İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Bankı faiz qərarını açıqlayıb – Gözləntilərin əksinə olaraq...

Rusiya Mərkəzi Bankı bu gün keçirilən iclasında əsas faiz dərəcəsini 50 bazis bəndi ilə azaldaraq 17 faizdən 16.5 faizə endirib.

Musavat.com-un məlumatına görə, Rusiya tənzimləyicisinin açıqlamasında qeyd olunur ki, cari qiymət artımının davamlı göstəriciləri əhəmiyyətli dərəcədə dəyişməyib və illik hesablamada 4 faizdən yuxarı olaraq qalır:

“İqtisadiyyat balanslaşdırılmış artım trayektoriyasına qayıtmağa davam edir. Son aylarda kreditləşmə artımı sürətlənib. İnflyasiya gözləntiləri yüksək olaraq qalır. Rusiya Bankı inflyasiyanı hədəfinə qaytarmaq üçün zəruri olan pul şərtlərinin sərtliyini qoruyub saxlayacaq. Əsas ssenaridə bu, 2026-cı ildə illik 13.0-15.0 faiz aralığında orta açar faiz dərəcəsini əhatə edir və uzun müddət sərt pul siyasəti nəzərdə tutur".

Qeyd edək ki, sentyabrın 12-də Rusiya Bankı faiz dərəcəsini illik 18 faizdən 17 faizə endirib.

Mərkəzi Bankın sədri Elvira Nabiullina mətbuat konfransında bildirib ki, Rusiya Bankı yeni ABŞ və Aİ sanksiyalarını mənfi xarici amil kimi görür, lakin çox şey bu məhdudiyyətlərə uyğunlaşma sürətindən asılı olacaq: “Sanksiyaların əsasən xammalımızın ixracını məhdudlaşdırmağa yönəldiyini görürük. Bu sanksiyaların təsirini dəqiq proqnozlaşdırmaq mümkün deyil, amma biz bunu mənfi xarici amil kimi görürük. Çox şey ölkənin bu sanksiyalara necə uyğunlaşacağından asılı olacaq. Əvvəlki dövrlərdən bilirik ki, bu, vaxt aparır, amma uyğunlaşma baş verir. Buna görə də bunun pul siyasəti qərarlarında hər hansı bir dəyişiklik tələb edəcəyini təxmin etmək üçün hələ tezdir. Vəziyyətin necə inkişaf edəcəyini görəcəyik”.

Maraqlıdır ki, əksər analitiklər faiz dərəcəsinin dəyişməz qalacağını gözləyirdilər. Az qisim iqtisadçılar faizlərin 50 və ya 100 bazis bəndi (bp) azaldılacağını ehtimal edirdilər.

Rusiya Bankının cüzi də faiz azalmasına getməsini analitiklər ABŞ və Aİ sanksiyalarının yaratdığı ajiotajı səngitmək, iqtisadiyyatda proseslərin müsbət məcrada getdiyi görüntüsü yaratmaq istəyi ilə izah edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR