İnsanlara hürriyət, millətlərə istiqlal!

40 km olmasın, 44 olsun, bizə Naxçıvana yol lazımdır – Mənasız mübahisənin sonu

Hələ 2021-ci ildən etibarən Zəngəzur dəhlizi adı tutulanda İranın ifrat şəkildə həyəcanlanması ölkəmizin əhalisinə qəribə gəlirdi. Burda nə vardı axı?

Azərbaycan dövləti öz eksklavı, ərazisinin bir parçası olan Naxçıvana Ermənistandan yol, keçid istəyirdi.

Ermənilər 2020-ci ilin noyabr ayının birinci ongünlüyündə qırtlaqları Azərbaycan ordusunun kəlbətin barmaqları arasında sıxılanda Azərbaycana dəhliz sözü versələr də, sonradan harayçını çox görmüş, sözlərini dəbbələməyə başlamışdılar.

Harayçının biri də İran idi. O da Zəngəzur dəhlizi söhbətinə namus məsələsi kimi yanaşır, öz “qırmızı xətti” elan edir, Azərbaycana təhdid mesajları sovuran hərbi təlimlər keçirir, Rusiya ilə bu mövzuda anlaşmağa çalışırdı.

nocomment_8482684a61965f3e36d9cf562437ec77_1j87h9pg0uwvmryexzko.jpg (176 KB)

Azərbaycana yol lazım idi. Bu yol Ermənistanın Sünik vilayətinin ortasından da keçə bilərdi, İran-Ermənistan sərhədində yerləşən Meğri rayonundan da. Cəmi 40 kilometrlik həmin yola görə günaşırı 400 kilometri aşıb gələn bəyanatlar verilirdi, məscidlərdə axundlar, parlamentdı deputatlar bu xüsusda moizə oxuyurdular, generallar, sabiq səfirlər, hazırkı diplomatlar ard-arda mülahizələr səsləndirirdilər.

Deyəsən, “dəhliz” söhbətinin adı ağır idi. “Dəhliz” termininin klassik tərifi onu nəzərdə tutur ki, uzunu 40, eni 5 kilometr olacaq torpaq sahəsi Ermənistanda kəsilib alınır. Azərbaycanın isə onsuz da ərazisi 29 kvadrat kilometr olan, yəni Azərbaycandan 3 dəfə az əraziyə malik Ermənistanın torpağında gözü yox idi, ona dəmiryol xətti və bi magistral yol lazım idi. Daha dəqiqi, bizim dikrimiz SSRİ dövründə mövcud olmuş yolların bərpası idi.

Sadəcə, yolun işləkliyinə və təhlükəsizliyinə təmin verilməliydi. Yoxsa iki gündən bir erməni yeniyetmələrin Naxçıvana gedən və gələn sərnişin qatarlarını daşlaması, yaxud terrorçularun enerji ehtiyatları daşıyan qatarlara qarşı təxribat törədərək Azərbaycana maddi zərər vurması potensial təhlükə kəsb edirdi.

3e414e503891a6d50c9727d58d99dd04.jpg (363 KB)

Yəni Ermənistan yolun təhlükəsizliyinə təminat verəndən, yol boyunca əmin-amaqlıq bərqərar ediləndən sonra 5 kilometrlik dəhlizə ehtiyac qalmırdı, 15 metrlik keçid də bəs edirdi.

Özü də bu söhbət elə bir dönəmdə yoğunlamışdı ki, ermənilər Qarabağın dağlıq hissəsində kompakt halda yaşayırdılar və Ermənistan onlarla əlaqə saxlamaq üçün 5 kilometrlik dəhliz tələb edirdi. Fəqət ermənilər özləri üçün dəhliz tələb etsə də, bizə adi yol belə vermək istəmirdilər. Düz gəlmirdi.

Əslində isə onun bu cür dəhliz tələb etməyə haqqı yox idi. Çünki Qarabağı dağlıq hissəsi heç də Ermənistanın anklavı deyildi, o bölgə Azərbaycanın suveren ərazisi olduğuna görə oraya girən-çıxan yüklərin və adamların hamısı ölkənin sərhəd-buraxılış məntəqəsindən keçməlidir. Sonradan Laçında sərhəd-keçid məntəqəsi yaradılanda ermənilərin dəhliz söhbəti bitdi. İrəvan və Xankəndi arasındakı yol isə açıq idi, sadəcə, sərhəd-gömrük postundan keçmək lazım gəlirdi və bunu ölkənin qanunları tələb edirdi, beynəlxalq qanunlara da zidd deyildi.

İndi İran Azərbaycan dövlətinin Naxçıvanla quru yolla və dəmiryol xətti ilə əlaqəsinin intensiv olması üçün öz ərazisini təklif edib, razılaşma əldə olunub, müvafiq infrastrukturlar yaradılıb, gələn ildən bu yol istifadəyə veriləcək.

Bu, heç də dəhliz deyil, adı yoldur. Amma İran tərəfdən o yoldan istifadə edəcək yolçularımıza, sərnişinlərimizə və yüklərimizə təhdid yoxdur. İran da buna tam təminat verir.

Sadəcə, indi Naxçıvana yol 40 kilometr yox, təxminən 44 kilometr olacaq. Bu, o deməkdir ki, Azərbaycanın Naxçıvanla, oradan da o tərəfə Türkiyə ilə kəsə yolla gediş-gəlişinin xeyrini maddi planda İran görəcək.

Ermənistan isə bir sıra transmilli layihələrdən kənarda qaldığı kimi kəsə yolla Türkiyə və Rusiyaya yükdaşıma imkanından məhrum olacaq.

651d4141cb4ea651d4141cb4eb1696416065651d4141cb4e7651d4141cb4e9.jpg (349 KB)

Bəs necə oldu ki, İran bu qədər inadkarlıq etdiyi məsələdən geri çəkildi? Belə anlaşılır ki, Ermənistan tərəfi rəsmi Tehrana ya həddən artıq şişirdilmiş və müxtəlif təfsirlərə məruz qoyulmuş informasiyalar verib və İran sonradan Azərbaycan diplomatlarının izahından sonra durumun heç də deyildiyi kimi olmadığını anlayıb, ya da İran tərəfi rasional düşüncə ilə ağır-yüngül edərək Naxçıvan yolunun onlar üçün sərfəli olduğu qənaətinə gəliblər.

Hər halda qonşu dövlətlər arasında mənasız mübahisə predmetlərindən biri çözülmüş oldu.

Bu arada, ola bilər, İran dövləti də Rusiya kimi, özünü ABŞ-ın ağuşuna vermiş Ermənistanın bu davranışından narazıdır. Bu məsələnin gələcəyini yaxın həftələrdə, aylarda görəcəyik.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR