İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-İran danışıqlarında bu məsələlər MÜZAKİRƏ OLUNACAQ 

ABŞ və İran arasında aparılacaq danışıqların əsas mövzularını Tehranın uranı zənginləşdirmə səviyyəsinə məhdudiyyətlərin tətbiqi və silahlara, o cümlədən raketlərə nəzarət təşkil edəcək.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff "Fox News" telekanalına müsahibəsində bildirib.

“İranlılarla danışıqlarda ümumilikdə iki əsas məqama diqqət yetiriləcək. Birincisi, uranın zənginləşdirilməsidir. Onlara 3,67%-dən yüksək zənginləşdirmə lazım deyil. İkincisi isə silahların, o cümlədən onların ehtiyat topladığı raketlərin yoxlanılmasını təmin edən mexanizmlərin mövcudluğudur”, – deyə o qeyd edib. 

Uitkoff əlavə edib ki, iki ölkə arasında razılaşma əldə etmək üçün ciddi yoxlama mexanizminin razılaşdırılması uğur sayıla bilər. Onun sözlərinə görə, bu cür bir mexanizm son illərdə mövcud olmayıb.

“Əgər dəqiq və hərtərəfli yoxlama sistemi olsa, bu, konstruktiv danışıqlar üçün əsas ola bilər. Əgər bu sahədə dəyişiklik baş verməsə, o zaman heç kimin xeyrinə olmayan alternativlər axtarmalı olacağıq”, – deyə o bildirib.

Qeyd edək ki, aprelin 12-də Tehran və Vaşinqton arasında İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətin tənzimlənməsi ilə bağlı Oman vasitəçiliyi ilə dolayı danışıqlar aparılıb. İran tərəfini xarici işlər naziri Abbas Əraqçi, ABŞ tərəfini isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edib. İran İslam Respublikasının Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş konstruktiv və sakit atmosferdə keçib. Nazirliyin bildirdiyinə əsasən, Uitkoff və Əraqçi danışıqların sonunda Omanın xarici işlər nazirinin iştirakı ilə bir neçə dəqiqəlik söhbət ediblər. İran XİN-in rəsmi nümayəndəsi Əsmail Baqai bazar ertəsi bildirib ki, növbəti danışıqlar raundu aprelin 19-da Məsqətdə keçiriləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR