İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın Bakıdakı səfirini dəyişir - özü Şuşaya getmədi, xələfi gedəcəkmi?

ABŞ Prezidenti Cozef Bayden Azərbaycana səfir namizədini açıqlayıb. O, Mark Libbinin ABŞ-ın Bakıdakı səfiri postuna namizədliyini irəli sürüb.

“Yeni Müsavat”ın xəbərinə görə, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin səlahiyyət müddəti bu ilin iyul ayında başa çatacaq. Yeni səfirin yay aylarında fəaliyyətə başlayacağı gözlənilir. Mark Libbi hazırda Vaşinqtondakı Milli Müharibə Kollecində çalışır. 2021-ci ilin iyununadək ABŞ-ın Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini işləyib. O, həmçinin müxtəlif vaxtlarda Varşava, Nassau, Nikosiya və Bağdada siyasi müşavir olub.

Bəs köhnə səfir Li Litzenberger iki ölkə münasibətləri üçün nə ilə yadda qalacaq? Onun fəaliyyəti necə qiymətləndirilir? Litzenberger Şuşaya getmədi, xələfi gedəcəkmi?

Ümumiyyətlə, hazırkı səfir xüsusi bir fərqlilik göstərmədi. Son dövrlər amerikalı səfirlər siyasi müxalifətlə, müstəqil media və QHT-lərlə əvvəlki diplomatlardan daha az təmas qururlar. Bundan əlavə, ABŞ səfiri işlədiyi müddətdə azad edilmiş Şuşaya və digər ərazilərə də səfər etməyib.

Qulamhüseyn Əlibəyli: Ermənistan dövlət deyil, terrorçu hörgütdür

Qulamhüseyn Əlibəyli

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a qeyd etdi ki, heç amerikalı səfirin ad-soyadını bilmir: “ABŞ səfirləri daha çox media və siyasi təşkilatlarla əlaqə saxlayırdılar. Amma hakimiyyətin qoyduğu sərhədlər çərçivəsində onlar sanki fəaliyyətini məhdudlaşdırıblar. Ümumiyyətlə, indiki diplomatın elə də yaxşı imici yoxdur. Əvvəlki ABŞ səfirləri məşhur idilər, hamı tanıyırdı, açıqlamaları səs-küy yaradırdı”.

Q.Əlibəyli ABŞ səfirinin azad olunmuş ərazilərə səfər etməməsini də şərh etdi: “Ola bilsin ki, Amerikanın yanaşması bu cür olub. Ancaq səfirin özündən də çox asılıdır. Yəni əvvəlki səfirlər fəal idilər. Ona görə heç indiki səfiri tanımıram, görüşümüz olmayıb. İndi yeni səfirin fəaliyyətina baxacağıq”.

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev də bildirdi ki, hazırkı səfir passiv fəaliyyəti ilə yadda qaldı. ALDP sədri hesab edir ki, Baydenin Azərbaycan prezidentinə təbrik məktubundan sonra yeni səfir namizəd irəli sürməsi Vaşinqton-Bakı münasibətlərində yeni mərhələ ola bilər: “Bayden azərbaycanlı həmkarına məktubunda Ukraynaya humanitar yardımı xüsusi vurğuladı. ABŞ üçün Azərbaycan Cənubi Qafqazda strateji əhəmiyyət daşıyan ölkədir. Ona görə Bayden Bakı ilə əlaqələrə yeni səfirin timsalında təzədən baxa bilər. Çünki İkinci Qarabağ müharibəsindən sonra Amerika ermənipərəst mövqedən olan açıqlamalarla daha çox seçilirdi. Son zamanlar isə Blinkenin zəngləri, verilən mesajlar göstərir ki, Bayden administrasiyası reallığı qəbul etməkdədir, Avropa İttifaqının vasitəsi ilə baş tutan danışıqları müsbət qarşılayır. Bu mənada yeni səfir daha aktiv çıxışları və fəaliyyəti ilə fərqlənə bilər”.

FUAD ƏLİYEV: Dilənçi maaşı alanlar, dilənçi təqaüdünə də məhkumdurlar -  Video

 Fuad Əliyev

Partiya sədrinə görə, səfirlik siyasi partiyalarla əvvəllər daha çox görüşlər keçirirdi, amma son illərdə bu istiqamətdə təmaslar azalıb: “ABŞ Azərbaycanla bir sıra istiqamətlərdə əməkdaşlıq edir. Bura enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə və digər sahələr aiddir. Artıq Vaşinqton razılaşır ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır. Son zamanlar nə ”status" məsələsini dilə gətirirlər, nə Minsk Qrupundan söz açılır".

Qeyd edək ki, indiki səfir Midlberri Kollecinini Bakalavr dərəcəsilə bitirib və ABŞ-ın Hərbi Kollecinin Strateji Araşdırmalar Bölümündə Magistr dərəcəsini başa vurub. Səfir Litzenberger Dövlət Departamentinin Siyasi və Hərbi Məsələlər Bürosunda Baş Məsləhətçi və Yüksək Səviyyəli Büro Rəsmisi qismində çalışıb. O həm də Brüsseldə ABŞ-ın NATO-dakı Missiyasının Rəhbər Müavini, ABŞ-ın Belqradda və Bişkekdə yerləşən səfirliklərində səfir müavini kimi çalışıb. O, 2013-2014-cü illərdə Əfqanıstanın paytaxtı Kabulda NATO-nun Ali Mülki Nümayəndəsinin müavini kimi çalışıb.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR