İnsanlara hürriyət, millətlərə istiqlal!

82 yaşlı Flora Kərimova: “Ali Baş Komandana deyirəm: çox sağ olsun!”

“Xankəndinin “Stepanakert”inə yuxarıdan, Şuşadan dağ çəkdik”

Bu gün Azərbaycanın böyük sənətkarı, estrada musiqimizin banilərindən biri, Xalq artisti Flora Kərimovanın doğum günüdür.

Ömrünün 82-ci ilini milyonların sevgi, məhəbbət dolu təbrikləri ilə qarşılayan ünlü sənətkarımıza telefon açıb, xoş sözlərimizi, arzu diləklərimizi çatdırmışkən Musavat.com üçün duyğularını, düşüncələrini də öyrənmək şansını əldən vermədik.

flora son.jpeg (65 KB)

Bu günlərdə Qlobal Media Foruma yüksək səviyyədə evsahibliyi ilə dünyanın nəzər-diqqətini yenidən özünə cəlb edən Şuşadan danışdıq həm də, Flora xanımın doğma ana yurdundan. Şuşanın azadlığının ilk yarımilində - 29 illik həsrətdən sonra “Xarıbülbül” festivalına dəvətlilər sırasında bu müqəddəs məkanı ziyarət etmək xoşbəxtliyini qazanan Flora xanım o zaman “Havasından doymadığım, suyuna susadığım Şuşam” - yazmışdı sosial şəbəkə hesabında. Üstündən 2 il keçsə də, təəssüratları təzə-tərdir, duyğulanır söz düşən kimi:

- Elə ağlaya-ağlaya, mələyə-mələyə Şuşanın küçələrini gəzirdim. Məhləyə girdim, nə qədər ağladım. Bizim geniş həyətimiz var idi. Ermənilər onu bölmüşdülər, yuva-yuva eləmişdilər. Görəndə nə günə düşdüm, bir Allah bilir. Keçmiş olsun, oğul! Keçmiş olsun!

flora.jpg (265 KB)

- Bəli, çox keçmiş olsun. Həm də bu günümüzə şükür. Flora xanım, neçə gün idi Şuşa yenə dünyanın diqqət mərkəzindəydi, böyük bir media tədbiri keçirilirdi, Prezident çox mühüm mesajlar verdi dost-düşmənlərə...

- Elədir, oğlum. Şəhidlərimizin, qazilərimizin sayəsində Şuşamız, digər yurdlarımız azaddır. Və Ali Baş Komandanın... Heç onu da demirəm, Azərbaycanın oğlu, millətinin oğlu. O addan yüksək bir ad yoxdur mənimçün: millətin oğlu! Əgər milllət “oğul” deyib müraciət edirsə, bundan yüksək rütbə nə ola bilər? Heç nə. Millətin sevgisi hər şeydir.

- Tezliklə Şuşaya böyük qayıdış başlayacaq, inşallah! Yəqin ki, fəxrlə izləyirsiniz bu gedişatı...

- Deməyin, deməyin... Xankəndinin “Stepanakert”inə yuxarıdan, Şuşadan dağ çəkdik. (Məmnunluqla gülür) Vallah, Elşad, orda muğam ki səslənirdi, firavan gəzirdik Şuşanı, dərələri, düzləri, dağları, çəməni, Cıdır düzünü seyr elədik... Ehh, bir dağ çəkdik, bir dağ çəkdik ki, gəl görəsən... Sonra necə konsert oldu, düşmənin bağrı çatladı vallah. Mən də tez-tez deyirdim ki, bax, sizə belə lazımdır, bundan da pis günə düşəsiniz! Mənim etirazım bir az köntöy çıxırdı, peşəkar görünmürdü, amma yenə də ürəyimi boşaldırdım. Bir daha demək istəyirəm ki, çox sağ olsun, dəvətlilərin, ilk qədəm qoyanların arasında Prezident mənə də o şansı yaratdı, mənə də Şuşa ziyarəti qismət oldu. Ümumiyyətlə, mənim ona şəxsi münasibətimdə də böyük ehtiramım və borcum var. İnsan kimi borcum var.

O qüruru bizim millətimizə bağışlayan, alnımızı açıq eləyən, qeyrətimizi bir daha dünyaya sərgiləyən Ali Baş Komandana deyirəm: çox sağ olsun! Ana kimi də, vətəndaş kimi də, ağbirçək kimi də onun qarşısında baş əyirəm. Allah onu bizə çox görməsin! Bu, mənim ürəyimdən gələn, beynimdə sönməyən fikirlərimdir.

susamm.jpg (50 KB)

- İnşallah! Flora xanım, bəs Şuşadakı evinizin abadlaşmasını, orada yaşamaq istərdinizmi?

- İnşallah. Allah qismət eləsin! Şuşadakı festivalda ətrafa baxırdım, qürur hissi keçirirdim. Deyirdim onsuz da düşmənin bağrı çatlayır, ölürlər. Dediyim bir az köntöy alınır, amma təhsil aldığım dildə elə bir söyüş qalmayıb ki, onlara söyməyim. Şuşada o zəngulələri eşitdikcə düşmənlərə deyirdim “ölün, ölün!” Belə deyəndə yanımda oturan qonşular mənə təəccüblə baxırdılar. Hər dəfə yeni müğənni səhnəyə çıxıb muğamat oxuyanda yanımdakılar sifətimə baxırdılar ki, “ölün” sözünü eşitsinlər. (ürəkdən gülür) Gücüm na çatdı ki, kim oxuyurdusa, onların səsinə həzin şəkildə səs verirdim, ürəyimdə, dilimdə...

Bir daha çox sağ olun. Kollektivinizə, məni tanıyan, hörmət edən, hörmət eləməyən insanlara da salamımı və təşəkkürümü çatdırın.

- Məmnuniyyətlə, Flora xanım. Bilin ki, sizi hamı çox istəyir, hər zaman xoş sözlər ünvanlayır və səsinizi sevə-sevə dinləyir. Elə sosial şəbəkədəki səhifənizdə də sevgilərini paylaşırlar sizin pərəstişkarlarınız.

- Çox sağ olun. Öpürəm hamınızı. Mənim adımdan təbrik edənlərə təşəkkürümü, çox sağolumu yetirin, oğul! Ayrılıqda adlarını çəkəcəyəm. Sayıblar. Allah onları saysın. Millət onları saysın. Nüfuz sahibidirlər, bundan artığına da nail olsunlar. Öpürəm. Mənim adımdan bu səmimi sözləri onlara çatdırın.

- Dəyərlimiz Flora xanım, bir daha sizi ürəkdən təbrik edirik! Allah sizi, səhnəmizin canlı əfsanəsini, sevimli sənətkarımızı öz nəzərində saxlasın. Siz hələ uzun illər yaşamalı, yaratmalısınız, həm də xalqın sevgisi bunu tələb edir. Sizin xəstələnməyə ixtiyarınız yoxdur. Varlığınız qənimətdir!

- Çox sağ olun. Allah qoysa, birtəhər özümü saxlayaram. Öpürəm sizi...

Elşad Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR