İnsanlara hürriyət, millətlərə istiqlal!

62 ildir davam edən iqtisadi blokada-Kuba dözdü, bəs Rusiya?     

1960-cı ildən sanksiyalar altında olan “azadlıq adası”  mübarizə yollarını artıq tapıb   

 

ABŞ-ın Kubaya qarşı iqtisadi sanksiyaları dünya tarixində ən uzunmüddətli sanksiyalardır. Yer kürəsinin sonuncu sosialist ölkələrindən biri son 62 ildə demək olar ki, tam təcrid vəziyyətindədir. Lakin Kuba hakimiyyəti iqtisadiyyatdakı obyektiv çətinliklərə baxmayaraq, inqilabın qazandığı nailiyyətlərdən əl çəkmir və “xalq” kursunu “imperialistlərin” xeyrinə dəyişməyə tələsmir.  

7 avqust 1960-cı ildə minlərlə insan Havanadakı Plaza de la Revolucion meydanına toplaşmışdı. İnsanlar mühüm açıqlama verəcək  gənc və xarizmatik Fidel Kastronu dinləməyə gəlmişdilər.  Kastro alqışların səngiməsini gözlədikdən sonra Kubanın tarixini əbədi olaraq “əvvəlki və sonrakı hissələrə” ayıracaq sənədin mətnini emosional şəkildə oxumağa başladı.

 

Söhbət Kuba iqtisadiyyatının bütün mühüm sahələrinə - siqar istehsalından tutmuş sərnişin daşınmasına qədər nəzarət edən Amerika şirkətlərinin əmlakının milliləşdirilməsindən gedirdi. Kastro bir-birinin ardınca  gənc respublikanın  xalqının mülkiyyətinə keçəcək ABŞ şirkətlərin adını çəkdi. “Compania Cubana De Electricidad”, “Compania Telefonica”, Boston Milli Bankı, neft emalı zavodları, rom və şəkər firmaları... O zaman milliləşən bütün aktivlər 650 milyon dollar təşkil edirdi.

Bunun ardınca Amerika “azadlıq adasına” ərzaq və dərman istisna olmaqla, istənilən malın tədarükünə embarqo qoydu. ABŞ ona əməl etməyən ölkələri və şirkətləri sanksiyalarla və münasibətləri kəsməklə hədələdi. 1962-ci ildə Amerika prezidenti Con Kennedi adanın tam ticarət blokadası haqqında fərman imzaladı. İki il sonra Amerika Dövlətləri Təşkilatı embarqoya qoşuldu - Kubanın bütün ticarət yolları tamamilə kəsildi.

 

Lakin Sovet İttifaqı ilə yaxşı münasibətlər kubalılara bu sanksiyalara tab gətirməyə imkan verdi. SSRİ hər il Kubaya üç milyard dollara yaxın yardım edir, zəruri mallar verir, əvəzində isə rom, şəkər qamışı və tütün alırdı.

Bu arada isə sanksiyalar artmaqda davam edirdi. Kuba müxalifətinə qarşı basqılar və Karib hövzəsində hərbi fəaliyyət ABŞ-ı bir sıra əlavə məhdudlaşdırıcı tədbirlər görməyə məcbur etdi ki, onların çoxu hələ də qüvvədədir.

Tezliklə hər hansı Kuba şirkətləri ilə əməkdaşlıq üçün məsuliyyət də müəyyən edildi. 1980-ci illərin əvvəllərində isə “ölkə terrorun sponsoru” elan olundu. 1992-ci ildə ABŞ Konqresi Kubanın Azadlıq və Demokratik Həmrəylik Aktını qəbul etdi. ABŞ bu sənədlə Kuba limanında olmuş hər hansı  gəminin 180 gün ərzində ABŞ limanlarına daxil olmasını qadağan edirdi. Bu qadağa ölkəyə ərzaq və dərman idxalını demək olar ki, sıfıra endirdi. Kuba xalqının çətin tarixində ən pis dövr gəldi.

Bu sənəd Kubaya pul köçürmələri də qadağan edirdi. Məsələ burasındadır ki, müxtəlif vaxtlarda ölkədən qaçan bir çox kubalılar hər ay Kubaya yüz minlərlə dollar göndərməklə ailələrinə və qohumlarına kömək edirdilər. Ağ Ev həmçinin Kubaya kredit və ya digər yardım göstərən beynəlxalq qurumları maliyyələşdirməyi dayandırmaqla hədələyirdi.

 Kuba 1990-cı illərin əvvəllərində iqtisadi şoklardan qurtulmağa başladı. Ölkə iqtisadiyyatının idarə etməyin yeni üsullarını axtarmağa başladılar və 1994-cü ildə iqtisadiyyatın iflası artıq dayandı, yavaş-yavaş canlanma başladı.

 Hökumət turizmin daha da inkişafına, ticarətin liberallaşdırılmasına və azad iqtisadi zonaların açılmasına qərar verdi.  Müasir mehmanxanalar yarandı, idxal kanalları genişləndi, gömrük rüsumları azaldıldı. Ölkə Ümumdünya Ticarət Təşkilatına  daxil oldu (ABŞ bunun qarşısını almaqda aciz idi), xarici şirkətlərə (əsasən çinlilər) bizneslə məşğul olmağa icazə verildi, Mariel limanı vergidən azad rejim elan edildi.   

Lakin burada da ABŞ Kubanın qarşısını almaq üçün əlindən gələni etdi. Ağ Ev Amerika vətəndaşlarına Kubaya üç ildə bir dəfədən çox səfər etməyi və orada gündə 50 dollardan çox pul xərcləməyi qadağan etdi. ABŞ vətəndaşlarının adaya səfəri üçün xüsusi icazə lazım idi. Müəyyən edilmiş qaydaları pozanlar həbsxanaya salınmaqla təhdid edilirdi. Buna baxmayaraq, kubalılar yenə həll yolunu tapdılar: onlar sadəcə olaraq ölkəyə gələn amerikalılara sərhəd keçid möhürü vurmağı dayandırdılar.  Amerikalılar da öz növbəsində başqa ölkələrdən sərnişin gəmilərinə bilet alıb, ölkəyə arzu etdikləri vaxt gələ və istədikləri vəsaiti xərcləyə bilirdilər.  

 2000-ci illərdə ağır xəstə olan Fidel Kastro əvvəlcə pərdə arxasında, sonra isə hakimiyyəti rəsmən kiçik qardaşı Raula ötürdü. Bunun fonunda ABŞ-ın sanksiyalarının tədricən yumşaltmağa başladı.    2015-ci ildə ABŞ prezidenti Barak Obama Kuba ilə diplomatik münasibətləri bərpa edib. ABŞ-dan gələn səyahətçilərə adada böyük məbləğdə pul xərcləməyə icazə verildi, humanitar missiyalar, turizm və maliyyə fəaliyyətləri qarşısındakı maneələr aradan qaldırıldı.

Eyni zamanda, əvvəllər sanksiyalar qoşulan  bütün ölkələr də Havanaya qarşı sanksiyalardan imtina etdilər. Avropalı siyasətçilər ABŞ-ı embarqonu ləğv etməyə və respublikaya tərəf getməyə çağırmağa başladılar. 2014-cü ildə Rusiya Havananın SSRİ-yə olan 31,7 milyard dollar borcunu bağışladı.

Lakin ABŞ-da hakimiyyətə Donald Trampın gəlişi ilə vəziyyət yenidən mürəkkəbləşdi. Respublikaçı prezident sələfinin addımlarını yanlış saydı və 2017-ci ildən embarqonun davam etdiriləcəyini bəyan etdi.  İki il sonra o, Kubaya kruiz gəmiləri ilə zəngləri, şəxsi və korporativ təyyarələrin adasına uçuşları qadağan etdi.

Lakin  Kuba iqtisadi blokada ilə mübarizə yollarını artıq tapıb. Yeni ticarət tərəfdaşlar ölkəyə hər cür mal gətirirlər ki, bu da ABŞ-ın sanksiyalarını kölgədə qoyur...

62 ildir davam edən iqtisadi blokadaya Kuba dözdü, bəs Rusiya?  

Orxan ƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR