Onlayn ictimai-siyasi qəzet
“Ermənistan və Azərbaycan sülh danışıqlarında öz mövqelərini möhkəmləndirmək üçün xaricdən dəstək axtardıqları üçün Cənubi Qafqaz geosiyasi təsir uğrunda döyüş meydanı olaraq qalacaq”. Belə bir iddia ilə ABŞ-nin “Stratfor” kəşfiyyat-analitik mərkəzi çıxış edib.
“Ermənistan və Azərbaycan, çox güman ki, sülh sazişinə doğru irəliləməyə davam edəcək, lakin Ermənistanda konstitusiya dəyişiklikləri, sərhədlərin tam demarkasiyası və tranzit əlaqələrinin açılması ilə bağlı fikir ayrılıqları ehtimal ki, 2025-ci ildə sülh sazişinin bağlanmasına mane olacaq. Bu məsələlərin bəziləri sonrakı razılaşma üçün təxirə salına bilər, lakin razılıq əldə olunana qədər Bakı danışıqlarda hərbi üstünlüyündən təsir kimi istifadə etdiyinə görə regionda alovlanma potensialı davam edəcək”, - mərkəz bildirib.
“Stratfor” analitikləri ABŞ-ın Ermənistana dəstək verməyəcəyini vurğulayıblar: “Tramp administrasiyası Rusiya, İran və Çinin regional təsirini tarazlaşdırmaq üçün Bakı ilə güclü münasibətləri prioritet hesab edir, ona görə də Ermənistanın ABŞ-dan güclü dəstək almaq cəhdləri puça çıxacaq. Əvəzində Ermənistan Fransadan gələn hərbi texnikaya arxalanacaq və Avropa Birliyi ilə ticarətin artırılmasına can atacaq. Ermənistan Qərblə artan bu siyasi və müdafiə əlaqələrindən istifadə edərək, sülh danışıqlarında Bakının ən güclü tələbinə, yəni Ermənistanın cənubundan tranzit keçməsinə (Zəngəzur dəhlizi - red.) qarşı çıxmağa çalışacaq”.
Həmçinin qeyd edilir ki, Ermənistan və Azərbaycan Moskva ilə münasibətlərində ehtiyatlı davranmağa çalışacaq. Hər iki ölkə Rusiyanın regiondakı təsirini tamamilə itirməkdən çəkinir və birbaşa qarşıdurmadan yayınacaq. "Stratfor"un proqnozuna görə, Cənubi Qafqazdakı vəziyyət 2025-ci ildə də mürəkkəb olaraq qalacaq. Regionda güclər balansı, hərbi eskalasiya riski və xarici təsirlər davamlı olaraq gündəmdə qalacaq. Nəzərə almaq lazımdır ki, “Stratfor” ABŞ-ın kölgə kəşfiyyatı sayılır. O zaman bu proqnozu da ABŞ kəşfiyyatının sızdırdığı məlumatlar kimi dəyərləndirmək yerinə düşər. Regionla bağlı hesabatda xüsusi diqqət çəkən nüans “razılıq əldə olunana qədər Bakı danışıqlarda hərbi üstünlüyündən təsir kimi istifadə etdiyinə görə regionda alovlanma potensialı davam edəcək” cümləsidir. Burada Azərbaycan aqressor və hərbi eskalasiya yolu ilə təzyiq göstərən tərəf kimi təqdim olunur. Amma Bakı hər hansı hərbi qarşıdurmada maraqlı deyil. Əksinə, yanvarın 5 və 6-sı günlərində erməni tərəfi Laçın istiqamətində mövqelərimizi atəşə tutub. Hərbi gərginliyin artmasında maraqlı olan da Ermənistan və havadarlarıdır. Azərbaycan bu il ən azı çərçivə sənədi imzalanmasını gözləyir, sülh mətnində 15 bənd razılaşdırılıb. Hesabatda ikinci detal isə Ermənistanın ABŞ-dan dəstək almayacağıdır. Tramp administrasiyası Bayden hakimiyyəti qədər Paşinyana can yandırmayacaq.
Oqtay Qasımov
Politoloq Oqtay Qasımovun “Yeni Müsavat”a bildirdiyinə görə, “Stratfor” qəbul edilən beyin mərkəzlərindən biridir və bir sıra proqnozları reallaşır: “Hesabatda deyildiyi kimi, tərəflər nə qədər sülh sənədini imzalamayıbsa, silahlanma gedirsə, delimitasiya və demarkasiya aparılmırsa, münaqişənin alovlanması risklərini də bir qədər özündə saxlamaqdadır. Ermənistanın Qərbin forpostu rolunda olması və bu ölkənin sürətlə silahlanması, sərhəddə təxribatlara yol verməsi bunu bir daha göstərir ki, risklər mövcuddur. Eyni zamanda Azərbaycanın Avropa İttifaqının mülki adlandırılan missiyası ilə bağlı tələbləri var. Bu missiyanın şərti sərhəddə olması regiona sülh gətirmir, gərginliyə səbəb olur”. O.Qasımov hesab edir ki, bir neçə gün əvvəl keçmiş prezident Ter-Petrosyanın yayılan videosu Ermənistanın mahiyyətini növbəti dəfə ortaya qoyub: “Bu ölkə sülh prosesini yubatmaqla məşğuldur. Bütün bunların olması risk potensialını saxlayır. İrəvan sülhdə maraqlı olduğunu desə də, addımlarında bunu görə bilmirik. Ermənistan yeni silahlarla təxribata gedə bilər. Ona görə gərginliyin olacağı ehtimalı qalır”.
Samir Əsədli
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli genişmiqyaslı hərbi əməliyyatları istisna edir. Onun sözlərinə görə, analitik mərkəz iki ölkənin addımlarını təhlil edərək bu qənaətə gəlib: “İnanmıram ki, regionda yeni müharibə olsun. Ermənistan silahlansa belə, döyüşməyə və yüzlərlə əsgər itirməyə hazır deyil. Onu da bilirlər ki, revanş uğur gətirməyəcək. Ümumiyyətlə, bu hərbi güclə Azərbaycana qalib gələ bilməzlər. Sadəcə, şərti sərhəddə lokal toqquşmalar, hərbi təxribatlar gözləniləndir. Məncə, bu hərəkətlənmə Avropa İttifaqının mülki missiyasının bölgədə qalmasını təmin etməyə hesablanıb. Ermənistan atəşkəsi pozur, sonra müşahidəçilərin burada daha uzun müddət qalmasına guya zərurət yaranır. Belə bir siyasi hiyləni görə bilirik. Hesabatdan da görünür ki, regionda kövrək sabitlik olduğu vurğulanır. Zənnimcə, bu il də sülh danışıqları davam edəcək. Sadəcə, yekun sülh sazişi imzalanmayacaq”.
ABŞ-ın Ermənistana dəstəyinə gəlincə, VHP sədrinin müavini mərkəzin yaydığı proqnoza inanır: “Bəli, Bayden dönəmində olduğu qədər yardım edilməyəcək. Amma o demək sayılmır ki, Amerika Ermənistana dəstək verməyəcək. Biz Trampla bağlı tələsməməliyik. Onun komandasında antitürk kadrlar var. Elə dövlət katibi Rubionu qeyd etmək olar. Üstəlik, erməni lobbisi Amerikada təsiredici gücə malikdir. Əlbəttə, Respublikaçılar Demokratlar kimi erməni lobbisi ilə sıx işləmirlər, amma əlaqələr var. Ən azından Ermənistanda Rusiyanın təsirlərinin azaldılması nöqteyi-nəzərindən İrəvana dəstək davam etdiriləcək”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
09 Yanvar 2025
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ