Onlayn ictimai-siyasi qəzet
Milyarder, keçmiş texnologiya şirkətinin baş direktoru Brayan Conson çox yaşamaq üçün xüsusi rejim və pəhrizlə qidalanmaya ildə 2 milyon dollar xərcləyir.
Musavat.com Fortune-yə istinadən xəbər verir ki, hazırda dietik qidalar istehsal edən şirkətin sahibi olan Conson gündəlik qida qəbulunu 1950 kalori ilə məhdudlaşdırıb.
Bu pəhrizə əməl etmək üçün o, öz şirkətinin istehsal etdiyi qoz pudinqi (qoz, makadamiya, nar suyu, giləmeyvə və darçın qarışığı) ilə qidalanır.
Uzunömürlülük biznesinə artan qlobal maraq və sərmayə imkanlarını nəzərə alan iş adamı müxtəlif ölkələrə səfər edərək, öz pəhriz rejimi, uzun yaşamağın sirləri barədə çıxışlar edir. Conson bu həftə “Ölmə” kitabını tanıtmaq üçün Hindistana gedib. O, özü ilə gündəlik kalori tələbinə uyğun 6 günlük qidasını da aparıb. Conson bildirir ki, dünyada istehsal olunan ərzaqlar keyfiyyətsiz və zərərlidir.
Yeri gəlmişkən, Consona məxsus Blueprint şirkətinin istehsalı olan qoz pudinqi 94 dollara, "uzunömürlülük zülalı" 86 dollara, tərkibində bir sıra vitaminlər olan qidalardan ibarət tam “Blueprint paketi” 343 dollara satılır.
Conson 2021-ci ildə özünün 18 orqanının bioloji yaşını azaltmağı nəzərdə tutan Blueprint layihəsinə başlayıb. 2023-cü ildə - 45 yaşında Conson deyib ki, ürəyi 5 yaş cavandır, dərisi 28 yaşlınınkı, ağciyərləri isə 18 yaşlı gəncinki kimidir.
O səhər saat 5-də oyanaraq dəqiq vaxt rejimi ilə 20-dən çox BAD və vitaminlər qəbul edir. Bir ay əvvəl o, qanının plazmasını tamamən dəyişib.
Onun şirkəti məhsullarının "təmizlik" üçün ciddi sınaqdan keçirildiyini iddia etsə də, Milli Sağlamlıq İnstitutu (NIH) bütöv qidalardan istifadəni tövsiyə edərək istehlakçıları toz, əlavə və qarışıqlardan istifadə etməkdən çəkinməyə çağırır.
Musavat.com
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ