Onlayn ictimai-siyasi qəzet
Çində ötən ilin payızında 10 yaşlı yapon oğlanı bıçaqlayaraq öldürən ölkə vətəndaşı edam edilib. Hadisə Cənub-şərqi Çinin Şençjen şəhərində baş verib.
Musavat.com xəbər verir ki, bu barədə aprelin 22-də BBC Yaponiyanın Çindəki səfirliyinə istinadən məlumat yayıb.
"Yaponiya hökuməti tamamilə günahsız bir uşağın qətlini bağışlanmaz cinayət kimi qiymətləndirir və bu edamı böyük bir ciddiyyətlə qarşılayır. Bu hadisə fonunda Yaponiya hökuməti təhlükəsizlik tədbirlərini gücləndirməyə davam edəcək və Çin tərəfini ölkədə yaşayan yapon vətəndaşlarının təhlükəsizliyini təmin etməyə çağırır", - deyə Yaponiyanın diplomatik nümayəndəliyindən bildirilib.
Qeyd edək ki, yapon uşağın qətli 18 sentyabr tarixində, 1931-ci ildə Yaponiyanın Mançjuriyaya müdaxiləsinin ildönümündə baş verib. Məhz həmin tarix Yaponiya işğalçılığının başlanğıcı hesab olunur.
Kenofobiyaya əsaslanan bu qətl iki ölkə arasında münasibətləri gərginləşdirib və Çində fəaliyyət göstərən bir çox yapon şirkətini işçilərinin təhlükəsizliyini artırmağa vadar edib. Məsələn, "Panasonic" kimi şirkətlər bəzi əməkdaşlarına ölkəyə qayıtmaq üçün pulsuz uçuş biletləri təklif ediblər.
Cinayəti törədən Çjun Çançun bu ilin yanvar ayında ölüm cəzasına məhkum edilib.
Ötən həftə isə keçən ilin iyun ayında yapon qadın və onun uşağına bıçaqla hücum edən daha bir Çin vətəndaşının edam olunduğu barədə xəbər yayılıb. Həmin hücum zamanı qadını müdafiə edən çinli qadın qətlə yetirilib.
İqbal RZAYEV,
Musavat.com
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ