İnsanlara hürriyət, millətlərə istiqlal!

500 min ting, qara və yaşıl məhsul, Qarabağla bağlı planlar- Zeytun bağında bir gün   

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN)  növbəti dəfə zeytun bağlarına səfər təşkil edib. Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində salınan zeytun bağına səfərdə aparıcı kütləvi informasiya vasitələrinin (KİV) rəhbərləri və nümayəndələri iştirak edib.  Budəfəki səfər də məhsul yığımı mövsümünün əvvəlinə təsadüf etdi.

Musavat.com xəbər verir ki, 2014-cü ildə salınan bağlardakı ağaclar "Yaşıllaşdırma və landşaft quruluşu" ASC-nin təsərrüfatında yetişdirilən tinglərdən əkilib. Məlumat verildi ki, xaricdən ting alınmır. Hazırda ərazidə təxminən 500 min zeytun tingi var. 

Məlumat üçün bildirək ki, Azərbaycanda Abşeron iqtisadi zonası zeytun istehsalının 65%-ni təşkil edir. Əlverişli iqlim şəraiti, münbit torpaq məhsuldarlıq üçün lazımi şəraiti yaradır. Bununla belə çox soyuq olmayan bölgələrimizdə də zeytun yetişir.   

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Yaşıllaşdırma və landşaft quruluşu" ASC-nin sədri Ramik Əşrəfov məlumat verdi ki, zeytun ağacları işğaldan azad edilmiş ərazilərdə də əkilir, əkilməyə də davam edəcək: "500 minə yaxın zeytun tinginin  bir hissəsi işğaldan azad edilmiş ərazilərdə yerli şəraitə uyğun əkilib və bundan sonra da mərhələli şəkildə əkiləcək. Azad edilmiş ərazilərdə təkcə zeytun deyil, Şərq çinarı, Eldar şamı, sərv, dağdağan, akasiya ağaclarının əkilməsi də nəzərdə tutulur. Füzuli hava limanının ətrafında ağac əkimi üçün 200 hektar sahə ayrılıb ki, bunun da təxminən 60 hektarlıq hissəsi, eyni zamanda Cəbrayıl rayonunun 25 hektar ərazisi əkin işləri üçün tam hazırlanıb. Ərazidə yeni tingləri əkib yoxlamaq istəyirik. Zəngilanda 55 hektarda iynəyarpaqlı və enliyarpaqlı ağaclar əkilib.

Zeytun tingləri 2014-cü ilə qədər Türkiyə və İspaniyada gətirilirdi. Artıq o sortlar, həmçinin yerli sortlar istixanada yetişdirilir.  Zeytun və digər ağac tinglərinin satışı 2,50 manatdan 6-7 manata qədər dəyişir. İstənilən şəxs buradan ting əldə edə bilər. Qiymət ağacın cinsindən, qablaşdırmasından və boyundan asılıdır".

Məhsul həqiqətən boldur. Yüzlərlə ağac yaşıl və qara zeytun barı verib. Nübarı toplamaq həm də bizim qismətimizə düşdü. 

Ümumiyyətlə, son illərdə zeytun ağaclarının əkilməsinə xüsusi diqqət ayrılır. Suya az tələbkar olması, quraqlığa dözümlülüyü Abşeron və çox soyuq olmayan ərazilərdə yetişməsi üçün əlverişli imkan yaradır.
Yerli sortların məhsuldarlığı yüksək olmasa da dadlıdır. Zeytun ağaclarının ekoloji cəhətdən hava üçün də faydalı olduğu bilinir. Burada yetişdirilən zeytundan yağ və mürəbbə istehsal olunur.

Qeyd etmək yerinə düşər ki, ETSN-in tinglik sahələrində yetişdirilən tinglər il ərzində təşkil olunan ağacəkmə kampaniyaları çərçivəsində müxtəlif ərazilərdə əkilir.

Nigar Həsənli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR