İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ ilə İran arasında “buzlar” əriyir? –Gizli danışıqların TƏFƏRRÜATI…

Bir neçə gün öncə İranda keçirilən prezident seçkisində parlamentin keçmiş deputatı Məsud Pezeşkian qalib gəlib. O, yeganə islahatçı namizəd olub. M.Pezeşkian nüvə sazişinin bərpasının tərəfdarıdır və bildirir ki, İran Qərb ölkələri ilə dialoq qurmalı, həmçinin Tehranla Vaşinqton arasında münasibətlər yaranmalıdır. Belə bir fonda İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani bəyan edib ki, İran Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) bərpası və Tehrana qarşı sanksiyaların ləğvinə dair ABŞ ilə danışıqlar üçün diplomatik kanalları açıq saxlayır. O əlavə edib ki, Tehranla Vaşinqton arasında birbaşa olmayan danışıqlar artıq baş tutub və lazım olduqda təfərrüatı açıqlanacaq.

Maraqlıdır, İranın yeni prezidenti və komandası bu hədəfə çata biləcəkmi? Tehran nələrdə güzəştə gedəcək və ya gedə bilərmi? ABŞ-nin bu mövzuda İrandan tələb və gözləntiləri nələrdir

Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov bildirib ki, M.Pezeşkian ABŞ ilə nüvə sazişini yeniləmək üçün İranın trayektoriyasını dəyişmək ideallarına sahibdir. Onun sözlərinə görə, İran iqtisadi həyatının canlanması və sosial problemlərin həlli üçün nüvə danışıqları Tehrana lazımdır: “Rəsmi Tehran danışıqların mümkün nəticələri ilə İrana qarşı tətbiq edilən beynəlxalq sanksiyaları əhəmiyyətli şəkildə aradan qaldırmağı hədəfləyir. Yəni Pezeşkian xarici siyasətdəki istiqamətlərə daxili auditoriya üçün verdiyi vədləri yerinə yetirmək prizmasından baxır. Bununla belə, ABŞ-dəki prezident seçkilərinin nəticələrini gözləmək lazımdır. Donald Tramp prezident seçilərsə, İran-ABŞ münasibətlərində əlavə problemlər və sürpriz mürəkkəbliklər ortaya çıxa bilər”.

Siyasi şərhçi söyləyib ki, İranın ali rəhbərliyi ilə prezidentlik institutunun Qərblə nüvə danışıqlarının vacibliyi barədə mövqelərini birləşdirdiyi sezilir: “Amma bir sual yaranır: Ali rəhbər Seyid Əli Xamenei nüvə müzakirələrini davam etdirmək üçün Pezeşkiana hansı həddə qədər icazə verəcək? ABŞ-nin İranla bağlı mövqeyi prosesə təsir etsə də, İran daxilindən danışıqlar üçün səlahiyyətli mövqelərin genişləndirilməsi və koordinasiyası bu suala cavab tapa bilər. Hər halda, Pezeşkianın xarici siyasət prioritetləri barədə daha aydın mənzərə onun kabineti elan edildikdən sonra ortaya çıxacaq. Hələlik bu fikrə vurğu edirəm ki, Pezeşkianın prezidentliyi həm rejim daxilində, həm də xarici siyasətdə mənalı dəyişiklik yaratmayacaq”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR