Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiya Federasiya Şurasının konstitusiya qanunvericiliyi komitəsinin rəhbəri Andrey Klişas ABŞ Prezidenti Donald Trampın İranın cavab zərbələri ilə bağlı verdiyi açıqlamanın Tehranın növbəti dəfə alçaldılmasına səbəb olduğunu bildirib.
Klişas bu barədə şəxsi “Telegram” kanalında paylaşım edərək qeyd edib:
“Trampın son şərhləri İran İslam Respublikasının ABŞ-a cavab zərbəsini daha bir alçaldıcı səhnəyə çevirdi.”
Xatırladaq ki, Tramp öz açıqlamasında İranın Qətərdə yerləşən ABŞ-a məxsus Əl-Üdeyd aviabazasına ümumilikdə 14 raket atdığını, lakin 13 raketin Amerika hava hücumundan müdafiə sistemləri tərəfindən havada zərərsizləşdirildiyini, yalnız bir raketin isə hədəfdən kənara düşərək heç bir zərər vermədiyini bildirmişdi.
Bundan əlavə, Tramp İranın bu hücumu barədə əvvəlcədən xəbərdarlıq etməsini müsbət hal kimi qiymətləndirib və “amerikalı hərbçilər vaxtında sığınacaqlara yerləşdirildiyi üçün itki olmadığını” bildirib. ABŞ lideri “İrana təşəkkür edirəm” deyərək, bu addımın bölgədə sülhə yol açacağına ümid etdiyini də vurğulayıb.
Klişas isə hesab edir ki, bu cür yumşaq cavab və Trampın sözləri İranın regional və beynəlxalq mövqelərinə ciddi zərbə vurub. Onun fikrincə, İran bu əməliyyatla ABŞ-a cavab verdiyini göstərməyə çalışsa da, əslində yeni bir rəzilliklə üz-üzə qalıb.
Hazırda Rusiya mediası və siyasi dairələrində də İranın bu “nəzarət altında cavab zərbələri” ciddi tənqid olunur. Əksəriyyət bu addımı Tehranın nüvə hədəflərinə cavab verməkdə zəiflik göstərməsi kimi qiymətləndirir.
Musavat.com
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ