İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan ermənilərə 21 milyon dollarlıq cəza - Vaşinqton Paşinyanı Rusiyadan qoparır, yoxsa...

Ağ Ev Ermənistanın və separatçıların gələn il üçün pulunu kəsib, Amerika Erməni Milli Komitəsi məyus olub

Bayden administrasiyası 2023-cü ilin dövlət büdcəsində Ermənistana xarici yardım xətti ilə 24 milyon dollar ayırmağı təklif edib. “Yeni Müsavat” bildirir ki, bu vəsaitin 600 min dolları hərbi yardım, 6 milyon 50 min dolları isə ölkənin səhiyyə orqanları və narkotiklərə qarşı mübarizə üçündür. Həmçinin, bu il Qarabağın minalardan təmizlənməsinə 2 milyon dollar ayrılsa da, gələn il üçün bu istiqamətdə yardım ediləcəyi göstərilməyib.

Göründüyü kimi, ABŞ-ın Ermənistana təsdiqlənən yardımı 21 milyon dollar azaldılır. Erməni lobbisi münaqişə dövründə hər il Qarabağdakı erməni icmasına kömək adı altında separatçılara ABŞ-dan əlavə yardım alırdı. 2023-cü ilin dövlət büdcəsində bu, nəzərdə tutulmayıb. Amerika Erməni Milli Komitəsi (ANCA) Ağ Evin bu addımından çox məyus olub. Həm onların ötən il istədikləri 100 milyon dollardan artıq yardım təklifləri bu il qəbul edilməyib, həm də gələn il üçün nəzərdə tutulan dövlət büdcəsindən yardım da azaldılır.

Bundan başqa, prezident Baydenin 2023-cü maliyyə ili üçün Azərbaycana 9,7 milyon dollara yaxın yardım ayırmaq istəməsinə də erməni lobbisi narazılıq edib. Bu qərar ilk növbədə, ABŞ-dakı erməni lobbisinin cəzalandırılması kimi izah edilə bilər. Bu isə onlara daha əvvəlki kimi güvənin olmadığı anlamına gəlir. Böyük ehtimalla, ANCA-nın Qarabağda guya 100 min erməninin məskunlaşdığı yalanını uyduraraq, bu yolla yardım əldə edib, onu qeyri-müəyyən, təyinatı bilinməyən istiqamətdə xərcləyərək mənimsəmək niyyətləri üzə çıxıb.

ABŞ-ın Ermənistana yardımı azaltması bu istiqamətdə şəffaflığın təmin olunmaması və rəsmi İrəvanın yürütdüyü qeyri-müəyyən xarici siyasət kursu ilə də əlaqədar ola bilər. Bu baxımdan maliyyə yardımının azalacağını rəsmi İrəvanın Rusiya ilə Qərb arasında vurnuxması, səbatsız davranışının nəticəsi kimi dəyərləndirmək mümkündür. Habelə, Ukrayna müharibəsi Ermənistanın əsl simasını üzə çıxardı. Xüsusilə bu ölkənin 4 “Su-30" qırıcısının Rusiya tərəfdən Ukraynanı bombalaması gələcəkdə erməni lobbisini yardımlar və dəstəklər məsələsində daha çox məyus edəcək. Beləliklə, Ermənistan və erməni lobbisi ABŞ-ın yardımları azaltması timsalında etibarsız olduqlarının ”mükafatını" alır və cəzasını çəkməkdədir. Bəs bizim təhlilçilər necə düşünür? Bu fikirləri bölüşürlərmi?

Natiq Cəfərli: “Bu artım bazar qiymətlərinə hec cür adekvat deyil”

Natiq Cəfərli 

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli “Yeni Müsavat”a bunun bir sıra səbəblərini açıqladı. Onun sözlərinə görə, ilk növbədə Qarabağdakı qondarma rejimə heç bir yardımın nəzərdə tutulmaması diqqət çəkməlidir. N.Cəfərli yada salır ki, ABŞ-dan əvvəllər oyuncaq “respublikaya” humanitar dəstək olardı, gələn ilin büdcəsində onlara yer yoxdur. Partiya rəsmisinin fikrincə, bu yanaşma Amerika üçün münaqişənin bitdiyindən xəbər verir: “Vaşinqton artıq sülh müqaviləsinin bağlanmasını istəyir. Amma yardımların azaldılmasına bir də o aspektdən baxmaq lazımdır ki, Ermənistan Rusiyadan tam qopmayıb, bu da rol oynayır. Eyni zamanda həmin maliyyənin azaldılmasında Avropa Birliyi ilə əlaqə var. Bilirsiniz ki, Avropa Birliyi Cənubi Qafqaz ölkələrinə maliyyə ayırır. Bu istiqamətdə Azərbaycana az vəsait ayrılmışdı, amma sonradan xeyli dərəcədə artırıldı. Eyni zamanda Ermənistana da yaxın 5 il üçün ciddi paket nəzərdə tutulub, təxminən 2, 5 milyard avro ayrılacaq. Ona görə Amerika Avropa Birliyi xətti ilə bu işlərin görülməsini dəstəkləyir”.

N.Cəfərlinin sözlərinə görə, ABŞ üçün bu ölkələrə yatırımların Avropa Birliyindən olması daha vacibdir: “Hər iki ölkənin Avropa məkanına inteqrasiyası Amerikanın qlobal maraqlarına uyğundur. Həmçinin, başqa ölkələrə yardımların həcmi əvvəldən bilinir, təbii ki, ən böyük yardım paketi Ukraynaya ayrılacaq, bu da başqa ölkələrdən kəsintilərə səbəb olur. Ona görə Ermənistana ayrılan vəsaitin azaldılmasına həm də bu kontekstdə baxmaq lazımdır. Üstəlik, erməni lobbisinin rolu getdikcə azalır, Azərbaycanın atdığı addımlar, ölkənin əhəmiyyəti artır, Ukraynaya etdiyimiz humanitar dəstək, Avropa Birliyi ilə münasibətlərimiz ABŞ tərəfindən görülür və qiymətləndirilir”.

Ukrayna ABŞ-ın qurbanına çevrildi" - RAMİYƏ MƏMMƏDOVA

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədovanın fikrincə, Bayden administrasiyasının addımları ikibaşlıdır. Onun sözlərinə görə, bir yandan ermənilərin pulunu kəsirlər, digər tərəfdən isə Dövlət Departamenti onları müdafiə edir, Xankəndindəki ermənilərin qaz dərdini çəkir: “Həmçinin, mina təmizləmək üçün Ermənistana vəsait ayırır, ABŞ-ın İrəvandakı səfiri gorbagor statusdan danışır. Yəni bu addımları da görməzdən gələ bilmərik və dərhal yumşala bilmərik ki, ABŞ erməniləri daha müdafiə etməyəcək. Əlbəttə, gələn ilin büdcəsindən böyük kəsinti olması ciddi hadisədir. Amerikadakı erməni diasporunun da narazılığına səbəb olacaq. Ancaq qarşıdakı dövrdə fərqli qərar veriləcəyinə də hazır olmaq lazımdır”.

Təhlilçi hesab edir ki, Bayden hakimiyyəti ermənipərəstdir, bununla belə, İrəvanın son addımları Ağ Evi qane etmir: “Ukrayna müharibəsində Ermənistan rüsvayçı mövqedə dayandı. Avrointeqrasiya tərəfdarı kimi görünən Paşinyan hökuməti Rusiyanın Avropa Şurasından çıxarılmasının əleyhinə səs verən ikinci ölkə oldu, biri elə Rusiya idi. BMT-dəki səsvermədə də Ermənistan bitərəf qaldı, İrəvanda nə Ukrayna xalqına dəstək aksiyaları keçirilib, nə bu ölkənin ərazi bütövlüyünün dəstəklənməsinə dair heç olmasa diplomatik açıqlama verilib. Bunun üzərinə Erebuni aviabazasından suriyalı muzdlu döyüşçülər Rusiya ordusunda döyüşmək üçün göndərilib, 4 ”Su-30" təyyarəsi rus hərbi arsenalına verilib. Bütün bu hərəkətləri Avropa Birliyi və ABŞ görməkdədir, odur ki, bir cəza mexanizmi kimi onları gələnilki yardımdan məhrum edirlər. Sadəcə, yaxşı olar ki, Vaşinqton Qarabağ məsələsinə də ədalətli yanaşma qoysun. Blinken Paşinyanla telefon söhbətində statusa işarə vurur, bu mövqedən əl çəkmək lazımdır".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR