İnsanlara hürriyət, millətlərə istiqlal!

70-ci əfv sərəncamının “qaralama variantı” hazırdır

 

Amnistiya aktını isə yeni Milli Məclis qəbul edə bilər

Mayın 15-də Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Toplantıda Komissiyaya daxil olan müraciətlərə baxılıb.  Komissiyanın iclaslarında baxılan müraciətlərin sayı 400-ü ötüb. 

Məlumdur ki, əfv Prezidentin səlahiyyətindədir. Qanun dövlət başçısına məhkumu cəzanın qalan hissəsindən azad etmək, cəza müddətini azaltmaq, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəzləmək hüquqları verir. Həmçinin ömürlük azadlıqdan məhkum olunmuş şəxsin cəzası maksimum 25 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilə, habelə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər. Əfvetmə barədə məsələlər Əfv Məsələləri Komissiyasının iclasında baxıldıqdan sonra qəti qərar qəbul edilməsi üçün Prezidentə təqdim olunur. 

Bildirilir ki, Əfv Komissiyasının daha bir və iki iclası ola bilər. Yəni siyahının  “qaralama variantı” hazırdır.   

Xatırladaq ki, indiyə qədər 69 əfv sərəncamı və 12 Amnistiya aktı imzalanıb.  Sərəncamların 37-si Prezident İlham Əliyev tərəfindən imzalanıb. Bu günə qədər imzalanan 69 əfv sərəncamı ümumilikdə 9 788 məhkuma şamil edilib.

Sonuncu sərəncam 8 may 2023-cü il tarixdə imzalanıb. Məhkum edilmiş bir sıra şəxslərin Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında sərəncam imzalanıb. Sərəncama əsasən, 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.

Hüquq müdafiəçiləri deyir ki, hazırda cəzaçəkmə müəssisələrində böyük sıxlıq yaşandığından ölkədə geniş amnistiya aktının imzalanmasına da böyük ehtiyac var.  Adətən amnistiya aktı təxminən 10 min və yaxud bundan da çox insana şamil edilir. Gözlənilir ki, may ayında veriləcək əfv sərəncamından sonra amnistiya məsələsi də  gündəmə gəlsin. Qeyd edək ki, 1996-ci ildən etibarən 12 amnistiya elan olunması haqqında qərar qəbul olunub.

Çingiz Qənizadə: Xalq öz Prezidentinə inanır və güvənir - AZƏRTAC

Çingiz Qənizadə

Məsələ ilə bağlı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquqşünas Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, əfv sərəncamı ilə amnistiya aktı tamamilə fərqli məsələlərdir. Əfvin verilməsi ölkə Prezidentinə Konstitusiyanın verdiyi müstəsna səlahiyyətdir. Amma Amnistiya aktı qanundur və o, Milli Məclis tərəfindən qəbul edilməlidir: “Amnistiya aktının müəllifləri bilirsiniz ki, hər zaman Mehriban xanım Əliyeva və ya Prezident İlham Əliyev olur. Bu bir ənənə halını alıb. 

Mən hesab edirəm ki, ümumiyyətlə amnistiya aktının qəbul edilməsinin vaxtı çatıb. Doğrudan da cəzaçəkmə müəssisələrində sıxlıq var. Biz son aylarda 4-5 cəzaçəkmə müəssisəsində monitorinqlər apardıq və bunun şahidi olduq. Bəzi cəzaçəkmə müəssisələrində 1150, 1200 nəfər məhkumun saxlanması nəzərdə tutulsa da, məcburiyyətdən 1500,1600, 1700 nəfər məhkumun saxlanıldığı məlum oldu. Bu da təbii ki, müəyyən obyektiv səbəblərdəndir. Çünki əhalimizin sayı artdıqca, istər-istəməz cinayət edənlərin də sayına təsiri olur. Həbs edilənlərin sayı saxlanma yerlərində nəzərdə tutulan saydan artıq olur. Buna görə də biz günah axtarmalı deyilik. Günah elə cinayət işlədib həbsxanaya düşənlərin özündədir. Amma dediyim reallığa görə amnistiya aktının qəbul edilməsinin zamanıdır. Təkcə mən yox, yəqin ki, ölkə rəhbərliyi bu haqda düşünür və müvafiq rəsmi qurumlar da bununla bağlı təkliflər verir ki, cəzaçəkmə müəssisələrində sıxlıq necə aradan qaldırılsın".

Hüquq müdafiəçisi qeyd etdi ki, qarşıdan parlament seçkiləri və COP-29 kimi mühüm beynəlxalq tədbirin keçirilməsi gəlir. Amnistiya aktı isə Milli Məclisdə komissiyalarda müzakirə edilməlidir, sonra parlamentin plenar iclasına çıxarılmalıdır və üç oxunuşdan keçdikdən sonra qəbul edilməlidir. Bunları nəzərə alsaq, yaxın aylarda amnistiya aktının qəbul edilməsi mümkün görünmür: “Ona görə də yəqin ki, əgər amnistiya aktı olacaqsa, payızda-Milli Məclisə seçkilərdən və COP-29-dan sonra gündəmə gələcək. Yəni ki, böyük ehtimalla amnistiya aktını yeni seçilmiş Milli Məclis qəbul edəcək. Şübhəsiz ki, əgər ali rəhbərlik səviyyəsində amnistiya aktı təşəbbüsü irəli sürüləcəksə, bu baş verəcək. Parlament özü də belə bir təşəbbüsdə ola bilər, amma sözsüz ki, bu çox ciddi məsələ kimi ölkənin ali rəhbərliyi ilə razılaşdırılmalıdır”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR