İnsanlara hürriyət, millətlərə istiqlal!

“30 min manat, bir, 30 min manat, iki... Saaatdım...!” - Qarabağ atları satılan kompleksdən REPORTAJ

Aprelin 15-də Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin Qobustandakı kompleksində Qarabağın cins atları ilk dəfə hərrac yolu ilə satışa çıxarıldı. Kənd Təsərrüfatı Nazirliyi prosesi əvvəldən sona izləməyə bilməyimiz üçün media nümayəndələri üçün səfər təşkil etdi.

Fermerlərin cins heyvanlara əlçatanlığını təmin edən unikal kompleks

Heyvandarlıq kompleksi ötən ilin noyabr ayında istifadəyə verilib. Sərgi salonu, auksion mərkəzi, ferma, sağım məntəqəsi, heyvanlara tibbi yardım məntəqəsi və digər funksional və yardımçı binalardan ibarət kompleks təxminən 8 hektarlıq ərazidə yerləşir. Müasir avadanlıqlarla təchiz edilmiş fermalarda 100 baş iribuynuzlu və 400 baş kiçikbuynuzlu heyvanın saxlanması üçün şərait var. Heyvanlara xüsusi baytar və zootexniklər qulluq edir. Heyvanlar haqqında məlumat xüsusi çipləşdirilmiş birkalar vasitəsilə mərkəzi serverdə toplanır və mütəmadi izlənir. Ölkədə bu konsepsiyada ilk olan kompleksin fəaliyyətinin məqsədi xarici cins damazlıq heyvanlarla yanaşı, yerli cins heyvanların da satışının təşkil edilməsi ilə fermerlərin cins heyvanlara əlçatanlığına nail olmaq, yerli damazlıq təsərrüfatların yetişdirdiyi heyvanların satışını stimullaşdırmaq, eləcə də ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaq, damazlıq təsərrüfatlar arasında koordinasiya yaratmaqdır.

Ölkədə və Avropada satışda olan heyvanlar haqqında məlumat almaq istəyən ziyarətçilər sərgi salonuna üz tuturlar. Burada videoçarxlar vasitəsilə və satış nümayəndələrinin köməyi ilə heyvanların məhsuldarlığı, şəcərəsi, cins tərkibi, saxlanma şəraiti barədə ətraflı məlumat əldə etmək mümkündür. Hərracda heyvan əldə etmiş şəxslər bütün lazımi prosedurları elə buradaca həll edə bilirlər. Alqı-satqı, sığorta, lizinq, güzəşt tətbiqi prosesləri vahid mərkəzdə həyata keçirilir. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Vüqar Hüseynov “Yeni Müsavat”a bildirdi ki, ölkədə heyvanların satışına, yerli və xaricdən gətirilən damazlıq heyvanların satışına dövlət tərəfindən dəstək verilir:“Belə ki, satılan heyvanların dəyərinin 60 faizi dövlət tərəfindən ödənilir. Məsələn, əgər bir heyvanın qiyməti 2 min manatdırsa, fermer onun 800 manatını ödəyir, qalan 1200 manat dövlət tərəfindən qarşılanır. Bu, dövlət dəstəyinin göstəricisidir”.

                                   KTN-in nümayəndəsi Vüqar Hüseynov

Hərrac başladı, ilkin qiymət 5 min manat, kim daha çox təklif edir?

Səfərimizin məramı yazının əvvəllində qeyd etdiyim kimi tarixdə ilk dəfə keçiriləcək cins Qarabağ atlarının hərrac yolu ilə satışında iştirak etmək idi. Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri, təsərrüfat sahibləri, sahibkarlar və fermerlərin iştirak etdiyi hərracın başlamasına dəqiqələr qala hər kəsin gözü qapıda idi. Potensial alıcılara informasiya vermək məqdəsilə Qarabağ atları haqqında videoçarx təqdim olunurdu. İlk hərracda satışa 3 Qarabağ atı çıxarılmışdı: “Sultan”, “Sahil” və “Zilaxar”. Gözəlliyi ilə göz qamaşdıran qızılı rəngli atlar şəcərəsi, cıdır qabiliyyəti, xarici görünüşü və digər xüsusiyyətlərinə görə seçilmişdi. Bu məqamda qeyd etmək yerinə düşər ki, atların qiyməti əsasən əldə etdiyi uğurlara və ailə şəcərəsinə görə müəyyən olunur. Atın şəcərəsi önəmlidir. Bu və digər məlumatlar atlar doğulandan pasportda qeyd olunur. Əgər atın ailəsi yarışda yer tutubsa, bu, qiymətə birbaşa təsir edir. Adətən atlarla əsasən həvəskarlar, peşəkar məşqçilər və təsərrüfatı olan fermerlər maraqlanır.

Gözlənilən an yetişdi. Hərrac başladı. Qapı açılar-açılmaz içəri ilk addım atan “Sahil” oldu. Xeyli yolu qaranlıq yerdə gəlsə də, birdən-birə onlarla insanın baxışına tuş gəlsə də, “Sahil” özünü itirmədi. Sağdan-sola, soldan-sağa addımladı. Seyirçilər ona baxıb dəyər biçməyə çalışdığı bir zamanda aparıcı onun haqqında məlumatları təqdim etdi. 2018-ci il doğumlu “Sahil” in məziyyətləri barədə informasiya verildi və start qiyməti açıqlandı- 5 min manat.

-5 min manat, bir, 5 min manat, iki...

-5500 manat.

-5500 manat, bir, 5500 manat, iki. Varmı artıran?

“Sahil” dayanır, dinləyir...Aparıcı son dəfə qiyməti artırmağı təklif edir.

-5500 manat, bir, 5500 manat, iki. Satıram, satıram və saaatdım! “Sahil” in yeni sahibi 19 rəqəmli iştirakçı Habil İbrahimovdur. “Yeni Müsavat”la təəssüratlarını bölüşən H.İbrahimov xeyli müddətdir cins Qarabağ atı almaq arzusunda olduğunu dilə gətirdi: “Tərtər rayonunda təsərrüfatım var. Başqa yerli cins atlarım var, amma Qarabağ atı da əldə etməyimə çox şad oldum. İlk dəfə belə fürsət əlimə düşdü və yararlanmağa qərar verdim. Əvvəllər də Qarabağ atları ilə maraqlanmışam. Bu gün isə özüm gördüm, dəyərləndirdim və aldım”.

“Sahil” çıxandan bir qədər sonra ikinci Qarabağ atı izləyicilərin hüzuruna çıxdı: 2017-ci ildə doğulan erkək cinsli “Zilaxar”. Qızılı rəngli atın start qiyməti 7 min manat təyin olundu.

-7 min manat, bir, 7 min manat, iki...

-7500 manat.

- 29 nömrəli iştirakçı 7500 təklif edir. Artıran varmı?

- 7500 manat, bir, 7500 manat, iki... Satıram, satıram, saaatdım! “Zilaxar”ın yeni sahibi 29 nömrəli iştirakçıdır.

Orxan Qardaşxanov at həvəskarıdır. 5 ildir atlarla maraqlanır: “İllər əvvəl atları ilk dəfə görəndə içimdə sevgi yaranmışdı. Hərracdan internet vasitəsilə xəbər tutdum. Çox xoşbəxtəm ki, artıq Qarabağ atım var. Sırf Qarabağ atı olduğu üçün hesab edirəm ki, ucuz qiymətə aldım. Bu at üçün məbləği nə qədər yüksəltsəydilər, o qədər verməyə hazır idim”.

“Zilaxar”ı çıxardıqdan sonra kiçik fasilə verildi və hərrac davam etdi.

Səhnəyə günün “qəhrəmanı” daxil oldu- “Sultan”. Sultanlara xas məğrurluqla içəri addımlayan qızılı “Sultan” hərracda ən baha qiymətə təklif olundu - start qiyməti 30 min manat. 4 yaşlı erkək cinsli bu Qarabağ atı saatda 57 kilometrdən çox məsafə qət etməyə qadirdir. “Sultan”ın digər özəlliyi 2 il Cıdır yarışlarına hazırlanmasıdır. Bu məziyyətləri onun qiymətinin niyə belə baha olmasını açıqlayır. Və hərrac başlayır.

-30 min manat, bir, 30 min manat, iki. Artıran varmı? Bu gözəl ata kim sahib olacaq, görəsən?

Səs gəlmir. Hər kəs heyranlıqla məğrur “Sultan”ı izləyir.

-30 min manat, bir, 30 min manat, iki. Kim daha çox təklif edir?

Aparıcı danışdığı müddətdə hər kəs bir-birinə baxır. Görəsən, kim bu at üçün 30 min manatdan çox məbləğ ödəməyə hazırdır? Səssizlik...Təkcə, “Sultan”nın addım səsləri və onun kadrlarını çəkməyə çalışan fotoaparatların səsi gəlir. Aparıcı davam edir:

-30 min manat ,bir, 30 min manat, iki. Son şans verirəm. 30 min manat, bir, 30 min manat, iki. Və bitdi! “Sultan” satılmadı, öz sahibində qaldı. “Sultan”ın sahibi 4-cü nəsil məşqçi Sərxan Tağıyev sevincini gizləmədi: “Çox sevinirəm ki, atım məndə qaldı. At elə bir canlıdır ki, onun qiyməti yoxdur. Atın qiyməti onun xüsusiyyətlərindən nə qədər asılıdırsa, onu əldə etməyə çalışan şəxsin baxışından da asılıdır. İnsan var ki, bu ata 5 min verər, insan da var ki, 1 milyon. Peşəkar cəhətdən ən azı 7-8 nəsil şəcərəsinə baxılır. Qarabağ atı 30 minə də satılıb, 50 minə də. Ən yüksək məbləğ isə adətən gizli saxlanır. Qarabağ atları bizim milli sərvətimizdir. İnkişaf etmiş ölkələrin belə milli cinsləri yoxdur. Azərbaycan isə kiçik ölkə olmasına baxmayaraq, iki milli cins atı var: Qarabağ və Dilbaz. Hər hansı at cinsini yaratmaq mümkün deyil. Bu cinslər tarixən olub. Bu gün biz onları qorumağa və gələcək nəsillərə çatdırmağa çalışırıq”.

S.Tağıyevin fikirlərinə əlavə olaraq, tarixə nəzər salmaq yerinə düşər. Qarabağ atları Asiya və Qafqazda ən qədim at cinsi hesab edilir. Bu atlar nəsli tükənmək təhlükəsi ilə üzləşsə də, 1948-ci ildə Ağdamda yaradılan “Qarabağ atçılıq zavodu” sayəsində yenidən artmağa başlayıb. (Yeri gəlmişkən, həmin zavodun qurulmasında S.Tağıyevin babası Cəlal Tağıyevin də rolu olub). Qarabağ atları cinsi bu gün də yetişdirilir. Qarabağ atını digər atlardan fərqləndirən əsas əlamətlər yalı və quyruğunun tünd-şabalıdı rəngdə olması, özünün isə parıldayan narıncı rəngə çalmasıdır. Qarabağ atçılığının “qızıl əsri” XVIII-XIX əsrlər hesab olunur. Qarabağ xanları Pənah xanın, İbrahimxəlil xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın və Xurşidbanu Natəvanın (Usmiyevlərin) zavodlarında Qarabağ atları yetişdirilib.Xan qızı Natəvana məxsus “Əlyetməz” 1867-ci ildə Ümumrusiya at sərgisində, “Xan” isə həmin il Fransada keçirilən sərgidə mükafat alıb. Hətta “Xan” ı görən fransız qadınları onun rənginə valeh olmuş və saçlarını kürən rənginə boyamağa başlayıblar. Bir çox tarixi faktlar göstərir ki, dünyada ən geniş yayılmış ərəb atlarının, təmizqanlı ingilis minik atlarının cins kimi formalaşmasında Azərbaycan atlarının da müəyyən rolu olub. Hazırda atçılıqda keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına, eyni zamanda cins atların hazırki vəziyyətinə və gələcək inkişafına dövlətimiz tərəfindən xüsusi diqqət göstərilir. Belə ki, 2007-ci ildə “Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Bu qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müvafiq Fərman imzalanıb, atçılığın inkişafı üzrə dövlət proqramı təsdiqlənib.

Hərracda eyni zamanda bildirildi ki, Azərbaycanda Qarabağ atlarının satışı hərrac yolu ilə mütəmadi keçiriləcək və gələcəkdə Dilbaz atları da satışa çıxarılacaq. Eyni zamanda gələcəkdə xaricdən gətirilmiş digər damazlıq heyvanların-inək, qoyun və keçilərin hərrac vasitəsilə satışı planlaşdırılır.

Günəş şüaları altında göz qamaşdıran milli sərvət

fv0T4p7y85KKcqnqxsa9MJF6yyMXcXFk9Na5tvyK.jpg (172 KB)

Hərrac bitər-bitməz hər kəsə açıq havaya çıxmaq təklif olundu. Həm atları izləmək üçün, həm də onlarla təmas qurmaq üçün. Açıq havada, günəşin şüaları altında Qarabağ atlarının qızılı dərisi bərq vururdu. Hər 3 at onlara heyranlıqla baxan gözlərin müşayəti ilə gəzişir, arada fınxırır, arada bir də onları gəzdirən mehtərlərə inad ayaqlarını yerə vururdular. Ziyarətçilərin reaksiyaları isə fərqli idi. Kimi qorxurdu, kimi şəkil çəkdirirdi, kimi də mənimtək fürsətdən istifadə edib Qarabağ atının parlaq, qeyri-adi qızılı dərisini sığallayıb, andan zövq alırdı.

Xatırladıqca şərəf duyduğumuz məqamı vurğulamasaq, olmaz. Müzəffər ordumuz sayəsində Qarabağ atları artıq Qarabağda da qaçır. Üçrəngli bayrağımız artıq Qarabağda, Qarabağ atları ilə bərabər dalğalanır. Qarabağ atı artıq Şuşada Cıdır düzündə şahə qalxır.

HeGf82Ke2S4r2XITSoLPTScoLMTOO6nd7Jn3nkSu.jpg (143 KB)


Nigar Həsənli,
Fotolar müəllifindir
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR