Onlayn ictimai-siyasi qəzet
Qarət məqsədi ilə 84 yaşlı qadını evində boğub öldürməkdə təqsirli bilinən İlham Aslanovun cinayət işi üzrə təfərrüatlar məlum olub.
"Ölkə.Az" xəbər verir ki, cinayət hadisəsi Qubada baş verib. Quba Rayon Polis Şöbəsinə şübhəli şəxs qismində gətirilmiş Amsar kənd sakini 1998-ci il təvəllüdlü İlham Aslanov izahatında cari il mart ayının 21-də qarət məqsədi ilə şəhər sakini, 84 yaşlı Gülpəri Musayevanın evinə girməsini və onu iplə boğaraq öldürməsini etiraf edib.
O həmçinin bildirib ki, öldürdüyü 84 yaşlı qadının evindən 83 manat pul aparıb. Hüquq-mühafizə orqanı əməkdaşlarının iştirakı ilə G.Musayevanın meyiti eksqumasiya edilib.
Hadisəni törədən İ.Aslanov tutularaq istintaqa cəlb edilib.
İş üzrə dindirilmiş İlham Aslanov ifadəsində göstərib ki, Heydər Əlyev prospekti 180 ünvanında atası, anası, qardaşı və bacısı ilə birlikdə yaşayıb. Onlarla eyni blokda qonşuluqda 84 yaşlı Gülpəri Musayeva qalıb. Hər kəs onu Ədilə kimi tanıyıb. Tək yaşadığından qonşular və bəzən də anası bişirdiyi yeməklərdən ona verib. Arabir özü də ev işlərində ona kömək edib. Qadının evinin qapısı gündüz vaxtı açıq qalıb ki, kimsə gələndə özünə əziyyət verib qapını açmasın.
Gülpəri İlhamın oğurluğa görə məhkum olunduğunu bildiyi üçün evdən nə isə itəndə ondan şübhələnib. O da əsəbiləşib, onunla mübahisə edib. Bununla bağlı valideynlərinin yanında onu tənbeh etdikdə, qadına qarşı daxilən qıcıqlanıb.
Novruz bayramı günü martın 20-də dostlaırı ilə görüşüb çayçıya getmək istəyib. Lakin üstündə pulu olmayıb. Səhər saat 11 radələrində rayon ərazsində piyada gəzərkən Musayevanın evindən pul oğurlamaq qərarına gəlib. Bayramlarda pensiya tez verildiyindən Gülpəridə pul olacağını ehtimal edib. O, ayda 150-160 manat təqaüd pulu alıb. Öz evlərində olarkən qadını boğaraq öldürməyi fikirləşib. Qara rəngli idman şalvarından rezin ipi çıxarıb cibinə qoyub. Anasına çay içməyə getdiyini deyərək evdən çıxıb. Təxminən 1-2 dəqiqə blokun dəhlizində gözləyib. Gülpərinin evinin giriş qapısını sakitcə açıb evə daxil olub. Kimsə gəlib dərhal içəri keçə bilməsin və onu görməsin deyə, qapını içəridən zənciri keçirməklə bağlayıb. Səssiz qonaq otağına keçmək istəyən də, qadının divanda üzü divara tərəf yatdığını görüb. Otağa girib sakitcə axtarışa başlayıb. Onun pulları süfrənin altına və yaxud şkafa qoyduğunu bildiyindən birinci masaya yaxınlaşıb. Lakin orada pul tapmayıb. Gülpəri həmişə şkafın açarını boynundakı ipə asılmış kisədə gəzdirib.
İlham Aslanov ifadəsinin davamında bildirib ki, cibindən ipi çıxarıb, qadının sol yan üstə yatmış vəziyyətdə boynuna keçirərkən qonşusu çevrilərək yarı yuxulu halda əli ilə ipi tutmaq istəyib. Dərhal sol əli ilə ağzını və gözlərini tutub. Sağ əli ilə boğazından sıxaraq onu boğmağa başlayıb. Təxminən 10-15 dəqiqədən Gülpərinin boynundakı nəbzinin artıq vurmadığını hiss edib və öldüyünü başa düşüb.
İlham bildirib ki, kisənin içindən götürdüyü açarla şkafı açıb. Rəflərin altındakı dolablara və qadın əl çatnasına baxıb. Çantadakı pul kisəsindən pulları götürüb cibinə qoyub. Çalışdığı qədər şkafı və ətrafı heç kim şübhələnməsin deyə, səliqəyə salıb. Məhəlləyə çıxan kimi, qadını boğub öldürdüyü ipi yolda tullayıb. Ticarət mərkəzinə yollanıb, cibindən pulu çıxarıb sayanda, 83 manat olduğunu görüb.
Təxminən 1 saatdan sonra həyətlərinə qayıdanda, qonşuların yığışıb Gülpərinin ölməsindən danışdıqlarını eşidib. Guya heç nədən xəbəri yoxmuş kimi, onlardan nə baş verdiyini soruşub. Qonşulardan biri Gülpərinin evdə öldüyünü söyləyib. Hamı qadının yaşlı olması ilə əlaqədar öz əcəli ilə öldüyünü düşünüb.
Məhkəmə prosesində İlham Aslanov ittiham üzrə özünü təqsirli bilib.
Sonda məhkəmənin hökmü ilə o, cinayət məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum olunub.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ