İnsanlara hürriyət, millətlərə istiqlal!

1 nömrəli qanuni oğru kor olub

“Şakro Molodoy” martın 28-də azadlığa buraxılacaq    

Rusiyanın başı Moskvaətrafında baş vermiş terror aktına qarışarkən “bir nömrəli” “qanuni oğru” Zaxari Kalaşovun (“Şakro Molodoy”) vəkilləri   məhkəmədə onun şərti azadlığa buraxılmasına nail ola biliblər.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, müxtəlif nəşrlərin jurnalistləri artıq “Şakro Molodoy”un cəza çəkdiyi Ust-Labinsk həbsxanasının qarşısında növbə  çəkirlər.  

Martın 24-də jurnalistlər onu öyrənə biliblər ki, 71 yaşlı “qanuni oğru” görmə qabiliyyətini itirdiyinə görə martın 28-də azadlığa buraxılmasına qərar verilib. Vəkillər məhkəmədə iddia ediblər ki,  “Şakro Molodoy” kor olub və  hakimlər bu  səbəbdən onun şərti azad etmək qərarına gəlib.  

 İddia olunur ki, Kalaşov Rusiya həbsxanalarındakı məhbusların Ukraynaya qarşı müharibəyə cəlb edilməsində aktiv rol oynayıb. Məlumata görə, Kalaşov dustaqların Ukrayna ilə müharibəyə cəlb edilməsində xüsusi xidmət orqanlarına yardım edib. “Vaqner” bölmələrindən birinin keçmiş komandiri Andrey Medvedyev hüquq müdafiəçilərinə bildirib ki, o, İstintaq Komitəsi əməkdaşlarının Krasnodar diyarındakı həbsxanaya gələrək, “Şakro Molodoy”a necə “lüks şərait” təşkil etdiyini görüb. Bu, ondan ötrü olub ki, Kalaşov məhbusların müharibəyə cəlb edilməsini asanlaşdırmaq üçün digər cinayətkar liderlərlə danışıqlar təşkil etsin.

Снимокgh-1.JPG (67 KB)

Onu da əlavə edək ki, Rusiya qanunvericiliyindəki dəyişikliklərə görə, kriminal ierarxiyada yer tutduğu təsdiqlənən istənilən “qanuni oğru”ya qarşı həbs qətimkan tədbiri seçilə və o, uzun müddətə həbsxanaya atıla bilər. Lakin məlum olur ki, Ukrayna müharibəsinə dustaqların cəlb edilməsində göstərdiyi “xidmətlər” Kalaşovu bu məsuliyyətdən və ümumiyyətlə, həbsdən azad edib.

 Yada salaq ki, “qanuni oğru” 2018-ci ildə 9 il 10 ay müddətinə azadlıqdan məhrum olunub. İstintaq materiallarında “Rusiyanın kriminal aləminin lideri” adlandırılır. Kalaşov “qanuni oğru” Aslan Usoyanın (“Ded Xasan”) ölümündən sonra kriminal aləmdə aparıcı mövqe tutub.

2018-ci ildən hədə-qorxu ilə "külli miqdarda pul tələb etmə" ittihamı ilə cəza çəkirdi, 2027-ci ilə qədər həbsdə olmalıydı.

2015-ci ilin dekabrında Moskvada “Elements” restoranının yaxınlığında atışma olub. Məhkəmə sənədlərinə görə, kriminal qruplaşma Şakronun göstərişi ilə restoranın sahibi Janna Kimdən 8 milyon rubl tələb edib. Bundan sonra məsələ ilə əlaqədar cinayət işi açılıb.

2016-cı ildə həbs olunana qədər Zaxari Kalaşov Rusiyada üç dəfə müxtəlif işlər üzrə təqsirli bilinib. Gürcüstan Şakro Molodoyu ekstradisiya etməyə çalışıb. “Qanuni oğru” bu ölkədə qətlə görə qiyabi olaraq 18 il müddətinə azadlıqdan məhrum edilib.

Zaxar  Kalaşov 1953-cü il martın 20-də Tiflisdə anadan olub, məlumata görə, kürd-yezidi əsillidir. Postsovet məkanının kriminal dairələrində Şakro Molodoy ləqəbi ilə tanınır. Üç dəfə məhkum olunub. Kalaşovun fəaliyyətinin Rusiyada mütəşəkkil cinayətkarlıqla əlaqəli olduğu bildirilir. İndiyədək Şakroya qarşı ən azı 10 dəfə sui-qəsd cəhdi edildiyi deyilir.

 Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR