İnsanlara hürriyət, millətlərə istiqlal!

2025-də MDB-nin mədəniyyət paytaxtında nələr olacaq - gözlənti

Laçında mühüm tədbirlər keçiriləcək; Deputat: “Azərbaycan xalqının mədəniyyətinin dərin qatlarının nümayiş etdirilməsi üçün...”

Azərbaycanın qərbində, kiçik Qafqazda yerləşən Laçın rayonu 1 dekabr 2020-ci il tarixdə, 28 ildən sonra qaytarıldı. Rayon 18 may 1992-ci ildən etibarən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi. Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəd olan rayon Azərbaycanın ən qədim insan məskənlərindən biri hesab olunur.

Laçının ərazisi bir vaxtlar Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olub. 1930-cu ildə isə müstəqil inzibati rayon yaradılıb. Əvvəllər Abdallar adlandırılan, 1924-cü ildən isə şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzi olub. XX əsrdə Azərbaycanın tanınmış yazıçılarından biri olmuş Tagı Şahbazi Simurq yaxınlıqdakı dağın adını şəhərə verib.

Laçın sözü “məğrurluq” mənasındadır. 1 şəhər, 1 qəsəbə, 125 kənddən ibarət olan rayonun ümumi sahəsi 1835 kvadratkilometrdir.

2021-ci ildə Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Rayonun yol-nəqliyyat infrastrukturunun yenidən qurulması da diqqət mərkəzindədir. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu daha da artıracaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasından xəbər verir. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək.

Laçın şəhərinin 2025-ci il MDB-nin mədəniyyət paytaxtı elan edilməsi qürur doğuran növbəti məqamlardan biridir. Hazırda mədəniyyət paytaxtı Səmərqənddir. Təklif olunan qərar layihəsinə uyğun olaraq, gələn il estafeti Azərbaycanın Laçın şəhəri qəbul edəcək.

Prezident İlham Əliyev Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışında bildirib ki, Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb: “MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət mərkəzi elan edilib. Laçın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılıb. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar”.

Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan olunmasından sonra bu gözəl bölgədə abadlıq, quruculuq işləri daha da sürətləndirilir. Növbəti ildə Laçında çox mühüm tədbirlər olacaq.

Hikmət Babaoğlu baş redaktorluqdan çıxarıldı

Hikmət Babaoğlu

Millət vəkili Hikmət Babaoğlu deyir ki, Laçının mədəniyyət paytaxtı elan olunması tarixi hadisədir: “2020-ci ilə qədər MDB-nin üzvü olan Ermənistanın işğalında olan torpağımız bu gün həm də Ermənistanın iştirak etdiyi tədbirdə MDB-nin mədəniyyət paytaxtı elan edildi. 2020-ci ilin 10 noyabrına qədər və ya ondan sonra ötən dövr ərzində, hətta 2023-cü ilin antiterror əməliyyatına qədər Laçın rayonunun ərazisinin bir hissəsini bəzi ölkələr dəhliz kimi görürdülər. Onlar da artıq Laçının hər qarış ərazisinin Azərbaycanın torpağı olduğunu qəbul edərək, Laçını MDB-nin mədəniyyət paytaxtı elan etdilər. Düşünürəm ki, bu, Azərbaycanın nüfuzuna, gücünə olan hörmətdir. Azərbaycanın beynəlxalq hüququ təmin etməsinə olan hörmət və etirafdır.

Laçın xalqımızın, əcdadlarımızın Şərqi Zəngəzurda qurduğu, yaratdığı özünəməxsus ənənələrə sahib olan, özünəməxsus lokal mədəniyyət yaratmağı bacaran şəhərlərimizdən biridir. Azərbaycan aşıq musiqinin formalaşmasında laçınlı Sarı aşığın rolunu qiymətləndirməyə çalışsaq, görəcəyik ki, şifahi xalq yaradıcılığımızın ən böyük nəhənglərindən biri Laçında yetişib və ölkəmizin poeziya mühitinə çox böyük töhfələr verib. Laçın Xocalı, Gədəbəy mədəniyyətinin yolunun üstündə mühüm coğrafiyalarımızdan biridir.  Şərqi Zəngəzur əcdadımız olan zəngi tayfalarının məskunlaşdığı ərazi olub.  Bu ərazi dağlardan düzənliklərə doğru enən mədəniyyət tariximizdə mühüm rollardan birini oynayıb.  Çünki mədəniyyət, sivilizasiya hadisəsi bəzi xalqlarda müxtəlif relyef və coğrafiyalarda formalaşdığı hallarda türk mədəniyyəti dağların xüsusi qoruyucu özəllikləri və missiyası xüsusi səngər rolunu oynaması sayəsində məhz həm də dağlarda formalaşan mədəniyyətdir. Ona görə də əcdadlarımızın yaratdığı dinc və inanc sistemləri də məhz dağlarla bağlı olub.

Bu gün Laçın inanc sistemimizdən, qədim mədəniyyətimizdən gələn ənənələrin dünənə qədər yaşadıldığı və bu gündən sonra yaşadılacağı ərazidir. Bu da Azərbaycan xalqının mədəniyyətinin dərin qatlarının nümayiş etdirilməsi üçün Laçın mühüm şəhərdir. Tərtib olunan proqram çərçivəsində çoxsaylı tədbirlər keçiriləcək. Əminəm ki, prosesə Azərbaycan və MDB-nin mədəniyyət nazirlərinin, yaxud onların müvafiq tabeli qurumlarının tərtib etdiyi mühüm mədəniyyət tədbirlərinə şəhər ev sahibliyi edəcək. Şübhəsiz ki, bu, Azərbaycan mədəniyyətinin bir bayramına çevriləcək".       

Qeyd edək ki, MDB-nin rəsmi sənədlərində vurğulanır ki, Zəngəzurun Azərbaycana tarixi, coğrafi və geosiyasi aidiyyəti var. Hətta bu bölgənin Şərq hissəsinin, yəni Şərqi Zəngəzurun Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildiyi qəbul edilir.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR