İnsanlara hürriyət, millətlərə istiqlal!

271 min manatlıq ittihamla üz-üzə qalan Sümbülə Əliyeva-kolleqaları şahiddir

Sabah, mayın 6-da Vəkillər Kollegiyasının 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

Sümbülə Əliyevanın cinayət işi üzrə ötən həftə keçirilməsi planlaşdırılan məhkəmə prosesi baş tutmayıb. Sümbülə Əliyevanın saxlanıldığı təcridxanadan Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilməsində problemlər yaranıb, bu səbəbdən də proses təxirə salınmışdı.
Musavat.com xəbər verir ki, Sümbülə Əliyeva uzun illər rəhbərlik etdiyi hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığorta haqlarını və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib mənimsəməkdə ittiham olunur. Ümumilikdə o, vergidən yayınma ilə bağlı 71 min manat, digər faktla bağlı isə 201 min manat mənimsəmədə ittiham olunur. Sümbülə Əliyevaya qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) və 213 (vergiləri, məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən ötən prosesdə Sümbülə Əliyeva dövlət ittihamçısı Ziya Mansurova etiraz edib. Bildirib ki, dövlət ittihamçısı Ziya Mansurov bir qayda olaraq onun verdiyi vəsatətləri “ehtiyac yoxdur” deməklə təmin edilməməsini istəyib. Sümbülə Əliyeva iş üzrə audit yoxlamasının keçirilməsinin vacibliyini bir daha dilə gətirib: “Audit yoxlaması aparılması üçün vəsatət verəndə prokuror dedi ki, cinayət işində 2 audit rəyi var, ehtiyac yoxdur. Mənim işimə formal baxılıb, diqqətlə yanaşmayıb və qərəzlidir”, – deyə Sümbülə Əliyeva bildirib. Hakimlər etirazı baxılmamış saxlayıb. Hakim Mahmud Ağalarov təqsirləndirilən Sümbülə Əliyevaya sərbəst ifadə verməyi təklif edib. O isə sənədlərlə tanış olduqdan sonra ifadə vermək istədiyini deyib. Mahmud Ağalarov bununla bağlı daha öncədən vəsatət verdiyini və vəsatətin təmin edildiyini deyib: “Protokola əsasən, siz sənədlərlə tanış olmusuz, ifadə verə bilərsiz. Ancaq siz məhkəməni süründürməçiliyə salırsız. Sənədlərlə tanış olmaq sizin haqqınızdır. Yenidən sizə şərait yaradacağıq ki, sənədlərlə tanış olasınız”.

Sümbülə Əliyeva əslində, sənədlərlə tanış olduğunu deyib: “Sənədlərlə tanış olduğumu boynuma alıram. Ancaq hazırda həbsdə olduğum üçün sənədlər yanımda deyil”.

Hakim Mahmud Ağalarov sonuncu iclasda məhkəmənin ardıcıllığı üçün prosesin şahid ifadələri ilə davam edəcəyini deyib. Cinayət işi üzrə Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti zərərçəkən tərəf kimi tanınıblar.
Hazırda məhkəmədə şahidlərin dindirilməsi mərhələsidir. İttiham tərəfi vaxtilə Sümbülə Əliyevanın rəhbəri olduğu 1 saylı Vəkillər Kollegiyası üzvlərini iş üzrə şahid qismində tanıyıb. Vəkil həmkarları məhkəmədə ittihamla bağlı bildiklərini deməlidirlər. İttiham təsdiqlənəcəyi halda Sümbülə Əliyavanı ağır cəza gözləyir.

Qeyd edək ki, 70 yaşlı Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb. Sümbülə Əliyeva uzun illər müxtəlif məmurların, mərhum akademik Cəlal Əliyevin vəkili olub və əsasən mətbuata qarşı məhkəmə iddialarının müdafiəçisi kimi tanınıb.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR