Onlayn ictimai-siyasi qəzet
Türkiyəli təhlükəsizlik və strateji məsələlər üzrə təhlilçi Abdullah Ağar Ukraynadakı vəziyyətlə bağlı diqqətçəkən bir paylaşım edib.
Musavat.com xəbər verir ki, o, Ukraynanın həm ABŞ, həm də Rusiya arasında sıxışdırıldığını və ağır seçim qarşısında qaldığını bildirib.
Ağarın sözlərinə görə, Ukrayna yüz minlərlə insanını itirdiyi halda çıxılmaz vəziyyətə salınıb. Bir tərəfdən ABŞ-ın dəstəyi olmadan torpaq və enerji resurslarını itirmək, hətta tamamilə işğal olunmaq riski ilə üz-üzə qalıb, digər tərəfdən isə Vaşinqtonun dəstəyini qəbul edərsə, öz resurslarını və strateji obyektlərini ABŞ-a verməli olacaq.
Ağar ABŞ prezidenti Donald Trampın Ukraynanın ən azı 500 milyard dollarlıq təbii sərvətlərini və strateji müəssisələrini ələ keçirmək istədiyini vurğulayıb. Maraqlıdır ki, bəzi xarici mənbələr Ukraynanın yeraltı sərvətlərinin və enerji ehtiyatlarının ümumi dəyərinin 26 trilyon dollar ola biləcəyini bildirir.
Bundan əlavə, Ağar ABŞ-ın Ukrayna müharibəsindən Avropa Birliyinə silah satışını artırmaq, NATO ölkələrinin hərbi xərclərini iki-üç dəfə yüksəltmək və Rusiyaya qarşı geosiyasi üstünlük qazanmaq üçün istifadə etdiyini qeyd edib.
Təhlilçi həmçinin Ukraynanın bir zamanlar dünyanın üçüncü ən güclü nüvə arsenalına sahib olduğunu, lakin Budapeşt Memorandumunu imzalayaraq bu silahlardan imtina etdiyini və nəticədə indiki vəziyyətə düşdüyünü vurğulayıb.
Ağarın fikrincə, Ukraynanın hazırkı durumu digər ölkələr üçün ciddi dərs olmalıdır və bu proseslər böyük geosiyasi nəticələr doğurmağa davam edir.
Musavat.com
23 Fevral 2025
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ