Onlayn ictimai-siyasi qəzet
Bakıda külli miqdarda narkotik vasitə əldə etmə və satmaqda ittiham edilən şəxsin məhkəməsi keçirilib. Təqsirləndirilən şəxsin atası çıxarılan hökmə etiraz edib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 28 yaşlı Qardaşxanlı Elcan Nazim oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinən E.Qardaşxanlı 8 il müddətinə azadlıqdan məhrum edilib.
Narkotik vasitə istifadəçisi olduğunu etiraf edən Elcan özünü irəli sürülmüş ittihamla təqsirli bilməyib.
Məhkəmə Elcanın təqsirinin istintaq zamanı da sübuta yetirildiyi qənaətinə gəlib. Elcanın telefonunda olan yazışmalarda “tema lazımdır” məzmununda mesajlar aşkar edilib.
Hakim bildirib ki, praktikada narkotik satışı ilə həbs edilən şəxslərin bir çoxu yazışmalarda patı, kakos və digər narkotik tərkibli vasitələri “tema var”, “tema lazımdır” kimi ifadələrlə əvəz edirlər.
Məhkəmə həmçinin Elcanın istintaqdakı etirafedici ifadəsini də nəzərə alıb. Lakin Elcan həmin ifadəsini təsdiq etməyib və təzyiq altında elə ifadə verdiyini deyib.
Elcanın işini ağırlaşdıran hallardan biri də əvvəl həbsdə olması və məhkumluğunun ödənilməməsi olub. Belə ki, Elcan 2018-ci ildə qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə həbs edilib. 2023-cü ildə əfv sərəncamı ilə vaxtından əvvəl azadlığa buraxılıb. Lakin məhkumluğu ödənilməmiş qeyd edilən ittihamla saxlanılıb.
Məhkəmə iclasında yalnız Elcanın atası iştirak edib. O, oğlunun narkotik satışı ilə məşğul olmadığını deyib. Hökmdən sonra ata əsəbiləşərək məhkəməyə etiraz edib. O qışqıraraq məhkəmənin fəaliyyəti imkan verməyib. İcra məmurları vətəndaşı sakitləşdirərək məhkəmə binasından uzaqlaşdıra biliblər.
İ.Muradov
Musavat.com
27 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ