İnsanlara hürriyət, millətlərə istiqlal!

1 milyonluq mənimsəmədə ittiham olunan rəis hakim qarşısında – CİNAYƏT DOSYESİ  

 

Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin və bir neçə hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş Sadiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Musavat.com xəbər verir ki, prosesdə prokuror  təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılmasını, işin baxışa təyin edilməsini istəyib.

 Təqsirləndirilən şəxs və onun müdafiəçi işin məhkəmə baxışına verilməsinə razı olduqlarını deyiblər. Hakimlər cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul ediblər. Maliyyə Nazirliyinin apardığı yoxlamalar zamanı Sadiq Hacıyevin 1.5 milyon manat mənimsədiyi məlum olub . Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, Sadiq Hacıyev Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general Nizami Məmmədov və digərləri barəsində olan 143 milyon manatlıq mənimsəmə ilə bağlı keçirilən məhkəmədə şahid qismində keçir. O, həmin iş üzrə prosesdə dindirilərkən bildirib ki, işlədiyi müddətdə maliyyə hesabatına köçürülən şişirdilmiş məbləğlərin 40 faizini özünə götürüb, 60 faizini isə rəhbərliyə verib. Məhkəmə ifadə verərkən Sadiq Hacıyev qanunsuz tapşırıqları işlədiyi hərbi hissənin tabe olduğu korpusun maliyyə şöbəsinin rəisindən aldığını gizlətməmişdi.

“Mən özbaşına qanunsuzluq etməmişəm. 1 milyondan çox vəsaiti mənimsədiyim iddia olunur. Bu rəqəmlə razı deyiləm. Çünki bu qədər pulu görməmişəm. Maliyyə sənədləri məhv edilib, təəssüf ki, bunu yoxlama aparan şəxslərə sübut edə bilməmişəm. Evini, maşınımı satışa qoymuşam. Hələ ki, satış baş tutmayıb deyə, ziyanı ödəyə bilmirəm”, – deyə bildirmişdi.

Proses martın 18-də davam etdiriləcək.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR