İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ermənistana yardımı azaltdı - Azərbaycanın daha bir diplomatik uğuru

ABŞ Konqresi tərəfindən 2023-cü maliyyə ilində dünya ölkələrinə maddi yardımla bağlı ayrılacaq vəsaitin miqdarı açıqlanıb. Çox maraqlı detallar var:

1) 2022-ci maliyyə ilində ABŞ Ermənistana 45 milyon dollarlıq yardım paketi açıqlamışdı, bundan başqa Xankəndinə humanitar yardım adı altında da oradakı qondarma quruma müxtəlif beynəlxalq humanitar təşkilatlar vasitəsi ilə də yardım ayrılmışdı. Amma 2023-cü il büdcəsində Ermənistana ayrılan vəsait ikiqat azaldılır, cəmi 24 milyon dollar vəsait ayrılacaq, Xankəndinə kömək üçün beynəlxalq humanitar təşkilatlara 1 dollar belə ayrılmayacaq.

2) ABŞ tərəfindən 2023-cü ildə Azərbaycana isə 164 milyon dollar yardım, əsas da hərbi sahədə yardım ayrılacaq.

Bu hadisə erməni lobbisində də, Ermənistanda da isterika yaradıb. Amma məlumdur ki, Xankəndində Rusiyanın əsgəri varsa, ora indi ABŞ humanitar yardım göstərməyəcək, Ermənistanın Rusiyanın başında durduğu Avrasiya İttifaqı, Gömrük İttifaqı və KTMT-də yer aldığına görə yardımlar da azalacaq.

Yəni, Qərb “süddən çıxmış ağ qaşıq” deyil, onlara qarşı ciddi suallar, iradlar, hətta onların dünyanın müxtəlif ölkələrində etdikləri cinayətləri sorğulamaq haqqımız da var. Amma ABŞ Azərbaycanın müstəqilliyini həzm edib əməkdaşlıq edir, lakin Rusiya hələ də nə bizim, nə keçmiş postsovet ölkələrinin müstəqilliyini qəbul edə bilir, bununla barışmaq, bizi müstəqil dövlət kimi görmək istəmir. Bu mənada postsovet ölkələrinin, o cümlədən Azərbaycanın Rusiyaya indiki şübhəli münasibəti təbiidir.

Erməni cinayətləri sistemləşdirildi – İlk dəfə

Əlövsət Allahverdiyev: “Əslində bu gün Rusiya ilə bir ittifaqda olanların hamısı sanksiya ilə üz-üzədir”

Bu məsələ ilə bağlı ekspertlərə müraciət etdik. Beynəlxalq hüquq üzrə ekspert Əlövsət Allahverdiyev bu məsələnin maraqlı nüans olduğunu söylədi: “Əslində bu gün Rusiya ilə bir ittifaqda olanların hamısı tətbiq olunmuş sanksiya ilə üz-üzədir. Rusiyanın açıq şəkildə beynəlxalq hüquq normalarına məhəl qoymadan törətdiyi beynəlxalq cinayətlərə şərik olmaq yolverilməzdir. Ermənistan Rusiyaya açıq dəstəyini ifadə etdiyi, eyni zamanda Rusiya hərbi bazalarına qapılarını açdığı üçün birmənalı şəkildə ona yardım ayrılmamalıdır. Sual oluna bilər ki, bəs Azərbaycan da Rusiya ilə müttəfiqdir. Azərbaycan Rusiya ilə müttəfiq olsa belə, Rusiya-Ukrayna müharibəsinə münasibətdə beynəlxalq hüquq normalarına müvafiq davrandı, Rusiyanın təcavüzünə haqq qazandırmadı, bununla yanaşı, Ukraynaya kifayət qədər yardım etdi.

Əslində belə də olmalı idi. Ölkəmiz bununla təsdiq etdi ki, hər zaman beynəlxalq hüquq normalarının üstünlüyünü qəbul edir və güc tətbiqinə qarşı çıxır. Səbəblərdən biri budur. İkinci səbəb isə Amerikanın maliyyə yardımı tam öz maraqları çərçivəsindədir. Bu gün Rusiyanın əhatə dairəsi demək olar ki, daralıb, digər MDB dövlətlərini də Rusiyanın təsir dairəsindən çıxarmaq əsas məqsədlərdən biridir. Çox münbit şərait yaranıb, bunu əldən vermək istəmir. Rusiyalı deputatların da Azərbaycana qarşı təcavüzkar çağırışları elə bununla bağlıdır - Qərbin Azərbaycana marağının artması. Amma düşünürəm ki, ölkəmiz bu məsələyə çox həssas yanaşacaq, heç bir halda düşünülməmiş addım atılmayacaq. Əgər atılacaq addıma zərurət varsa, bunun üçün zaman yetişmişsə niyə də olmasın. Hadisələri hər birimiz maraqla izləyirik".

Akif Nağı — Vikipediya

Akif Nağı: “ABŞ Ermənistanın Rusiyanın yanında olduğunu, son şans kimi Moskvanın dəstəyindən yararlanmaq istədiyini görür”

QAT sədri Akif Nağı dünyada yeni proseslərin cərəyan etdiyini söylədi: “ABŞ-ın yardım siyasəti real köməkdən daha çox bu və ya digər ölkələrə münasibət məsələsidir. Dünyada münasibətlərin durulması, münasibətlərə yenidən baxılması prosesi gedir. Ukraynada baş verən hadisələr bu prosesin ən açıq formasıdır. ABŞ və Rusiya kimin kim, nəyin harada olmasını aydınlaşdırır. Bu gərgin vəziyyətdə ABŞ mütərəqqi, Rusiya mürtəce görüntüdədir. Amma bu görüntülərlə özümüzü aldatmamalıyıq, istənilən məsələyə milli maraqlarımız mövqeyindən yanaşmalıyıq. ”Rusiya bizi müstəqil dövlət kimi görmək istəmir, ABŞ əksinə" - buna bənzər mövqelərdən qaçmalıyıq. Onların heç biri bizi müstəqil, güclü dövlət kimi görmək istəmir, özlərindən asılı vəziyyətə salmağa çalışırlar. Bunu bilməli və incə siyasətimizi davam etdirməliyik. Rusiyadan müstəqilliyimizə qarşı qalmaqda olan təhdid və təhlükələri nəzərdə saxlamalı, eyni zamanda Amerikanın “səxavət kisəsi”ni açması ilə özümüzü aldatmamalıyıq.

ABŞ hər şeyi diqqətlə izləyir, Ermənistanın Rusiyanın yanında olduğunu, son şans kimi Moskvanın dəstəyindən yararlanmaq istədiyini görür və buna uyğun mövqe tutur. Bu hələ Ermənistandan əlini üzmək deyil, daha çox xəbərdarlıq xarakterlidir. Ermənistana xəbərdarlıq edib, öz yanına qaytarmaq istəyir. ABŞ Konqresi 1998-ci ildə dövlət səviyyəsində Qarabağdakı erməni separatçılarına maliyyə yardımı ilə bağlı qərar qəbul edib, bu günə qədər də həmin yardımı davam etdirdi. İndi bu yardımı dayandırırlarsa, ovaxtkı yanlış qərarlarını da etiraf etmiş olurlar. Bu “yardım məsələsi” bir tərəfdən də Azərbaycanın regionda artan gücü ilə bağlıdır. Vaşinqton da bunu görür və hesablaşmaq zorunda qalır. Onu da xüsusi qeyd etmək istəyirəm ki, bu vəziyyət Azərbaycanın balanslaşdırılmış siyasətinin uğurudur. Biz heç kəsin yanında, tərəfində deyilik, kim bizimlə olmaq istəyirsə, buyursun gəlsin. Məhz bu siyasət davam etdirilməlidir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR