Onlayn ictimai-siyasi qəzet
Çin elektrik avtomobillərinin ABŞ-da istifadəsi qadağan oluna, yaxud onların proqram təminatının istifadəsi müəyyən üsullarla tənzimlənə bilər. Musavat.com xəbər verir ki, bunu ABŞ-ın ticarət naziri Cina Raymondo Konqresin Nümayəndələr Palatasında keçirilən dinləmələrdə deyib.
Onun sözlərinə görə, bu, ABŞ milli dövlət maraqları tələb edərsə, atılacaq addımdır. ABŞ parlamentarları Çin elektrik avtomobillərinin süni intellekt (AI) komponentləri ilə təchiz edilməsi baxımından ABŞ-da istifadəsinin təhlükəsizliyi ilə maraqlanıblar. Raymondo qeyd edib ki, Ticarət Nazirliyi belə avtomobillər vasitəsilə alınan məlumatların Çin ordusuna da veriləcəyindən narahatdır və buna görə də Çin elektrik avtomobillərinin ABŞ-da istifadəsi məsələsini ciddi şəkildə nəzərdən keçirir və bu barədə qərar ilin sonuna qədər verilə bilər.
Raymondo həmçinin qeyd edib ki, Çin səlahiyyətliləri artıq Tesla kimi ABŞ istehsalı olan elektrik avtomobillərinin istifadəsini məhdudlaşdırır. "Siz Teslanızı Pekinə və ya Şanxay hava limanına sürə bilməzsiniz. Sadəcə bunu edə bilməzsiniz, çünki Çin hakimiyyəti buna icazə vermir. Siz Amerika elektrik avtomobilinizi Çindəki hərbi bazaların, xəstəxanaların və hava limanlarının yaxınlığında idarə edə bilməzsiniz".
May ayında ABŞ Çindən polad və alüminium (0-7,5 faizdən 25 faizə qədər), yarımkeçiricilər və günəş panelləri (25 faizdən 50 faizə qədər), elektromobillərə (25 faizdən 100 faizə qədər) idxal rüsumlarını artırıb. Söhbət ümumi dəyəri 18 milyard dollar olan məhsullar üçün rüsumlardan gedir.
Çinin Ticarət Nazirliyi Pekinin ABŞ-da tarif artımlarına cavab olaraq tədbir görəcəyini bildirib.
Xatırladaq ki, Avropa İttifaqı da Çin elektromobillərinin idxalına rüsum tətbiq etməyə hazırlaşır.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ