Onlayn ictimai-siyasi qəzet
ABŞ administrasiyası İranı neft ixrac etmək imkanından məhrum etmək istəyir.
Musavat.com xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus deyib.
O, Vaşinqtonun dünən İran neftinin nəqli və Çində emalı ilə əlaqəli olan 13 şirkət və 8 gəmiyə qarşı tətbiq etdiyi sanksiyaları şərh edərkən bildirib ki, Çindəki neft emalı zavodu "təxminən yarım milyard dollar dəyərində milyonlarla barel neft aldığı üçün", təşkilatlar və tankerlər isə "milyonlarla barrel İran neftinin Çinə daşınmasına görə" məhdudiyyətlərə məruz qalıb: "İranın dünyadakı davranışı Amerikanın milli təhlükəsizlik maraqlarını təhdid edir. Prezident Donald Tramp İranın nüvə təhlükəsini dayandırmaq, onun ballistik raket proqramını cilovlamaq və terrorçu qruplara dəstəyini dayandırmaq üçün Tehrana qarşı maksimum təzyiq kampaniyasını yenilədi. Maksimum təzyiq kampaniyası İranın neft ixracını dayandırmaq məqsədi daşıyır”.
Qeyd edək ki, yeni sanksiyalar neft emalı ilə məşğul olan Çinin Shandong Shouguang Luqing Petrochemical şirkəti və onun direktoru Vanq Xueqinqə şamil ediləcək. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, şirkət "təxminən yarım milyard dollara milyonlarla barrel İran nefti alıb".
Çin və Panamada qeydiyyatdan keçmiş dəniz nəqliyyatı ilə məşğul olan şirkətlər də sanksiya siyahısına salınıb. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, məhdudiyyətlərə məruz qalan gəmilər İranın enerji məhsullarının daşınması üçün istifadə olunur.
ABŞ-ın maliyyə naziri Skott Bessent bəyan edib ki, ABŞ İrana gəlir əldə etməyə imkan verən “maliyyə axınlarını kəsməkdə qərarlıdır”.
Vaşinqtonun tətbiq etdiyi məhdudiyyətlərlə əlaqədar Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib ki, Çin Xarici İşlər Nazirliyi ABŞ-ı Pekin və Tehran arasında ticarət-iqtisadi əməkdaşlığa müdaxiləni dayandırmağa çağırıb.
Musavat.com
22 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ