İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Azərbaycan və Türkiyəni Ermənistanla barışdırmaq istəyir – alınacaqmı...

ABŞ Azərbaycan və Türkiyəni Ermənistanla barışığı üçün maliyyə ayırıb. Bu haqda Amerikanın Ermənistandakı səfirliyinin saytındakı məlumatda deyilir. Səfirlik 5 layihə olmaqla ümumilikdə bu il üçün 400 min dollar vəsait ayırmağı nəzərdə tutub. Qeyd edilir ki, təşəbbüsün məqsədi Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə xalqları arasında sülh üçün lazımi şəraiti təmin etməkdir.

Belə layihələrin, “xalq diplomatiyası”nın xeyri olacaqmı?

Bu məqamda bir faktı xatırladaq ki, 2021-ci ilin dekabrında Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistandan bir qrup ziyalı Moskvada görüşmüşdü. Bu görüşdə Azərbaycanı Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Ermənistanı Yerevan Dövlət Tibb İnstitutunun rektoru Armen Muradyan, Hovhannes Tumanyan adına Dövlət Kukla Teatrının bədii rəhbəri Ruben Babayan, Stanislavski adına teatrın direktoru Marianna Mxitaryan və rejissoru Harutyun Xaçatryan təmsil etmişdilər. Lakin sonra bu cür görüş davamlı olmadı.

Mövzu ilə bağlı millət vəkili Aqil Abbas “Yeni Müsavat”a danışıb:

“Əvvəl sülh müqaviləsi olmalıdır, ondan sonra “xalq diplomatiyası”ndan danışmaq olar. Yəni, sülh müqaviləsi olmadan bu cür layihələrin hamısı boş şeydir.

ABŞ-dan da xahiş edərdim ki, bizi vuruşdurmasın, barışdırması özünə qalsın”.

Millət vəkili Razi Nurullayev isə qeyd edib:

“Əslində Azərbaycan cəmiyyəti ermənilər ilə barışmağa hazırdır, o vəziyyətdə ki, onlar Azərbaycanın ərazi bütövlüyünə hörmət etsin. Demək olar ki, reallığı ABŞ da qəbul edib, bunun üçün də Ermənistan və Azərbaycanı barışdırmaq istəyir. Ermənistan isə bunu istəməyəcək və cığal tərəf onlar olacaq, bu da Azərbaycan üçün çox xeyirlidir. Əgər bu olacaqsa daha yaxşı, olmayacaqsa biz yenə də uduzmuruq. Ən azından ona görə ki, ABŞ və onun layihələrində iştirak edən partnyorları da görəcək ki, Azərbaycan səmimidir, sülh, barış istəyir, amma Ermənistan yenə də nəsə dirəniş göstərir və sairə.

Həm də indi Ermənistanın içərisində də bəzi kütlələr, ziyalılar var ki, onlar Azərbaycan haqqında xoş danışmağa başlayıb. Hesab edirəm ki, onları da cəlb etməklə Ermənistanda müəyyən bir ictimai rəy yarada bilərlər”.

Ötən ilin dekabrında erməni ziyalıları ilə görüşdə iştirak etmiş Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev isə mövzuya bu cür şərh bildirdi:

“Bu haqda bir şeyi qəti deyə bilərəm ki, əgər biz sadəcə ermənilərə təklif etsək ki, “bizimlə əməkdaşlıq etmək sizin üçün əlverişlidir”, bu yolu uğurlu yol hesab etmirəm. Çünki onlar yenə də fikrini dəyişməyəcək, sadəcə hansısa maddi dəyərlər üzərində bu münasibətləri quracaqlar.
Mən şəxsən çoxdan bir şeyi arzulayıram ki, ermənilərlə əsas məsələlər üzərində diskussiya etmək. Nə qədər ki, erməni cəmiyyətində “Azərbaycanın torpaqlarının böyük bir hissəsi tarixi erməni torpağıdır və azərbaycanlılar gəlmə tük tayfasıdır” kimi xəstə fikir olacaq onların beynində dolaşacaq, hökm sürəcək, heç bir şey alınmayacaq. Yəni, onların problemi beynlərindədir. Necə ki, xəstəyə novokain vurulur ki, ağrı kəsilsin, əslində ağrı bir müddətliyinə kəsilir, amma xəstəlik sağalmır.

Biz onları bizə hörmət etməyi öyrətməliyik, necə ki, müəyyən qədər müharibədə öyrətdik, bunun davam etdirməliyik.

O ki qaldı layihələrə, mən elə bir layihələrdə iştirak edərəm ki, orada hökumətin xeyir-duası olsun. 2000-ci illərdə mən belə bir layihələrdə iştirak edirdim, gördüm ki, üçüncü qüvvənin, xüsusən də Qərbin marağı ancaq ondan ibarətdir ki, azərbaycanlıları sakitləşdirsinlər, biz Qarabağı unudaq, komprominsə gedək. Yəni onlar kompromisi ancaq Azərbaycandan gözləyirdilər və bunu da heç gizlətmirdilər, simpatiyaları da Ermənistana idi. Guya apardıqları sülhpərvər “fəaliyyətləri” də onlara karyera, divident gətirirdi.

Beləliklə, mən onların sülhpərvər proqramlarına inanmıram. Sülhpərvər proqram yalnız bizim hökumətdən gələ bilər”.

Xalidə Gəray,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR