İnsanlara hürriyət, millətlərə istiqlal!

100 il sonra xəritələr yenidən cızılır – “Sykes-Picot” ssenarisi - Xalqlar yenə kağız üzərində bölünür

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının bu gün İstanbulda keçirilən iclasında çıxışı zamanı İsrailin İrana hücumunu sərt şəkildə tənqid edərək bunu “dövlət terroru” və “quldurluq” adlandırıb. Ərdoğan bildirib ki, Türkiyə olaraq bölgədə “yeni bir Sykes-Picot” baş verməsinə razı olmayacaqlar. O, həmçinin İranın İsrailə cavab zərbələrinin “legitim” olduğunu qeyd edib.

ERDO SON.jpeg (246 KB)

Xatırladaq ki, ingilis diplomat Sayks və fransız diplomat Pikot arasında 1916-cı ildə, Birinci Dünya müharibəsinin gedişində Yaxın Şərqdə Osmanlı İmperiyasının əraziləri – o cümlədən indiki Türkiyə Cümhuriyyətinin bir hissəsi – Böyük Britaniya, Fransa və qismən Rusiya imperiyası arasında kağız üzərində bölüşdürülmüşdü. Daha sonra müharibədə Osmanlı İmperiyasının məğlub olması ilə Yaxın Şərqin əhəmiyyətli hissəsi Britaniya və Fransa arasında faktiki olaraq bölüşdürüldü. Gizli sənəd olan “Sykes-Picot” razılaşması 1917-ci ildə Rusiyada baş vermiş oktyabr inqilabından sonra bolşeviklər tərəfindən açıqlanıb və sonrakı tarixdə imperializmin xalqların taleyini kağız üzərində müəyyən edən müstəmləkəçilik simvoluna çevrilib.

Ərdoğanın “Sykes-Picot” xatırlatması, İsrailin İrana hücumunun əsas hədəfinin regionda xəritələrin yenidən çəkilməsinə yönəldiyinə dair açıq bir işarə idi.

PİCOT.jpg (282 KB)

Artıq təkcə Türkiyə prezidenti deyil, əksəriyyət anlayır ki, İsrailin İrana hücumu yalnız nüvə məsələsindəki anlaşmazlıqla – yəni Tehranın nüvə silahı əldə etməsi ilə – bağlı deyil. Daha böyük mənada bu, İranda rejim dəyişikliyi və ya başqa sözlə, İranın zəiflədilərək İraq və Suriya kimi ölkələrin taleyini yaşaması ssenarisidir. İsrail üçün bu, regionda onu təhdid edən daha bir güclü ölkənin sıradan çıxarılması anlamına gəlirsə, Yaxın Şərqin digər ölkələri üçün bu, növbəti fəlakət ssenarisi deməkdir. Çünki bir zamanlar İsraili təhdid edən İraq və Suriya kimi ölkələrin düşdüyü fəlakətli vəziyyət hələ də yaddaşlardadır. Üstəlik, bu fəlakətlər bütövlükdə region üçün də acı nəticələr doğurub.

Xüsusilə də Türkiyə üçün İran ətrafındakı vəziyyət ciddi narahatlıq mənbəyidir.

İRAN EN SON.jpg (133 KB)

Əlbəttə, bu, təkcə ona görə deyil ki, İsrailin ardınca ABŞ-ın İranı bombalaması qonşu ölkə olaraq Türkiyə üçün nüvə radiasiyası, çoxsaylı qaçqın axını və müharibənin digər fəlakətli nəticələrini doğura bilər. Həm də ona görə ki, İranı hədəf alan böyük müharibə və bu müharibə nəticəsində baş verə biləcək rejim dəyişikliyi növbəti hədəfin Türkiyə və onun hakimiyyəti olacağı ehtimalını artırır.

Son aylarda Suriya və Livanda, eləcə də Fələstində baş verənlər göstərdi ki, regiondakı ərəb ölkələri İsrailə qarşı çıxmayacaq. İsrail faktiki olaraq Suriya ərazilərini ələ keçirib, Livanda isə bəzi torpaqlara nəzarət edir. Bu qarşısında, hələlik, ciddi reaksiya verən ərəb dövləti yoxdur.

İkinci mühüm məsələ isə kürd mövzusudur. Bu günə qədər İraq və Suriyadakı kürd separatizminin təsiri ilə çətinliklə mübarizə aparan Türkiyə indi həm də İranda baş qaldıracaq kürd separatizmi təhlükəsi ilə faktiki olaraq mühasirəyə alınmış vəziyyətdə qalacaq. Yaxın Şərqin kürd əhalisinə malik olan dörd ölkəsindən yalnız Türkiyə sabit qalacaq.

Yəni İranın ikinci İraqa çevrilməsi Türkiyə üçün İraqdakından daha böyük və daha ağır fəlakət vəd edir. Bu səbəbdən də hər nə qədər regional siyasətdə tarixən rəqib olsalar da, İranın İsrail və ABŞ tərəfindən işğala məruz qalması Türkiyə üçün ciddi təhlükə yaradır.

Yeri gəlmişkən, İranda gözlənilən kürd ayaqlanması ehtimalı özünü doğrultmayıb. 

Belə ki, İranda fəaliyyət göstərən Kürdüstan Azad Həyat Partiyasının (PJAK) həmsədri Əmir Kərimi BBC-yə verdiyi son müsahibədə bildirib ki, İran-İsrail müharibəsində onlar tərəf deyillər: “Bu, bizim və xalqımızın müharibəsi deyil. Biz tərəf deyilik”.

Halbuki iyunun 14-də – yəni İsrailin İrana hücumundan bir gün sonra – bəyanat verən İran kürd separatçı təşkilatları “özünüidarə edən demokratik bir cəmiyyətin inşası üçün bütün xalqları səfərbər olmağa” çağırmışdılar.

Belə görünür ki, situasiya dəyişib və kürd partiyaları bir həftə əvvəl verdikləri bəyanatı dəyişməyə məcbur qalıblar. Ehtimal olunur ki, İranda hakimiyyətin sarsılmaması və hərbi gücünün qorunması kürd qruplarını çəkindirib. Təbii ki, burada digər xarici amillərin də rolu ola bilər. Lakin istənilən halda, İranı daxildən zəiflətmək üçün separatçı silahlı qrupların mərkəzi hakimiyyətə qarşı üsyanı İsrailin planlarının tərkib hissəsi kimi görünürdü. Hələlik bəluc və ərəb separatçılarından da hərəkətlilik müşahidə olunmur.

Mümkündür ki, ABŞ-ın müharibəyə qoşulmaması, Türkiyə, Pakistan və digər müsəlman ölkələrinin İsrail əleyhinə sərt mövqe tutması da separatçı qrupları geri çəkilməyə vadar edən amillərdəndir.

TRAMPO.jpeg (65 KB)

Lakin istənilən halda separatçı ayaqlanmalar Tehran üzərində ciddi təzyiq vasitələrindən biri olaraq qalır. Güman ki, kürdlər keçən əsrdə bir neçə dəfə xarici dövlətlərin təsiri ilə mərkəzi hakimiyyətə qarşı üsyan etməyin doğurduğu acı nəticələrdən dərs çıxararaq bu dəfə daha ehtiyatlı davranmağa qərar veriblər.

ABŞ prezidentinin İrana qarşı əməliyyata qoşulmaması İsrail üçün yalnız hərbi-texniki deyil, həm də psixoloji baxımdan təcrid vəziyyəti yaradır. Artıq 9 gündür davam edən bombardmanlar göstərdi ki, İsrailin hava zərbələri İrana ciddi təsir etmir. Vaşinqtonun müharibəyə qoşulması isə regional fəlakət riski yaradır. İsraildən fərqli olaraq ABŞ rəhbərliyi hadisələrə yalnız “xəritənin bir küncündən” deyil, bütünlüklə baxır. Dolayısı ilə Tramp və komandası İsrailin və ABŞ-ın maraqları arasında seçim qarşısında qalır. Amerika, 100 il əvvəl olduğu kimi, “Sykes-Picot” prosesində iştirak etmək istəmir.

Qeyd olunur ki, 1916-cı ildə “Sykes-Picot” bölüşdürülməsindən sonra bu sənəd barədə Böyük Britaniyanın xarici işlər naziri Artur Balfur ABŞ prezidentinin o dövrdəki xarici siyasət müşaviri Eduard Hausa məlumat verib.

ARTUR.jpg (33 KB)

Haus “Sykes-Picot” barədə məlumat aldıqdan sonra gündəliyinə belə bir qeyd yazıb: “Bu, çox pis bir müqavilədir. Balfura da dedim, gələcəkdə müharibələrin baş verəcəyi bir region yaradırlar”.

Amerika ağlı 100 il əvvəl Yaxın Şərqin süni bölgüsünə qarşı idi, bəs bu dəfə necə olacaq?

Kənan Rövşənoğlu
Xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR