqeyini istisna edirəm. ABŞ neft hasilatının artırılmasını, regionda yenidən nəzarəti əldə etməyi, Səudiyyə Ərəbistanı ilə normal əlaqələri qurmaq və Yəməndə hissləri məğlub etməyi planlayır. Husilər Səudiyyə Ərəbistanında ABŞ neft şirkətinin anbarlarını hədəf aldılar. Proseslər mürəkkəb bir məcraya daxil olub. Bu səfərlə ABŞ regionda istədiyi siyasəti bərpa edə bilməyəcək. Amma İsrailin vasitəsilə çalışacaq ki, İran və Türkiyənin regionda artan təsirinin qarşısını alsın”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR