İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın yeni səfiri Prezident Əliyevin qəbulunu gözləyir - yubanmanın səbəbləri

Mark Libbinin etimadnaməsini dövlət başçısı yox, XİN rəhbəri qəbul etdi; Bakı Vaşinqtondan Qarabağla bağlı təzyiq xarakterli addımları dayandırmağı istəyir, bura komissiyanın fəaliyyətinə son verilməsi, səfirin Şuşaya getməsi daxil ola bilər

Dekabrın 15-də xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın ölkəmizə yeni təyin olunmuş səfiri Mark Libbini qəbul edib. Səfir görüşdə etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Həmçinin iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.

“Yeni Müsavat” qeyd edir ki, Azərbaycana təyin olunmuş səfirlər adətən etimadnamələrini ölkə Prezidentinə təqdim edirlər. Maraqlıdır, Birləşmiş Ştatların yeni təyin olunmuş səfiri Mark Libbini isə Prezident deyil, xarici işlər naziri qəbul edib. Diplomatiyada bu cür addımlar ikitərəfli münasibətlərin durumuna görə atılır. Azpolitika.info bu məqama diqqət çəkərək yazır ki, “belə görünür, Azərbaycanla ABŞ arasında gərginlik nisbətən yumşaldılsa da, problemlər hələ də aradan qalxmayıb”. Prosedur qaydalara görə, səfirin etimadnaməsinin surəti Xarici İşlər Nazirliyinə təqdim olunur. Sonra isə etimadnamənin əsasının dövlət başçısına təqdim olunması üçün gün müəyyən edilir. Müəyyən edilən gündə isə dövlət başçısı səfiri qəbul edərək etimadnamənin əsasını qəbul eləyir. Burada qaydaların pozulması yoxdur. Prezident tərəfindən etimadnamənin qəbul edilməsi ləngidilə də bilər.

Xatırladaq ki, dekabrın 6-da ABŞ dövlət katibinin müavini Ceyms Obrayn Bakıda səfərdə olub və Prezident İlham Əliyevlə görüşüb, görüşdə yeni təyin olunmuş səfir Mark Libbi də iştirak edib. Üç saatdan artıq çəkən müzakirələrdən sonra Obrayn pozitiv mesajla dolu açıqlama verərək Bakıdan ayrılıb. Bu mesajlar Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının Vaşinqtonda və ya Brüsseldə davam etdirilməsi ilə bağlıdır. Həmin gün Bakı və İrəvan əsirlərin dəyişdirilməsi, beynəlxalq təşkilatlarda etimadyaradıcı addımlar atmaqla barədə razılığa gəliblər. Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan bildirib ki, yanvarda hər iki ölkənin xarici işlər nazirinin Vaşinqtonda görüşü razılaşdırılıb. Rəsmi Bakı bu barədə hər hansı açıqlama verməyib. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel isə liderlərin Brüsseldə görüşünü təşkil etməyə çalışdıqlarını açıqlayıb.

Beləliklə, ortada gərginliyin nisbətən yumşaldığını göstərən konkret addımlar var. Amma görünür, Bakının Vaşinqtondan daha ciddi gözləntiləri və narazılıqları mövcuddur. Məsələn, 907-ci düzəlişin 2 illik bərpası ilə bağlı düzəliş ABŞ Senatına təqdim olunub, daha sonra onu prezident Co Bayden imzaladıqdan sonra qüvvəyə minməlidir. Azərbaycan Birləşmiş Ştatlardan, ümumiyyətlə, Qarabağla bağlı təzyiq xarakterli bütün addımları dayandırmağı və mövcud sənədləri ləğv etməsini istəyir. Bura ABŞ dövlət katibinin təlimatı ilə yaradılan, 19 sentyabr əməliyyatlarına qədər baş verən hadisələri araşdıracaq komissiyanın fəaliyyətinə son verilməsi də daxil ola bilər. Bu komissiyanın nəyi araşdıracağı, onun nəticəsi olaraq Azərbaycana qarşı daha hansı təzyiq xarakterli addımlar atılacağı bəlli deyil...

Rəsmi Bakının əsas tələblərindən biri də 19 sentyabrda Qarabağda keçirilmiş antiterror əməliyyatından sonra yaranmış reallıqları qəbul etməsini, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini de-fakto tanımasını, bunun bəyanı olaraq Bakıdakı səfirin Şuşaya səfər etməsini gözləyir. Görünür, Azərbaycana təyin olunmuş səfirin etimadnaməsini Prezidentin deyil, xarici işlər nazirinin qəbul etməsi qeyd olunan və olunmayan başqa səbəblərlə bağlıdır. Bakının gözləntiləri özünü doğrultsa, o zaman hazırkı soyuq münasibətlər də tədricən aradan qalxa bilər", - deyə sayt yazır. Yada salaq ki, Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri Ann Buayon da etimadnaməsinin surətini nazirə təqdim etmişdi. Yalnız Makron yeni Azərbaycan səfirinin etimadnaməsini Parisdə qəbul etdikdən sonra Bakı da analoji addımı atdı. Azərbaycanın Birləşmiş Ştatlardakı ötən il təyin edilən səfiri Xəzər İbrahim etimadnaməsini prezident Cozef Baydenə təqdim edib. 

Elxan Şahinoğlu: "Putin “taxıl sazişini” uzatmaq istəmir"

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ-Azərbaycan əlaqələrinin tamamilə normallaşdığını demək çətindir. Onun fikrincə, Blinkenin zəngi, köməkçisinin Bakıya gəlməsi, yeni səfirin verdiyi açıqlamalar müəyyən müsbət atmosfer yaradıb, amma bizim də bəzi gözləntilərimiz hələ qalır. E.Şahinoğlu hesab edir ki, əsasən də “907-ci düzəliş”in dondurulması məsələsi suallar yaradır: “Eyni zamanda səfirin Şuşaya, Qarabağa gedib-getməyəcəyi də bizim üçün barometr rolunu oynayır. Bunun da həyata keçirilməsinə ehtiyac var. Üstəlik, daha bir xəbər gəldi ki, Blinken azərbaycanlı səfirin ailəsi ilə görüşüb. Bu da münasibətlərin yaxşılaşması üçün bir addım sayıla bilər. Hər halda, Azərbaycan da bundan sonra adekvat davranacaq. Yəni düşünmürəm ki, Azərbaycan Prezidenti səfir Libbini qəbul etməyəcək. Digər tərəfdən isə ABŞ bizim üçün Fransa deyil. Çünki Paris bütün körpüləri yandırdı, Vaşinqton isə münasibətləri kökündən korlamadı. Bu, hər iki tərəf üçün mənfi hal olardı, Azərbaycana Amerika kimi supergüclə əlaqələri pisləşdirmək sərf etmir”.

Əziz Əlibəyli: Tibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm  töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını

Əziz Əlibəyli 

Siyasi şərhçi Əziz Əlibəyli isə bu münasibətlərin ABŞ-dakı seçkilərə qədər eyni tempramentdə qalacağını proqnozlaşdırır. Onun sözlərinə görə, birinci səbəb odur ki, münasibətləri korlayan güclər, komanda və maraqlar dəyişməyib. Ekspert hesab edir ki, ikinci səbəb seçkilərə qədər münasibətlərin həmin maraqlar ucbatından yenidən pisləşəcəyi ehtimalıdır. Ə.Əlibəyliyə görə, bunu lobbi sifarişi adlandırsaq, burada ermənilərin də böyük “əməyi” olacağı gözləniləndir: “Erməni lobbisi ABŞ-Azərbaycan münasibətlərini seçki prosesinin bir hissəsinə çevirəcək. Eyni zamanda Qərbin ikili standartlarla yanaşması hələ də davam edir. Ona görə Azərbaycanın çox səbirlə və adekvat davranışı başadüşüləndir. Bizə demokratiya və insan haqları hesabatları ilə təzyiqləri bu münasibətlərlə qiymətləndirə bilirik”.

Emil SALAMOĞLU
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR