Onlayn ictimai-siyasi qəzet
Sabiq nazirlə keçmiş partiya sədri də marafona qoşuldular; AYB və diaspor təşkilatları İlham Əliyevə dəstək bəyanatı yaydılar
Azərbaycanın sabiq maliyyə naziri Fikrət Yusifov növbədənkənar Prezident seçkisində namizəd olacağını açıqlayıb. O bu barədə açıqlamasında məlumat verib.
F.Yusifov öz təşəbbüsü ilə Prezidentliyə namizədliyini irəli sürəcəyini bildirib: “Qoy bu seçkini boykot edənlər, onda iştirakdan imtina edənlər bilsinlər ki, biz bu cəmiyyətdə qarşıdurma deyil, vətəndaş həmrəyliyi yaratmaq üçün varıq. Seçkini boykot etməyə cəhd göstərənlər və onda iştirakdan imtina edənlər unutmasınlar ki, onlar bu addımları ilə Qarabağ Zəfəri əldə etmiş bir xalqın sevgisini deyil, nifrətini qazana bilər.
Fikrət Yusifov
Biz bu seçkiyə vətən sevgimizi reallaşdırmaq üçün gedirik. Biz bu seçkiyə daha güclü Azərbaycanın yaradılmasına töhfə verə bilmək üçün gedirik. Biz bu seçkiyə yüksək vətəndaş həmrəyliyi yaratmaq üçün gedirik. İnanıram ki, xalqımız kirli, məkrli ”siyasilərin" Prezident seçkisinə qara yaxmaq istəyənə fevralın 7-də keçiriləcək Zəfər seçkisinə bir nəfər kimi qatılmaqla cavab verəcək". Keçmiş nazir namizədliyinin irəli sürülməsi ilə bağlı sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcəyini də bildirib.
Yusif Bağırzadə
Politoloq Yusif Bağırzadə də 7 fevral Prezident seçkisində iştirak etmək üçün namizədliyini irəli sürdüyünü açıqlayıb. Bu barədə Yusif Bağırzadənin Musavat.com-a verdiyi açıqlamada deyilir: “7 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar prezident seçkisinin ilk dəfə olaraq Respublikamızın bütün ərazisində keçiriləcəyini və bu seçkinin ölkəmiz və regionumuz üçün olduqca əhəmiyyətli dövrə təsadüf etdiyini nəzərə alaraq Prezident seçkisində iştirak haqqında qərar qəbul etmişəm.
44 günlük Vətən savaşı və suverenliyimizin bərpasından sonra yaranmış yeni reallıqlar hər kəsdən bu seçkidə fəal olmağı tələb edir. Əminəm ki, 7 fevral seçkiləri mühüm siyasi hadisə olmaqla yanaşı həm də Azərbaycan tarixində yeni bir səhifənin başlanğıcı olacaq.
Namizədliyimi öz təşəbüsümlə irəli sürürəm və hər kəsi bu seçkidə fəal iştiraka çağırıram".
Qeyd edək ki, Yusif Bağırzadə AMİP-in sədri olub. Həmçinin MSK üzvü olub.
Arzuman Abdulkərimov
Prezidentliyə namizədliyini irəli sürənlərdən biri də Arzuman Abdulkərimovdur. Musavat.com-a açıqlamasında o bildirib: “2020-ci il Vətən müharibəsində və 2023-cü ildəki antiterror tədbirlərində Azərbaycan xalqı möhtəşəm zəfərlərə imza atdı. Yeni tariximizin ağrılı mövzusu olan Qarabağ məsələsini və 100 illik Xankəndi problemini həll etmiş Azərbaycan dövlətinin qarşısında yeni üfüqlər açılmış oldu. Bu da öz növbəsində ölkəmizdə yeni dönəmin başlaması demək oldu”.
Açıqlamada daha sonra bunlar qeyd olunub:
“Yeni dönəmə uyğun çağırışlar ortaya çıxıb. Bu çağırışlar da özü ilə yeni siyasi-ictimai konfiqurasiyalara, çalışmalara ehtiyac yaratmışdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 7 fevral 2024-cü il tarixə elan edilmiş növbədənkənar seçkilər ölkəmizin qarşısında yaranmış yeni çağırışlara cavab idi.
Azərbaycan Respublikasında aparılan islahatlar, ictimai-siyasi proseslərin gedişatı, demokratik ab-havanın mövcudluğu, seçkiöncəsi əlverişli mühitin olmasını nəzərə alıb, öz təşəbbüsümlə prezidentliyə namizədliyimi irəli sürməyə, bu seçkilərdə iştiraka qərar verdim. Artıq sənədlərimi MSK-ya təqdim etdim. MSK-da səlahiyyətli nümayəndəm kimi İlqar İlkini (Bayraməliyev), maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəm kimi isə Elnur Məmmədlini təyin etdim.
Seçkilərin xalqımızın həyatında, ölkəmizin gələcək inkişafında mühüm rol oynayacağına inanıram və bu ümumxalq tədbirinin ölkəmiz üçün xeyirli olmasını arzulayıram".
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) fəxri lideri, 1998 və 2003-cü ildə keçirilmiş prezident seçkisində namizəd kimi iştirak edən Etibar Məmmədov da bununla bağlı Modern.az-a açıqlama verib. Etibar Məmmədov seçkinin niyə önə çəkildiyini bilmədiyini deyib. “Niyə növbədənkənar seçkilərin təyin olduğunu deyə bilmərəm. Seçkiləri təyin edənlər bunun səbəbi ilə bağlı izahat verməyib”, - o bildirib. Siyasətçi növbədənkənar seçkidə Prezident İlham Əliyevin alternativinin, rəqibinin görünmədiyini vurğulayıb: “Hazırkı prezidentin indiki vaxtda alternativi, rəqibi görünmür”.
Müxbirimizin “bəs siz kimə səs verəcəksiniz?” sualına Etibar Məmmədov belə cavab verib: “Dedim axı, hazırkı prezidentin alternativi yoxdur”.
Qeyd edək ki, AMİP seçkidə öz namizədi ilə iştirak etməmək barədə qərar qəbul edib. Partiyanın Siyasi Şurası növbəti ildə parlament və bələdiyyə seçkilərinin reallaşacağı, eləcə də referendum keçiriləcəyi ehtimalını nəzərə alaraq, partiya resurslarının növbəti ildə məhz bu istiqamətlərə istifadə edilməsini məqsədəuyğun hesab edib. AMİP üzvlərinin bəziləri seçkidə müşahidəçi kimi iştirak edəcək.
Azərbaycanın xarici ölkələrdəki səfirlikləri Prezident seçkisi ilə əlaqədar Azərbaycanlı vətəndaşlarına müraciət ünvanlayıblar. Müraciətdə aktiv seçki hüququna malik Azərbaycan vətəndaşlarının səsvermə hüququndan istifadə üçün lazımi məlumatları səfirliyə təqdim etmələri bildirilir. Azərbaycanın Meksikadakı səfirliyi Meksika, Kolumbiya, Peru, Qvatemala, Kosta Rika, Panama və Hondurasda yaşayan vətəndaşlara dekabrın 29-dək Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyinə müraciət etmələri barədə müraciət edib. Azərbaycanın Polşadakı səfirliyi lazımi məlumatları göndərmək üçün dekabrın 26-dək vaxt qoyub. Azərbaycanın Fransadakı səfirliyi də Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahısına əlavə olunması məqsədilə 29 dekabr 2023-cü il tarixinədək səfirliyinə müraciət etmələrini xahiş edib.
Azərbaycan Yazıçılar Birliyi (AYB) İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyir.
“Report” xəbər verir ki, bu barədə qurumun sədri, Xalq yazıçısı Anar Rzayev Yaradıcı ittifaqların və mədəniyyət xadimlərinin l qurultayında bildirib.
Onun sözlərinə görə, yeni il Azərbaycanın mədəniyyət sahəsində mühüm hadisələrlə yadda qalacaq: “Gələn il AYB-nin 90 illiyi qeyd olunacaq. Yazıçılar Birliyinin tarixində qara səhifələr, ağır günlər də olub. Amma bununla bərabər sovet dövründə Azərbaycan ədəbiyyatını yaşadan AYB olub. 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanmışıq. Bu qələbədə başda Ali Baş Komandan İlham Əliyev olmaqla həm də ədəbiyyatın, incəsənətin də rolu var. Gələn il fevralın 7-də növbədənkənar Prezident seçkisi keçiriləcək. Biz hər zaman olduğu kimi Ali Baş Komandan İlham Əliyevi dəstəkləyir və onun yanında olduğumuzu bildiririk”.
Mədəniyyət xadimləri də İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyirlər. Bu barədə bu gün Yaradıcı İttifaqların və Mədəniyyət Xadimlərinin I Qurultayı zamanı məlumat verilib.
Memarlar İttifaqının sədri Elbay Qasımzadə Azərbaycanı sevib-sevməmələrindən asılı olmayaraq, hər bir dövlətin, xalqın Azərbaycana hörmət etdiyini deyib: “Prezident İlham Əliyev Azərbaycanı ölkədən dövlətə çevirib. Bu mənada bizim, biz mədəni ziyalıların seçimi məlumdur. Bizim seçimimiz Prezident İlham Əliyevdir”.
Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qurucu dövlət olmasına diqqət çəkib: “Biz bunu bütün dünyaya göstəririk. Göstəririk ki, biz qurucu xalqıq, qurucu dövlətik”.
Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli Prezident İlham Əliyevin liderlik xüsusiyyətlərindən bəhs edib: “Belə prezident dünyada yoxdur. Prezidentimiz əsl kişidir. Əsl liderdir. Seçki bunun üçün lazımdır ki, hamı bizə dost deyil. Seçki onların görməsi üçün lazımdır. Bizim seçimimiz məlumdur. Bu namizədə səs vermək üçün hamını seçkilərdə fəal olmağa çağırıram”.
Daha sonra Xalq rəssamı Fərhad Xəlilov, Xalq artisti Həmidə Ömərova, Xalq artisti Hacı İsmayılov, Xalq artisti Şəfiqə Məmmədova və digər mədəni-yaradıcı xadimlər Prezident İlham Əliyevin namizədliyini dəstəklədiklərini ifadə ediblər. Çıxışlardan sonra qurultay bəyanat qəbul edib.
Bundan başqa, 20 diaspor təşkilatı da Prezident İlham Əliyevi dəstəkləyəcək. Bu haqda 20 diaspor təşkilatının Prezidentə müraciətində deyilir. Müraciətdə bildirilir ki, məhz İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün seçki müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan Respublikasında keçiriləcək. Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib ki, gələn həftədən etibarən İctimai Televiziyanın efirində növbədənkənar prezident seçkisi ilə əlaqədar maarifləndirmə xarakterli efir vaxtına start veriləcək. O, həmçinin əlavə edib ki, MSK nümayəndələri regionlarda dairə seçki komissiyalarının üzvlərini təlimlərə cəlb edəcəklər.
Xalq artisti Flora Kərimova 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkisində İlham Əliyevə səs verəcəyini söyləyib.
Xalq artisti Modern.az saytına açıqlamasında bunları deyib: “Mən o adamı seçirəm ki, vətənimi azad edib, millətimə hörmət edir. Mən o adama səs verirəm ki, ürəyi Azərbaycanla döyünür. İlham Əliyev məhz belə bir adamdır. Ona alternativ yoxdur. Min şükür Allaha ki, yüz illərlə əziyyət çəkən millətimə qələbə nəsib etdi. Seçkidə mən İlham Əliyevə səs verəcəm. Axı, onun alternativi yoxdur. O, el oğludur, millət oğludur. Müxalifət özünü öldürməsin, özünə əziyyət verməsin. İlham Əliyevin yanında dura biləcək alternativ yoxdur. ”Kimə səs verəcəksiniz" sualına təmiz azərbaycanlıların hamısının cavabı “İlham Əliyev” olacaq".
F.Kərimova bəstəkar Cavanşir Quliyevi saytımıza verdiyi açıqlamaya görə qınayanlarla razılaşmayıb. O, Cavanşir Quliyevi müdafiə edib:
“İlham Əliyevə dəstəyini ifadə etdiyinə görə onu tənqid edən şəxslər oldu. Onlara ayıb olsun! Onlar nə vətəni, nə milləti sevəndi, nə də torpaq qədri biləndir. Azərbaycan həmin şəxslər üçün heç nədir. Belə şəxslər vətənsiz, yurdsuz insanlardır. Onlar üçün fərqi yoxdur, harada yaşayır, kimin çörəyini yeyir”.
Xalq artisti Rasim Balayev də növbədənkənar prezident seçkisində İlham Əliyevə səs verəcək. O deyib: "Mən Prezidentimizə alternativ görmürəm. İlham Əliyev bütün fəaliyyəti ilə sübut etdi ki, bizim fəxr etməli olduğumuz, qürur duyduğumuz prezidentdir. İnanıram ki, hamı ona səs verəcək. Təbii ki, mən də səsvermədə iştirak edəcəm və İlham Əliyevə səs verəcəm", - deyə o bildirib.
Diaspor fəalları da İlham Əliyevi dəstəkləyəcəklər. Diasporla İş üzrə Dövlət Komitəsinin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Bir olaq, həmrəy olaq!” adlı videokonfrans zamanı diaspor fəalları Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunmasına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, xalqımızı bayramlar münasibətilə təbrik ediblər. Azərbaycan Bayrağının ölkəmizin bütün şəhər və kəndlərində ucaldılmasına nail olan Prezident İlham Əliyevin xalqımızın şərəfini və qürurunu özünə qaytardığı xüsusilə vurğulanıb. Dövlət başçısını doğum günü münasibətilə təbrik edən soydaşlarımız qeyd ediblər ki, 7 fevral 2024-cü il prezident seçkisində İlham Əliyevi dəstəkləyəcək, bundan sonra da vətənimizin dünyada təbliği, milli maraqlarımızın müdafiəsi, diaspor fəaliyyətinin gücləndirilməsi yolunda daha güclü şəkildə çalışacaqlar.
Bununla da Azərbaycanda prezidentliyə namizədliyi irəli sürülən şəxslərin sayı 10-a çatıb.
MSK 6 şəxsin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. Məlumatda qeyd edilib ki, müzakirələrdən sonra namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Eyni zamanda MSK prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən 6 şəxsin səlahiyyətli nümayəndələrini qeydə alıb. Bildirilir ki, müzakirələrdən sonra namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin səlahiyyətli nümayəndələri qeydə alınıb.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ