Onlayn ictimai-siyasi qəzet
ABŞ İrandan Çinə neft çatdıran “beynəlxalq şəbəkə”yə qarşı sanksiyalar tətbiq edib.
Musavat.com xəbər verir ki, məlumatı ABŞ Dövlət Departamenti yayıb.
Departamentin məlumatına görə, söhbət milyardlarla dollar dəyərində tədarükdən gedir. Tədarükçülər İran Silahlı Qüvvələrinin Baş Qərargahı və onun ön şirkəti olan Sepehr Energy Cahan Nama Pars (Sepehr Energy)” maraqlarından çıxış edirlər. Amerika tərəfinin bildirdiyinə görə, bu tədarüklər nəticəsində Tehranın əldə etdiyi vəsait raket texnologiyaları və pilotsuz uçuş aparatlarının inkişafı, “nüvə silahlarının yayılması”, həmçinin Yəmən husiləri (“Ənsar Allah”) daxil olmaqla terrorçu və digər qrup və hərəkatların dəstəklənməsi üçün istifadə edilib. Şəbəkə iştirakçılarının adları açıqlanmır.
ABŞ Dövlət Departamenti vurğulayır ki, Vaşinqton Tehrana qarşı “maksimum təzyiq” kampaniyası çərçivəsində İranın “sabitliyi pozan hərəkətləri” ilə mübarizə aparmaq üçün “bütün vasitələrdən” istifadə etməyə davam edəcək.
Prezident Donald Tramp isə Ər-Riyaddan İrana xəbərdarlıqla çıxış edib. O bildirib ki, əgər tərəflər Tehranın nüvə proqramı ilə bağlı razılığa gələ bilməsələr, ABŞ administrasiyası İrana maksimum təzyiq göstərməyə və onu neft ixrac etmək imkanından məhrum etməyə hazırdır: "Mən İranla müqavilə bağlamaq istəyirəm. Əgər İranla müqavilə bağlaya bilsəm, çox sevinərəm, bölgənizi və dünyanı daha təhlükəsiz bir yerə çevirəcəyik. Amma əgər İran rəhbərliyi bu zeytun budağından imtina edərsə və qonşularına hücum etməyə davam edərsə, o zaman bizim kütləvi maksimum təzyiq göstərməkdən, İran neftinin ixracını sıfıra endirməkdən başqa çarəmiz qalmayacaq”.
O, ABŞ-ın İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün "bütün lazımi tədbirləri görəcəyini" vurğulayıb: "İranın heç vaxt nüvə silahı olmayacaq. Seçim onlarındır. Biz onların uğurlu ölkə olmasını istəyirik. Biz onların gözəl, təhlükəsiz, böyük ölkə olmasını istəyirik, lakin onlar nüvə silahına malik ola bilməzlər. Bu, əbədi olmayacaq təklifdir. Vaxt gəlib və onlar indi seçim etməlidirlər. Bizim çox vaxtımız yoxdur".
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi isə tərəflər arasında İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli istiqamətində aparılan danışıqlar fonunda ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq etməsini qəbuledilməz adlandırıb: "Amerika tərəfinin davam edən danışıqlarla eyni vaxtda tətbiq etdiyi sanksiyalar qəbuledilməzdir və bizim danışıqlar prosesinə yanaşmamıza təsir edəcək".
Musavat.com
14 May 2025
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ