İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da prezident seçkisinə hansı dövlətlər müdaxilə edəcək? - ŞƏRH

“ABŞ-da bu ilin noyabr ayında keçiriləcək prezident seçkisində rəqiblər bəllidir. Bu, Ağ Evin hazırkı sahibi Cozef Bayden və keçmiş prezident Donald Trampdır. Ancaq hər ikisiylə bağlı müəyyən suallar da mövcuddur. Cozef Baydenin yaşı və xəstəliyi ona prezident yarışmasında əngəl ola bilər. Ona görə belə ehtimallar da səslənir ki, Bayden mübarizədən geri çəkilərək partiyadaşlardan birinə üstünlük verə bilər. Donald Trampla bağlı isə müəmma bundan ibarətdir ki, ona qarşı müxtəlif məhkəmə çəkişmələri var və araşdırmalar yekunlaşmayıb”.

Musavat.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib.

elxan.jpg (68 KB)

Ekspert namizədlərlə bağlı müzakirələrlə yanaşı, Vaşinqtondakı dairələri bir sualın da narahat etdiyinə diqqət çəkib:

“Kənar dövlətlər prezident seçkisinə yenə müdaxilə edəcəklərmi? Donald Trampla Hillari Klinton yarışanda Rusiyadakı dairələrin namizədlərdən birinə qarşı kiberhücumlar təşkil etdiyi və saxta ünvanlardan dezinformasiyalar yaydığı iddia edildi. Bir qrup ekspert məhz bu hücumların nəticəsi olaraq Hillari Klintonun Donald Trampa məğlub olduğunu bildirdilər. Hazırda Rusiya ilə yanaşı, İran və Çinin də adı çəkilir.

Amerikanın Milli Kəşfiyyat rəhbəri Avril Haynes bir müddət əvvəl ABŞ Senatında keçirdiyi görüşdə Rusiya, Çin və İranın 2024-cü ilin noyabrında ölkədə keçiriləcək prezident seçkilərinə müdaxilə etməyə çalışacağını bildirib. “Rusiya, Çin və İranın qeyri-hökumət təşkilatları da daxil olmaqla, ABŞ-da prezident seçkilərinə təsir etməyə çalışan xarici aktorların sayı artmaqdadır”, - deyə Haynes sözlərinə əlavə edib”.

Elxan Şahinoğlu vurğulayıb ki, ABŞ dövlət katibi Entoni Blinken də Rusiya və Çinin Amerikada prezident seçkisində müdaxiləyə hazırlaşdığı düşünür:

“Blinkenin bir müddət əvvəl Çinə səfəri və Pekindəki görüşləri onun mövqeyini dəyişməsinə səbəb olmadı. Blinken Pekinə səfərinin nəticələri barədə CNN televiziya kanalına müsahibə verərkən Çinin seçkilərə müdaxilə cəhdləri barədə faktlara malik olduğunu səsləndirib. Halbuki, Çin lideri Si Cinpin ötən ilin noyabrında Asiya və Sakit Okean İqtisadi Əməkdaşlıq Sammitinin San-Fransiskoda keçirilən görüşündə ABŞ prezidenti Cozef Baydeni inandırmağa çalışmışdı ki, Pekin Amerikadakı seçkilərə müdaxilə etməyəcək. Əslində seçkiyə müdaxilə Çin üçün heç nəyi dəyişməyəcək. Donald Tramp vaxtilə Çinə qarşı sərt iqtisadi qaydaların tətbiqini təmin etmişdi. Bayden prezidentliyi dövründə Trampın bu siyasətini davam etdirib, Çin məhsullarına vergiləri artırıb”.

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR