İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan İrəvana mesaj: “Biz də ordu göndərək...”

Rusiya bazasının Ermənistandan çıxarılması üçün zəmin hazırlanır, amma bu, uzunmüddətli perspektivdə mümkün olacaq

Fransa Ermənistan-Azərbaycan şərti sərhədində monitorinq aparan avropalı müşahidəçilər missiyasının müddətini uzatmaq və sayını artırmaq məqsədilə Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrelə müraciət edib. Qeyd edək ki, Kanada xarici işlər naziri Melani Coli Ermənistanda səfərdə olarkən ölkəsinin Avroİttifaqın missiyasına qoşulduğunu bəyan edib. 

“Avropa Birliyinin Ermənistandakı missiyası monitorinq adı altında Rusiyaya qarşı kəşfiyyat məlumatları toplayır”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ötən həftəsonu keçirdiyi brifinqdə deyib.

“Biz görürük ki, Qərb mediası rəsmi İrəvanın nümayəndələrinə sözün əsl mənasında necə hücum edir, onlardan təxribatçı suallara cavablar alır. Bu məsələlər Moskva ilə İrəvan arasında çoxşaxəli əlaqələrə maksimum ziyan vurmaq məqsədi daşıyır”, - o bildirib.

“Mən o qədər də nikbin deyiləm ki, Rusiya Ermənistanı tərk etsə, ABŞ regionda nəsə edə bilər”. Bu barədə Amerika Sahibkarlıq İnstitutunun baş elmi işçisi Maykl Rubin açıqlama verib. O deyib ki, “ABŞ-ın Ermənistanda hərbi mövcudluğu lazımdır. Daimi əsaslarla olmasa da, müvəqqəti əsaslarla... Bu zaman Ermənistan ərazisində müharibə olarsa, Amerika qoşunlarını ora göndərə bilər”, - deyə Maykl Rubin vurğulayıb.

Ermənistan və Rusiya arasında artan gərginlik fonunda Paşinyanın Qərbə meyl etməsi isə Kremli tamamilə hövsələdən çıxarıb. Rusiyalı politoloq, RUDN Universitetinin Strateji Araşdırmalar və Proqnozlar İnstitutunun direktor müavini Viktoriya Fedosova deyib ki, Rusiya bazasının Ermənistandan çıxarılması üçün zəmin hazırlanır, sadəcə olaraq, bu, qısa müddətdə yox, uzunmüddətli perspektivdə olacaq. Politoloqun sözlərinə görə, Rusiya bu məsələyə isterik olmadan reaksiya verir.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi Nikolay Bordyuja isə bildirib ki, Ermənistanın təşkilatı tərk etməsi üçün heç bir səbəb görmür: “Mən Ermənistanın gələcəyini KTMT olmadan təsəvvür edə bilmirəm. Çünki Ermənistan Rusiya ilə çox inteqrasiya olunub, təkcə iqtisadi cəhətdən deyil. Rusiyada bir neçə milyon erməni yaşayır”.

Azər Badamov: “Yaxın illərdə idxaldan asılılığımız xeyli azalacaq”

 Azər Badamov

Deputat Azər Badamov Makron Fransasının Ermənistanda möhkəmlənə bilməyəcəyinə əmindir: “Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının genişləndirilməsi və gücləndirilməsi, o cümlədən Kanadanın da bu missiyaya qoşulmaq istəyinin ifadə olunması regionda mövqe uğrunda mübarizənin genişlənməli olduğunu hesab edirəm. Rusiya Ermənistanda uzun illərdir ki, mövcuddur və möhkəmlənib. Qərb isə Rusiyanın regionda olmasını həzm edə bilmir və onu Ermənistandan çıxartmaq üçün yollar axtarır. Belə ki, bu yollardan biri də  Fransanın ortaya atdığı Aİ-nın Ermənistandakı missiyasının genişləndirilməsidir. Paşinyan hakimiyyətə gələndə Qərbin qarşısında Rusiyanın Ermənistandan çıxarılması ilə bağlı öhdəlik götürüb. Son vaxtlar Paşinyan hakimiyyətin düçar olunduğu bütün uğursuzluqlarda Rusiyanı və KTMT-ni günahlandırması, o cümlədən KTMT təlimlərini boykot etməsi ancaq Qərbin tapşırığı əsasında baş tutur. Fransanın diktəsi ilə Aİ-nın missiyası iki ildən çoxdur ki, Ermənistandır və onların işi sərhədimizə gələrək şəkil çəkib paylaşmaqla kifayətlənir. İndi Fransa növbəti addım kimi Ermənistanda hərbi baza yaratmağa çalışır. Amma Qərbin bu addımlarının yersiz və nəticəsiz olacağını hesab edirəm. Rusiyanın Ermənistandan çıxarılması heç də sadə bir məsələ deyil. Bu gün Ermənistanın iqtisadiyyatı və hərbi potensialı Rusiyanın əlindədir. O cümlədən Rusiyada Ermənistandan çox erməni yaşayır. Bütün bu resurslar Ermənistanda istənilən bir məqsədi həyata keçirmək üçün Rusiyanın üstünlükləridir. O cümlədən Rusiya erməniləri əsrlər boyu himayə edib. Ona görə də Rusiya Ermənistanda həmişə olacaq və Makronun siyasəti Afrika ölkələrində olduğu kimi, Ermənistanda da uğursuzluğa düçar olacaq”.

Azərbaycanın suveren ərazisində hər hansı təhlükə törədilməsi yeni  antiterror əməliyyatını şərtləndirir - AZƏRTAC

Şəhla Cəlilzadə 

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə hesab edir ki, Amerika Ermənistanda hərbi mövcudluğuna nail olsa, bu, ermənilərin gələcəyi üçün ciddi təhlükələr vəd edir: “İlk olaraq onu qeyd edək ki, ABŞ Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasına qatılacağını bəyan etməyib. Bununla yanaşı, ABŞ təbii olaraq, Rusiyanın təsir dairəsinin azaldılmasında və o cümlədən Ermənistanın Qərb blokuna qatılmasında maraqlıdır. Hətta bugünlərdə "NATO-nun genişlənməsi üzrə Avropa Komitəsi" (QHT-dir) rəhbəri Günter Fehlinger öz X hesabında paylaşım edərək Ermənistanı da İttifaqa qoşulmağa dəvət edib. Qərbin beyin mərkəzlərində bu mümkün görünür. Niyə də yox?! 1948-ci ildə SSRİ ilə müqavilə imzalayaraq heç zaman hərbi ittifaqlara qoşulmayacağı vədini verən Finlandiya 2023-cü ildə (vədindən 75 il sonra) NATO-ya üzv olmadımı?! Qarabağın itirilməsindən sonra Ermənistanda ciddi bir anti-Rusiya ab-havası hökm sürür və Qərb bundan ustalıqla faydalanır. İndi Ermənistanın KTMT-dən çıxması mümkün görünmürsə də, gələcəkdə bu realizə edilə bilən hədəf olaraq görülür və bunun üçün ictimai infrastruktur yaradılır. Məsələn, ABŞ və Aİ rəsmiləri Zəngəzurda yeni polis təsisatının yaradılması mərasimində iştirak edib, polis akademiyasının təşkilinə dəstək olacaqlarını bəyan ediblər. Vaxtilə Ermənistanda bütün təhlükəsizlik strukturları Rusiyaya hesabat verirdisə, gələcəkdə bu hesabatlar Qərb masalarına göndəriləcək. Həmçinin informasiya təbliğatı ilə erməni düşüncəsi reformasiya edilir. Bütün bunlar gələcəkdə Rusiyanın Ermənistandakı 102-ci bazasının ABŞ bazası ilə əvəzlənməsinə hesablanır. “ABŞ dünyanın 80 ölkəsində 800 hərbi bazaya malikdir. 240 illik varlığı müddətində ABŞ cəmi 16 il müharibə aparmayıb. ABŞ-ın hərbi maşını hara gedirsə, orada insanlar əziyyət çəkirlər.” Bu fikirləri Çin Müdafiə Nazirliyinin sözçüsü səsləndirib. Onun sözlərində təbii olaraq, haqq var. ABŞ hərbi bazalarının 181-i Almaniyada, 122-si Yaponiyada, 83-ü Cənubi Koreyada, 50-si İtaliyadadır. Müqayisə üçün qeyd etmək olar ki, Rusiyanın ölkə xaricindəki hərbi bazalarının cəmi sayı 30-40 civarındadır. Rusiyanın hazırda Gürcüstanda, Ermənistanda, Belarusda, Qazaxıstanda, Qırğızıstanda, Moldovada (Dnestryanı bölgədə), Suriyada, Tacikistanda, Vyetnamda, Ukraynada və Serbiyada hərbi bazaları var. Həmçinin Afrikanın bir sıra ölkəsində (Misir, Sudan, Eritreya, Somali, Mərkəzi Afrika Respublikası və Mozambikdə) bir sıra rus hərbi bazalarının açılması nəzərdə tutulub. İndiki təqdirdə, Rusiyanın imperial maraqlarından irəli gələrək ABŞ bazasının Ermənistanda təsis olunmasının İrəvan üçün heç bir xoş gələcək vəd etmədiyini təxmin etmək olar. İlkin təhdid amili isə Rusiyada 2,5 milyon nəfər erməninin yaşaması və deportasiya ehtimalıdır. Rusiya siyasətçiləri əmindirlər ki, Ermənistanın Rusiyadan, KTMT-dən ayrılması çox ciddi nəticələr gətirəcək (hərbi, iqtisadi-siyasi və sosial yük olaraq) və Ermənistan bu nəticələrə hazır deyil. Odur ki, bunlar, sadəcə, emosional qaydada müzakirəyə çıxarılan mövzular hesab edilir. Ermənistan Rusiyadan asılılığını azaltmağa və qlobal miqyasda siyasətini netrallaşdırmağa çalışır, bunun üçün Qərblə əməkdaşlığı genişləndirir. Bu konsepsiyada şərq və qərb qonşuları Azərbaycan və Türkiyə ilə də münasibətləri normallaşdırması hazırkı Ermənistan hakimiyyətinin prioritetləri arasında yer alır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR