Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Nyu-Orlean şəhərində terror hücumu törədən 42 yaşlı Şəmsuddin Cabbar İŞİD terror təşkilatına qoşulmaqla bağlı planlarını və ailəsini öldürmə niyyətlərini əks etdirən videolar paylaşıbmış.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı CNN yayıb.
Məlumat üçün bildirək ki, onun dünən törətdiyi terror nəticəsində 15 nəfər həlak olub, 30 nəfər isə yaralanıb. Cabbar polislə atışmada öldürülüb.
Cabbar videolarında əvvəlcə ailəsini bir yerə toplayaraq onları öldürməyi planlaşdırdığını, lakin daha sonra fikrini dəyişərək İŞİD-ə qoşulmaq qərarı verdiyini bildirib. O, bu qərarını onu buna təhrik edən “yuxular” ilə əlaqələndirib.
Hücumdan əvvəl Cabbar bir neçə video yayımlayaraq İŞİD-ə sadiqlik andı içib. Onun istifadə etdiyi Ford markalı avtomobildə İŞİD bayrağı, silahlar və partlayıcı qurğuya bənzəyən əşyalar tapılıb. Hücumun baş verdiyi ərazidə də partlayıcı qurğuya bənzər cihazlar aşkar edilib.
Cabbarın keçmişi
Cabbar 2007-2015-ci illərdə ABŞ ordusunda insan resursları və İT mütəxəssisi kimi xidmət edib, 2009-2010-cu illərdə Əfqanıstanda hərbi xidmətdə olub. 2020-ci ilə qədər isə ehtiyatda qalıb. NBC News-un məlumatına görə, onun tanışları Cabbarı “sakit, təmkinli və ağıllı” biri kimi təsvir ediblər.
Terrorun nəticələri
Terror aktı nəticəsində 15 nəfər həyatını itirib, 30 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Hücumun təkbaşına törədilib-törədilmədiyini araşdırmaq üçün istintaq davam edir. Təhqiqatçılar Cabbarın mümkün əlbirlikdə olduğu şəxsləri müəyyənləşdirməyə çalışırlar.
Bu hücum ABŞ-da terror təhlükəsinin hələ də ciddi olduğunu və radikal qrupların fərdi şəxsləri necə təsir altına aldıqlarını bir daha göstərir.
Musavat.com
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ