İnsanlara hürriyət, millətlərə istiqlal!

150 min Livan ermənisi müharibə qasırğasında: qaçıb, sığınmağa artıq "artsax"ları da yoxdur...

Musavat.com Azadlıq Radiosuna istinadən xəbər verir ki, İsrailin Livana qarşı genişmiqyaslı hava hücumları ölkədə yaşayan 150 minlik erməni icmasını çətin bir seçim qarşısında qoyub. Onlar ya evlərini tərk edib təhlükədən uzaqlaşmalı, ya da riskləri göz önünə alaraq vətən hesab etdikləri Livanda qalıb müharibənin fəsadlarını yaşamalıdırlar.

İsrailin hava zərbələri Livanın paytaxtı Beyrut və cənub bölgələrinə yönəldilib. Bu zərbələr birbaşa erməni icmasını hədəfə almasalar da, Livandakı ermənilər öz həyatlarını və ailələrini qorumaq üçün ciddi addımlar atmağa məcbur qalıblar. Livandakı ermənilər, xüsusən də Birinci Dünya Müharibəsi zamanı "Osmanlı İmperiyasına xəyanət edənlərin soyundan gələnlər", ölkədə möhkəm köklərə sahibdirlər və evlərini tərk etmək onlar üçün çox ağır bir qərardır.

Beyrutun erməni icmasının tanınmış üzvü Zakar Keşişyan Azadlıq Radiosuna deyib ki, indiyə qədər belə dağıntılar görməyib: “Mən heç vaxt bu qədər böyük dağıntılara və mülki əhaliyə qarşı genişmiqyaslı hücumlara şahid olmamışam.” Keşişyanın yaşadığı Beyrutun Məzhər qəsəbəsi İsrailin hücumlarından tam olaraq təsirlənməyib, lakin hər gün artan gərginlik burada yaşayanların da psixoloji vəziyyətinə ciddi təsir göstərir. Keşişyan qeyd edir ki, hər gün dualarla yaşayırlar: “Hər an bombalar bizim yanımızda partlaya bilər. Dua edirik ki, sağ qalaq.”  

Screenshot_3.png (581 KB)

İsrailin zərbəsindən sonra "əl-Masna" sərhəd keçidində insanlar dağıntıların yanından geçərək  əşyalarını daşıyırlar

İsrailin Livan cənubuna müdaxiləsi və paytaxt Beyrut da daxil olmaqla ölkənin əsas şəhərlərinə endirilən hava zərbələri nəticəsində minlərlə insan həyatını itirib və yüz minlərlə insan məcburi şəkildə öz evlərini tərk edib. Livanlı rəsmilər sentyabrın 23-dən etibarən baş verən hava hücumları nəticəsində 2300-dən çox insanın, əsasən mülki şəxslərin öldüyünü, 1,2 milyondan çox insanın isə qaçqın vəziyyətinə düşdüyünü bildirib. 5.5 milyon əhalisi olan Livanda əhalinin beşdə birindən çoxu öz evlərini tərk etmək məcburiyyətində qalıb. Bu, Livan tarixində ən böyük məcburi köçdürmə əməliyyatı kimi yadda qalacaq.

İsrailin müharibəsi təkcə “Hizbullah”ı hədəf almır, sadə insanlar da bu münaqişədən ciddi şəkildə əziyyət çəkirlər. Hətta müharibənin ilk günlərindən qaçaraq Ancar şəhərinə sığınan erməni icmasının üzvləri belə, təhlükəsizliklərini tam təmin edə bilməyiblər. 1975-1990-cı illərdə Livanın vətəndaş müharibəsindən və 2006-cı ildə İsrail-Hizbullah müharibəsindən sağ çıxmış 64 yaşlı Yessayi Havatyan bildirir ki, müharibə Ancar şəhərinin astanasınadək gəlib çatıb: “Mən müharibənin səsini evimizin içində eşidirəm. Partlayışlar gözlədiyimizdən daha yaxın məsafədə baş verir.” 

Screenshot_2.png (623 KB)

Beyrutun şərqində, əsasən, ermənilərin yaşadığı Burc Hammudda qaçqın düşərgəsi

Livan-Suriya sərhədində yerləşən Ancar şəhəri müharibədən qaçanların son sığınacağı olub. Lakin müharibənin sərhədləri belə keçməsi, bu bölgədə yaşayan erməniləri də qorxudur. İsrailin “əl-Masna” sərhəd keçid məntəqəsinə endirdiyi hava zərbələri nəticəsində əraziyə yaxın yerlərdə nəqliyyatın hərəkəti dayanıb. Üstəlik, İsrail bu keçidin “Hizbullah” tərəfindən silah daşımaq üçün istifadə edildiyini iddia edib. Beyrutdan qaçan on minlərlə insan buradan piyada keçərək müharibədən xilas olmağa çalışır.

Livanlı ermənilərin çıxış yolu: Qalmaq, yoxsa getmək?

Livanlı ermənilər üçün bu müharibə, yalnız fiziki yox, eyni zamanda mənəvi bir sınaqdır. Keşişyan və digər icma üzvləri, Livanı tərk edib getməyin onlar üçün çox çətin olduğunu vurğulayırlar. Onlar üçün Livan yalnız bir ölkə deyil, eyni zamanda illərlə qazandıqları mədəniyyət, tarixi və icma irsi ilə dolu bir məkandır.

Beyrutda yerləşən “Cinişyan” Memorial Proqramının koordinatoru Kristin Tanielyan-Sarksyan erməni ailələrinə dəstək olmaq üçün çalışır. O deyir ki, son həftələrdə çox ağır hekayələr eşidib: “Bir neçə ana bizə bildirdi ki, onların uşaqları stress və qorxu səbəbindən yuxusuzluq və qusmalardan əziyyət çəkir. Bu, sadə bir döyüş deyil. Biz hər gün ölümlə üz-üzəyik.”

Tanielyan-Sarksyan əlavə edir ki, əgər ailəsi məcburi təxliyə olunarsa, gedəcəkləri ilk yer Ermənistan olacaq. “Livan bizim ölkəmizdir. Erməni icması burada yaşamaq və öz həyatını qurmaq üçün çox böyük sınaqlardan keçib. Biz buranı tərk etmək istəmirik, amma başımıza nə gələcəyini bilmirik”, - o deyir.

İsrailin Livanda apardığı müharibə təkcə fiziki zərbələr deyil, həm də icmanın gələcəyi üçün ciddi təhlükələr yaradır. Erməni icması 100 illik tarixini, mədəniyyətini və mirasını qorumağa çalışsa da, müharibənin dəhşətləri onları çətin seçim qarşısında qoyub: Qalmaq, yoxsa gedib gələcəklərini başqa bir ölkədə qurmaq?

Livan ermənilərinin terrorçuluq tarixi və Qarabağ münaqişəsindəki rolu

Musavat.com bu mövzuya şərh olaraq qeyd edir ki, Livanda yaşayan ermənilər tarixi olaraq erməni icmaları arasında ən radikal və terrorçuluğa meyilli qruplardan biri kimi tanınırlar. Əslində, bir çox erməni terror təşkilatları məhz Beyrutda yaradılıb və 20-ci əsrin ikinci yarısından etibarən müxtəlif terror aktlarında iştirak ediblər. Məsələn, "ASALA" erməni terror təşkilatı 1975-ci ildə Fələstin Azadlıq Təşkilatının yaxından dəstəyi ilə Beyrutda yaradıllb. Onun qurucu lideri Akop Akopyan ilk andan etibarən Türkiyəni və Türk diplomatlarını hədəfə almışdı. Beyrut mərkəzli ASALA-nın (Erməni Gizli Ordusu) terror aktlarında artım 1979-cu ildən etibarən müşahidə olunmağa başlandı. Bu dövrdən etibarən ASALA üzvləri dünyanın 21 ölkəsində, 38 şəhərdə 110 silahlı hücum həyata keçirdi. Bu hücumlar 39 silahlı, 70 bombalı və bir girov götürmə şəklində həyata keçirildi. Bu hücumlar nəticəsində Türkiyənin 42 diplomatı və 4 xarici vətəndaş həyatını itirdi, 15 türk və 66 xarici vətəndaş isə yaralandı.

ASALA-nın Türkiyə daxilindəki ilk böyük hücumu 1982-ci ilin 7 avqustunda Ankaradakı Esenboğa Hava Limanında baş vermiş bombalı hücum oldu. Bu terror aktı nəticəsində 9 nəfər həlak oldu, 72 nəfər isə yaralandı.

Azərbaycan torpaqlarının işğalı zamanı Livan erməni icmasının qəddar və dağıdıcı rolu danılmazdır.

Birinci və İkinci Qarabağ müharibələrində Livandan gələn erməni döyüşçülər Azərbaycan torpaqlarının işğalında yaxından iştirak etmişlər. 2-ci Qarabağ müharibəsi zamanı da Livandan çox sayda erməni döyüşçü işğal olunmuş torpaqlarımızda, xüsusən Şuşa və Hadrut ətrafında döyüşlərə qatılmışdır. Livan erməniləri həmçinin işğal dövründə Şuşa, Xocalı və digər ərazilərdə məskunlaşdırılmış və bu ərazilərin demoqrafik quruluşunu dəyişdirmək cəhdlərində iştirak etmişlər.

İndi isə Livan erməniləri təkcə Azərbaycanın işğaldan azad edilmiş torpaqlarından deyil, həm də Livanın Beyrut mərkəzli ərazilərindən çıxmaq məcburiyyətində qalıblar. Bu, bir çox erməni ailəsini çətin seçim qarşısında qoyur: qalıb risk etmək, yoxsa uzun illər boyunca qurduqları icmanı və evlərini tərk etmək.

200 ilə yaxındır Azərbaycan türklərinə etdikləri zülm, xəyanət və nankorluq indi qara kabusa dönərək, qarşılarına çıxır. Azərbaycanlıları qətl edən, yurdundan - yuvasından qovan bir qövm artıq dünyanın heç bir yerində rahat yaşaya bilmir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Oktyabr 2024

16 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR