Onlayn ictimai-siyasi qəzet
Meksika və ABŞ prezidentləri Klaudiya Şeynbaum və Donald Tramp ABŞ-ın yeni administrasiyasının fevralın 4-də tətbiq etməyi planlaşdırdığı 25 faizlik tarifləri bir ay təxirə salmaq barədə razılığa gəliblər. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məlumatı, Meksika prezidenti sosial şəbəkə hesabında açıqlayıb.
Onun sözlərinə görə, razılaşma bu gün baş tutan telefon danışığı zamanı əldə edilib: "Bu gündən etibarən rüsumların tətbiqinə bir ay fasilə verilib".
Meksika prezidenti onu da qeyd edib ki, iki ölkə arasında işçi qrupları bu gündən ticarət və təhlükəsizlik məsələləri ilə bağlı işə başlayacaq.
Ağ Ev də tariflərin tətbiqinin təxirə salınmasına dair razılaşmanı artıq təsdiqləyib.
Tramp özü isə Truth şəbəkəsində yazıb: “Dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lutnik və yüksək rütbəli Meksika rəsmiləri ilə danışıqlar apararkən, gözlənilən tarifləri dərhal bir ay müddətinə dayandırmağa razılaşdıq”.
O, həmçinin bildirib ki, Meksika prezidenti ABŞ-a fentanil qaçaqmalçılığının qarşısını almaq və qeyri-qanuni miqrant axınını dayandırmaq üçün ABŞ sərhədinə 10 min əsgər yerləşdirməyə razılaşıb.
Xatırladaq ki, fevralın 1-də Tramp Meksika və Kanadadan idxal edilən mallara 25 faiz, Çindən idxal edilən mallara isə 10 faiz rüsum tətbiq edən fərman imzalayıb. Kanadadan gələn enerji məhsullarına tariflər 10 faiz müəyyən olunub.
Fevralın 2-də məlum oldu ki, Kanada ABŞ-dan gələn qida, spirtli içki, silah və motosikletlərə 25 faizlik rüsum tətbiq edir. Meksika prezidentinin İqtisadiyyat Nazirliyinə ABŞ-ın Meksika mallarına idxal rüsumlarının tətbiqinə cavab olaraq bütün mümkün tədbirləri hazırlamağı tapşırdığı bildirilir.
Fevralın 3-də Tramp sosial mediada Kanadanın baş naziri Castin Trüdo ilə artıq bir telefon danışığı olduğunu və günün sonuna qədər onunla yenidən danışacağını açıqlayıb.
Musavat.com
04 Fevral 2025
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ