İnsanlara hürriyət, millətlərə istiqlal!

8 nəfərin öldüyü qəzada günahkar kimdir - ekspertlər açıqladı

Avtobusların əksəriyyəti köhnədir, texniki müayinə, sürücünün sağlamlığı yoxlanılmır...

Sentyabrın 4-də Lerik rayonunda baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır. Qeyd edək ki, Lerik rayonun Günəşli kəndi ərazisində “Mercedes” markalı mikroavtobus sərt döngədə idarəetməni itirərək yol kənarında aşıb. Nəticədə 8 nəfər həlak olub. Qəzada ölənlərdən biri Göyşaban kənd sakini, digər 7 nəfər isə Boladi kəndinin sakinləridir:

Xəlilova Dilarə İslam qızı;

Həşimova Sərvər Əhməd qızı;

Axundova Saray İslam qızı;

Ağayeva Təcrübə Ağababa qızı;

Cəfərova Güldəstə Məmmədağa qızı;

Rzayeva Səmayə Ağababa qızı;

Rəhimova Nazxanım İsabala qızı;

Tahirova Zərnitac İslam qızı.

Qəzada xəsarət alanların müalicəsi TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. TƏBİB-dən verilən məlumata görə, xəstəxananın reanimasiya şöbəsində müalicəsi aparılan 8 nəfərdən (7-si qadın, 1-i kişi olmaqla) ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda avtobus parkının yenilənməsinə çox ciddi ehtiyac var: “Bizdə isə əksinə, həm ictimai nəqliyyat, həm də digər sərnişindaşıma fəaliyyətində istifadə olunan avtomobillər yerli istehsal olmadığı halda, onların ölkəyə gətirilmə rüsumu hər 2-3 ildən bir artırılır. Nəticədə, ictimai nəqliyyatda hələ də köhnə avtobuslardan yaxa qurtara bilmirik. Avtobusların, mikroavtobusların gətirilməsi qaydasını sadələşdirmək lazımdır. Bu gün nəqliyyat sahəsində ən böyük problemlərdən biri bölgələrə sərnişin daşıyan avtobusların köhnə olmasıdır. Ümumiyyətlə, uzunmüddətli səfərlər zamanı say məsələsi nəzərə alınmalı, avtomobil mütləq texniki müayinədən keçirilməli və rəsmi icazə olmalıdır”.

5 yaşdan yuxarı uşaqlardan gediş haqqı tələb olunur!- Ekspert: “Şirkətlər  BNA-nın əlində “əsir” olublar”

Elməddin Muradlı 

E.Muradlı əlavə etdi ki, eyni problemlər turizm sektorunda da yaşanır: “Turist daşıyan insanlardan əksəriyyəti rəsmi icazə olmadan çalışır. Avtobusu olan şəxs turizm şirkətləri ilə ”əməkdaşlıq" edərək sərnişin daşıyır. Bəzi insanlar tələbat olduğunu görərək, köhnə bir avtobus alıb, üst-başını da rəngləyib, sərnişin daşımağa başlayır. Texniki müayinə, sürücünün sağlamlığı yoxlanmır. Buna görə də turistlərin yola çıxması təmin olunarkən hansı qaydalara əməl edilməsi ilə bağlı “Turizm haqqında” Qanuna dəyişiklik edilməlidir. Səfərdən öncə avtobus texniki müayinədən keçməlidir. Yol polisi sürücünün və avtobusun vəziyyəti ilə bağlı məlumat almalıdır. Bu tələbləri qanun şəklinə gətirsələr, onun da bir yolunu tapacaqlar. Avtobusun texniki vəziyyətinin əla olduğu ilə bağlı formal olaraq kağız alacaqlar. Bir çox turizm şirkətləri məmurların əlinin altında fəaliyyət göstərir. Onlar ipə-sapa yatacaqmı? Yaxud heç turizm şirkəti olmasın, rayonlarda avtobusu olan şəxslər var ki, həmyerlilərini ziyarətlərə aparır. Sadəcə, yığılma yerini deyir, bitdi. Həmin sürücünün harada istirahət etdiyi, axşam nə yeyib-içdiyi və s. ilə bağlı heç kimin xəbəri olmur. Sürücülərin iş və istirahət rejimi, təcrübəsi, avtobusun texniki vəziyyəti - bunlar hamısı önəmli məsələlərdir. Təsəvvür edin ki, həmin  avtobusu yolda polis saxlasa, sürücü kənarda qalacaq, sərnişinlər  polisin üstünə hücum çəkəcəkdi. Deyəcəkdilər ki, sən niyə bizi saxladın, bizim ziyarətimiz qəbul olunmayacaq. Belə olan halda polis heç bir şey etmir. Halbuki qanunvericilik  hər gün reysqabağı texniki müayinənin təmin edilməsini tələb edir. Avtotexniki ekspertiza Lerikdəki hadisədən sonra rəyini verməyib. Çox güman ki, dağlıq ərazidə sürücü qeyri-peşəkarlıq göstərib, ya da avtobusun texniki parametrlərində, əyləc sistemində problem olub. Çünki avtomobil 90-cı illərin “Mercedes” tipli mikroavtobusudur. Onun hansısa problemi mütləq üzə çıxacaq. Eyni qəzada 8 nəfəri itirmək çox ağır hadisədir. Sürücü sağ qalıbsa, ona  cinayət işi açılacaq, 7-8 il müddətinə həbs olunacaq. Ancaq bu, ölənləri geri qaytaran deyil. Bu məsələlərə ciddi nəzarət edilməlidir".     

Ekspert: “İdxal olunan avtomobillər üçün tətbiq olunan rüsumlar  azaldılmalıdır” - 10.08.2021, Sputnik Azərbaycan

Eldəniz Cəfərov 

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə qeyd etdi ki, qəzaların əksəriyyəti sürücü məsuliyyətsizliyinə görə baş verir: “Bəzi hallarda təcrübəsiz sürücülərin də məsuliyyətsizlik etdiyinin şahidi oluruq. Lakin təcrübəli sürücülərin səriştəsizliyi ucbatından baş verən qəzaların sayı az deyil. Təəssüf ki, qəzaların qarşısını tamamilə almaq mümkün deyil.  Statistik rəqəmləri qismən də olsa, azaltmaq üçün də çıxış yolları var. İlk növbədə sürücülük mədəniyyəti olmalıdır. Yola çıxan hər bir şəxs, xüsusilə sərnişin daşıyan sürücü məsuliyyətini dərk etməlidir. Sürücülük peşəkarlar tərəfindən öyrədilməlidir.Cərimə sistemi dəyişdirilməli, maarifləndirmə gücləndirilməlidir. İqtisadi maraqlar olan yerdə qaydalar dəfələrlə pozulur”.

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) isə yorğun, yuxusuz və səhhətində problem olan vaxt avtomobil idarə edən sürücülərə müraciət edib. Qurumdan verilən məlumatda deyilir ki, yay mövsümü ilə əlaqədar avtomobil yollarında artan hərəkət intensivliyi fonunda baş verən yol-nəqliyyat hadisələri təhlil edilir.

Təhlillər deməyə əsas verir ki, hələ də sürücülər arasında yorğun, yuxusuz, hətta səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən şəxslərə rast gəlinir:

“Müşahidələr göstərir ki, iş və istirahət rejiminə əməl etməyən, fasiləsiz nəqliyyat vasitəsi idarə etdikdən sonra günün qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində yenidən sükan arxasına əyləşən sürücü artıq potensial təhlükə mənbəyidir. Təəssüf ki, bu kimi neqativ faktlar daha çox sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülər arasında müşahidə olunur ki, bu da son nəticədə ağır və bir çox hallarda bərpa olunmayan maddi-mənəvi itkilərə yol açır, arzuolunmaz nəticələr yaradır”.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilinizin texniki vəziyyətinə diqqət yetirin, hərəkət zamanı təhlükəsizlik kəmərini taxın və sərnişinlərin də bu vacib qaydaya əməl etmələrinə nail olun:

“Yuxusuz, yorğun, əzgin halda sükan arxasına əyləşməyin, sərxoşluq yaradan vasitələrin istifadəsindən qətiyyətlə imtina edin.

Yol və hava şəraitini, hərəkət intensivliyini düzgün qiymətləndirin, yolboyu ötmə, manevretmə qaydalarına, sürət rejiminə əməl edin. Uzaq məsafə qət ediləcəyi təqdirdə, mütləq 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra avtomobilinizi saxlayıb qısamüddətli istirahət edin. Bunun üçün DYP-nin respublika əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postlarında yaradılmış şəraitdən istifadə edə bilərsiniz".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR