İnsanlara hürriyət, millətlərə istiqlal!

11-cilər və valideynlər üçün gərgin dövr - psixoloq məsləhəti

Martın 3 və 10-da 11-ci siniflər buraxılış imtahanı verəcək. Bu o deməkdir ki, 11-cilərin və xüsusilə ali məktəbə daxil olmaq istəyən abituriyentlərin, onların valideynlərinin gərgin, məsuliyyətli dövrüdür.

Buraxılış imtahanları həm də ali məktəbə qəbul üçün fənn imtahanı kimi qəbul edilir. Bu qayda artıq 3 ildir ki, tətbiq olunur. Abituriyentlərin öncə 3, daha sonra 3 ixtisas fəndindən imtahan verməsi daha asan prosedur olsa da, buraxılış imtahanının yalnız 1 dəfə keçirilməsi şagirdlərin ürəyincə deyil. Belə ki, qəbul imtahanlarında 2-ci şans da var. Buraxılış imtahanları tədris ilinin başa çatmasına 3 ay qalmış keçirilir və bir çox şagirdlər bu üç aya mənimsəməli olduqları fənlərdən imtahan verməklə, ikiqat ağırlığa düşürlər. Düzdür, DİM deyir ki, buraxılış imtahanına qarşıdakı 3 ayda keçiriləcək materiallardan sual salınmır. Ancaq ötən illərdə keçilməmiş mövzulardan suallar salınması faktları olub. 

Bəs abituriyentlərin gərginliyinin azalması, imtahanda uğur əldə etməsi üçün ekspertlər nə tövsiyə edir?

AbzasMedia - Azad İsazadə: 'Ordunun qələbəsi cəmiyyətdə müsbət emosiya  yaradır'

Azad İsazadə: “Yaz aylarında psixoloqlara müraciət edən abituriyentlərin sayı artır”

Psixoloq Azad İsazadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, təkcə abituriyentlər üçün deyil, hər kəs üçün hər imtahan sınaqdır: “İmtahana kim getsə, gərginlik yaşayar. Ali məktəbə qəbul imtahanı yeniyetmə yaşlarında ilk böyük problemdir. Həmin dövrə qədər demək olar ki, bütün problemləri valideynlər, böyüklər həll ediblər. Əgər məktəb illərində qiymətlə bağlı hər hansı problem yaranırdısa, xahiş edərək həll olunurdu. Ali məktəbə qəbul imtahanı isə yeniyetmələrin böyük problemlə ilk qarşılaşmasıdır. Hər şey yalnız özündən asılıdır. Bu, ilk həyat imtahanı hesab oluna bilər. Sözsüz ki, bu da gərginliyi artırır. Təəccüblü deyil ki, yaz aylarında psixoloqlara müraciət edən abiturientlərin sayı artır. Bir neçə il repetitor yanına getdikdən sonra marafonun sonunda uşaqlar yorulur, beyini yüklənir. Məktəbdə təhsil, üstəgəl, hazırlıqlarla əlaqədar sinir sistemi o qədər yüklənir ki, sona yaxın beyin dözmür. İlk növbədə valideynlərin köməyi lazımdır. Ümumiyyətlə, Azərbaycan cəmiyyətində ali təhsil müəssisəsinə qəbul həddən artıq önəmli məsələdir. Valideynlər övladlarının ali təhsil alması ilə fəxr edirlər. Halbuki bu o qədər də önəmli deyil. Universitetə iki ildən sonra da qəbul olmaq olar. İnsan özü qərar verə bilər, oxusun ya oxumasın... Bizim cəmiyyət daha çox ali məktəbə mütləq qəbul olunmağa fokuslanıb. Hara qəbul olunur-olunsun, təki diplom olsun. Uşaqları hazırlamaq lazımdır ki, hər çalışma uğurla bitməyə bilər. Ali məktəbə qəbula hazırlıq adi prosesdir. Bunu həddən artıq şişirtmək lazım deyil”. 

Kamran Əsədov diplomu tanınmayan məzunlardan danışdı - Günah kimdədir?

Kamran Əsədov: “Psixoloji təzyiq daha pis nəticəyə səbəb ola bilər”

Təhsil ekspert Kamran Əsədov isə builki qəbul prosesində tətbiq ediləcək yeniliklərin abituriyentlər üçün yaradacağı imkanlardan danışıb: “Hazırda 4432 orta ümumtəhsil məktəbində 1,6 miyon şagird təhsil alır. Əvvəlki illərdən fərqli olaraq iştirakçılara imtahandan sonra sual kitabçalarını özləri ilə aparmağa icazə verəcəklər. Bu isə təqdirəlayiqdir. Kitabçaların verilməməsi, bir ay ərzində nəticəni gözləmək kifayət qədər stress yaradırdı. Bu il isə abituriyentlər sualları müəllimləri ilə müzakirə edə biləcəklər, əgər ehtiyac olsa, apellyasiya şikayəti vermək imkanı olacaq. Yeni qaydalara əsasən, maksimum bal 300-dür. Bu isə qəbul imtahanının birinci mərhələsi hesab olunur. Birinci mərhələ həm də buraxılış imtahanıdır - 3 fəndən 85 test tapşırığına cavab verilir. Hər fəndən maksimum 100 bal toplamaq olar. Burada fənlər üzrə nisbi bal məhdudiyyəti yoxdur. Hətta 0 bal toplayanlar da qəbul imtahanına buraxılacaqlar. 250-300 balı keçsələr, ixtisas seçimi edə biləcklər. Bu imtahanın əhəmiyyəti odur ki, toplanan bal may və iyul ayında keçiriləcək imtahanda toplanan balların üzərinə gələcək. O cümlədən buraxılış imtahanında toplanan bal növbəti imtahanlara hazırlıq üçün motivasiyadır. Bəzən ilk imtahanda zəif nəticə əldə edən abiturientlər növbəti imtahana o qədər motivasiyalı hazırlaşa bilmirlər. Təəssüf ki, bəzi valideynlər övladlarına ciddi təzyiq göstərirlər. Xüsusilə hazırlıqlara pul xərcləyənlər bunu əsas gətirərək övladlarını psixoloji sarsıntıya məruz qoyurlar. Bu isə yolverilməzdir. İmtahan həyatın sonu deyil”.

Ekspert qeyd edib ki, bu il plan yerlərinə qəbul artıb, yeni ali təhsil müəssisələri yaradılıb, bu da qəbul şansını artırır: “Bu il Qarabağ Universiteti, Türkiyə-Azərbaycan Universiteti açılacaq. Qəbul planında yerlər 60 minə çatacaq. Bu kifayət qədər artım deməkdir. Yəni ali məktəbə qəbul olunmaq o qədər də çətin deyil. Buna görə də valideynlər övladlarına təzyiq göstərməsinlər. Bu günə qədər necə hazırlaşıblarsa, nəticə də ondan asılı olacaq. Psixoloji təzyiq daha pis nəticəyə səbəb olar bilər. Ali məktəbə qəbul strateji məsələ deyil. İmtahana bir neçə gün qalıb. Təklif edirəm ki, valideynlər övladları ilə daha xoş davransınlar. Açıq havada gəzməyi, yaxşı qidalanmağı, bədbin xəbərlərdən kənarlaşmağı, evdə əhval-ruhiyyəni yüksək tutmağı tövsiyə edirəm. Bu gün ali məktəbə qəbul olunmaq kifayət qədər əlçatandır. Valideynlər imtahana gedən övladların geyiminə diqqət etsinlər-narahat, parlaq geyimlər olmasın. İmtahana buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsini götürsünlər. Bundan savayı, valideynlər övladlarına psixoloji dəstək də göstərsinlər. Övladlar ən dəyərli varlıqlarımızdır. Ən əsası onların sağlamlığı və təhlükəsiz yaşamasıdır”. 

 Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR