Onlayn ictimai-siyasi qəzet
Diqqət etdinizsə, bu dəfə də 1990-cı ilin yanvarında Xəlil Rza Ulutürk demişkən, “nallı çəkməli” sovet əsgərlərinin Bakıda və respublikamızın digər bölgələrində törətdiyi qanlı qırğınlara ədalətli münasibət bəsləməyənlər xatırladıldı, hətta onların etiraflarına yer verildi. Böyük Britaniyanın baş naziri Marqarit Tetçer 24 yanvar 1990-cı ildə “Wall Street Journal”-a müsahibəsində SSRİ rəhbərinin yürütdüyü siyasəti dəstəklədiklərini açıq şəkildə bildirmişdi. Hətta “Dəmir ledi” də sadəlöhvcəsinə bildirmişdi ki, guya Azərbaycanda ermənilərlə azərbaycanlılar arasında başlanmış vətəndaş müharibəsi Mixail Qorbaçovu bu addımı atmağa vadar edib. Sitat: “Azərbaycanlılarla ermənilər arasında vətəndaş müharibəsi sovet ordusunu yeritməyə səbəb olub. Çünki günahsız adamlar zərər çəkirdilər. Heç kim – nə ABŞ prezidenti Buş, nə mən, nə də Fransa prezidenti Mitteran buna görə Qorbaçova etiraz etmədik. Biz bu addımın vacibliyini başa düşürdük”.
Bu da o dövrün 3 ölkəsinin – 3 “həmsədr”in Azərbaycan həqiqətlərini olduğu kimi görə bilməyən gözü, eşitməyən qulağı, danışmayan dili. Hələ bu, dünyanın “Dəmir Ledi”si idi, onda biz Buşdan, Mitterandan nə gözləyə bilərdik. İki ay sonra, 1990-cı ilin 23 martında isə xanım Tetçer “Der Spiegel” qəzetinə müsahibəsində Baltikyanı ölkələrin SSRİ tərkibindən çıxmaqla bağlı siyasətinə birmənalı dəstək vermişdi. “Rus tankları Litvaya daxil olsa, bunu SSRİ-nin daxili işi hesab edəcəksiniz, yoxsa Britaniya etiraz edəcək?”- sualına cavabında Tetçer demişdi ki, onlar Qorbaçova məsələnin güc yolu ilə həllinin mümkünsüzlüyünü bildiriblər. Ardlnca isə “Azərbaycana gəlincə, orada vəziyyət vətəndaş müharibəsi həddində idi. Başa düşürsünüz, belə vəziyyətdə ordu hərəkət edirsə hər hansı tənqiddən danışmaq olmaz. Ordunun orda elədikərini heç birimiz tənqid etmədik. Çünki biz bunu başa düşürdük”. Azərbaycan xalqının azadlıq və müstəqillik mücadiləsinə barmaqarası baxan “demokratlar” Baltikyanı respublikalara fərqli yanaşırdılar. Necə ki, son 30 il ərzində Qarabağ məsələsi ilə Abxaziya, Cənubi Osetiya və Dnestryanıya “fərqli” yanaşmağın “zəruriliyi”ni iddia edirdi Qərb paytaxtları. Gürcüstanın və digərlərinin ərazi bütövlüyünü birmənalı şəkildə tələb edən ABŞ, Fransa və başqaları Qarabağ məsələsinə gəldikdə, “öz müqəddəratını təyinetmə” nağılından bəhs edirdilər. Hansı ki, onlar heç 1988-ci ildən sonrakı mərhələdə yumruğunu düyünləyib sovet tanklarının üzərinə gedən İlin ən mübariz xalqının öz müqəddəratını təyinetməsində israrlı olmamışdılar.
Litvanın və digərlərinin SSRİ tərkibində olması faktını “tanımadıqlarını” iddia edən Qərb demokratları, liderləri Azərbaycan xalqının minlərlə qurban verməsinə elə təbii yanaşırdılar ki...
Ötən ilin payızında ABŞ Konqresinin 60 üzvü Azərbaycana qarşı sanksiyalar çağırışı ilə növbəti dəfə təşəbbüs göstərdi. Onların sələfləri 1992-ci ilin payızında cəmi bir illik müstəqillik tarixi olan Azərbaycan Respublikasına qarşı Azadlığa Dəstək Aktına “907-ci düzəliş” adlı sanksiya qətnaməsini qəbul etmişdilər. Üstündən 32 il keçəndən sonra ABŞ dövlət katibi Entoni Blinkenin kabinetində növbəti dəfə erməni havasına oynadılar. 1990-cı ilin yanvar hadisələri zamanı da ABŞ konqresmenləri SSRİ rəhbərliyinə müraciət edirdilər ki,
Amerikalı senator və konqresmenlərin 35 il əvvəl, 20 Yanvar qırğınında oynadıqları “rol”u da unutmadıq. O zaman, 18 yanvarda, sonradan ABŞ-ın dövlət katibi olmuş Con Kerri, həmçinin senatorlar Pit Uilson, Pols Seymak, Larri Breksler, Kleyborn Pell kimi ermənipərəstlər SSRİ-nin rəhbəri Mixail Qorbaçova ünvanladıqları müraciətdə erməniləri azərbaycanlardan “qorumaq” üçün tədbir görməyə çağırmışdılar. Təsəvvür edin, 300 min azərbaycanlı Ermənistan adlanan, əslində isə özlərinin dədə-baba yurdlarından vəhşicəsinə qovulmuşdu, ölənlər, xəsarət alanlar, əmlakı yağmalananlar qalmışdı bir tərəfdə, amerikanlar sovet imperiyasını erməniləri xilas üçün hərəkət etməyə çağırırdılar. Azərbaycan hətta Ermənistandakı zəlzələdən sonra yardım əlini uzatmışdı, amma təyyarəmizi qəzaya uğratmışdılar, içərisində də yüzə yaxın insan! Bütün bunları görməzdən gələnlər Qorbaçovu qana çağırırdılar. Yanvarın 19-da isə Moskvada ABŞ Senatının xarici işlər üzrə alt komissiyasının sədri, senator Kleyborn Pell SSRİ-nin xarici işlər naziri Eduard Şevardnadze ilə görüşündə demişdi ki, Sovet rəhbərliyi Azərbaycana “erməni Qarabağ”ı üzərində gələcək nəzarəti həyata keçirməyə imkan verməməlidir. Sitat: “Mən azərbaycanlıların qəddarlığından və SSRİ-də erməni talanlarından son dərəcə sarsılmışam. Sovet hökuməti erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görməlidir. Sovet hökuməti həmçinin Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxarmalıdır. Dağlıq Qarabağ üzərində gələcək nəzarəti Azərbaycanın əlində saxlamasına icazə vermək vəziyyəti daha da gərginləşdirmək deməkdir”. Həmin gün, 19 yanvar 1990-cı ildə, ABŞ diplomatının Moskvada ermənilərə yas qurduğu saatlarda Sədərk rayonunun Kərki kəndi Ermənistan tərəfindən işğal edildi! Beləliklə, torpaqlarımızın işğalı məhz o tarixdən başladı. Bu günə qədər Kərki işğal altındadır, amma indiyədək bir amerikan diplomat Azərbaycan kənd(lər)inin niyə Ermənistanın işğalı altında qalması barədə ermənilərə sual verməyib, cavab istəməyib.
Təkcə bu faktlar sübut edir ki, Azərbaycanda törədilən cinayətlərdə, tökülən qanlarda Qərb “demokratları”nın da əli var. Onların da əli qana batıb. Mixael Qorbaçovu, 150-yədək dinc, silahsız insanımızı qətlə yetirən yüzlərlə insanı şikəst edən, minlərlə şəxsə divan tutan imperiya başçısını Nobel Sülh Mükafatına layiq gördülər. Qorboçov eyni qərarları Ermənistanla bağlı versəydi, əmin olun, onunla bağlı Haaqa Tribunalı qurulardı. Azərbaycan ikili standartlardan təkcə müstəqilliyi dövründə əziyyətlər çəkmədi, həm də sovet imperiyasının cəlladları ilə mübarizə apardığı illərdə də Qərbdən sarsıdıcı zərbələr aldı. Azərbaycanın torpaqlarını ermənilərə hədiyyə etmək istəyənlər, bunun üçün erməni milyarderlərindən külli miqdarda vəsait alanlar – fərqi yoxdur, onlar Qorbaçov ailəsinin üzvləri idi, yoxsa amerikalı, avropalı siyasətçilər, diplomatlar – bu gün də qələbəmizi həzm edə bilmirlər. Dövlətimizsə bunu bacardı: 35 il əvvəl Qərb “demokratları” ilə sovet imperiyasının məhv etməyə çalışdığı məmləkət insanı Böyük Zəfəri şəhidlərimizin müqəddəs ruhuna ərməğan etdi, həm də Azərbaycanı əbədi məğlubiyyətə məhkum edənlərin arzularını gözlərində qoydu. “Dəmir Yumruq” bir çox “dəmir”ləri peşman elədi...
Dövlətimiz, Xalqımız, Bayrağımız var, şəhidlərimizin müqəddəs ruhu daim şad olsun”.
P.S. Üstündən 35 il keçəndən sonra həmin “demokratlar” və xələfləri Bakıda qurulan Ədalət Məhkəməsində, 21-ci əsrin “Nürnberq prosesi”ndə ittiham olunanların müdafiəsinə qalxıblar. Yəqin vaxt gələcək Blinken və digərlərinin öz xatirələrində Vardanyan, Arutyunyan və digərlərini nəyin qarşılığında Bakı həbsxanasından xilas etmək istədiyi barədə etiraflarını oxuyacağıq…Zaman dəyişir, Azərbaycana münasibət dəyişmir…
20 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ